Quba

Quba "Şahdağ"ının rəhbəri: "AFFA-dan heç bir maddi dəstək almamışıq"

Uzun müddətdi böyük futbolsuz qalan Qubada nəhayət bu həsrətə son qoyulub. Belə ki, sözügedən bölgəmiz də bu ildən etibarən böyük futbolda təmsil olunacaq. Özü də köhnə adı ilə. Yəqin ki, stajlı azarkeşlər vaxtilə Qubada "Şahdağ" futbol klubunun fəaliyyət göstərdiyini xatırlayır. Ölkə çempionatında çıxış edən "Şahdağ" fəaliyyətini dayandırandan sonra rayon böyük futbol üzünə həsrət qalmışdı. Ancaq daha Quba futbol ictimaiyyəti də böyük futbolda iştirak edə biləcək. Bu yaxınlarda "Şahdağ" yenidən fəaliyyətə başlayıb. Komanda yeni mövsümdən etibarən Region Liqasında çıxış edəcək, ən qısa zamanda isə Birinci Diviziona yüksəlməyə çalışacaq. Klubun yaradıcısı və rəhbəri isə mətbuat katibi kimi çalışdığı Qusar "Şahdağ"ından yenicə ayrılan və artıq bir müddətdi ki, menecerliklə məşğul olan Xanbaba Daşdıdı.

O yeni yaratdığı və təsis etdiyi klubla bağlı Sport7.az-a açıqlama verib. Xanbaba bəy klubun qarşıdakı məqsədlərindən və planlardan danışıb: "Klubu özüm yaratmışam, sponsorları cəlb etmək və digər işlər mənə məxsusdu. Region Liqasından başlayıb, daha sonra yüksək liqaya çıxmaq üçün çalışacağıq. Region Liqasında çıxış etmək işimizi daha da rahatlaşdırır. Bu mövsüm ərzində özümüzü daha da inkişaf etdirmək istəyirik. Hələ ki, adını açıqlamaq istəmədiyim bir insan, hamımızın sevimlisi də, ən böyük dəstəkçimiz olacaq".

Sabiq həmkarımız komandanın şəraiti haqda bunları bildirib: "Biz təkcə Quba yox, şimal bölgəsi üçün uğurlu olacaq bir işə əl qoymuşuq. Məşq üçün planda 2-3 qəsəbə və kənd stadionu var. Məşqlər üçün Nügədi, Tmiryazev qəsəbələrinin və digər kəndlərin stadionlarından yararlanacağıq. Artıq bu qəsəbələrin İcra nümayəndələrindın razılıq almışam.  Ev oyunlarına gəlincə, Qubada AFFA-nın tələbinə uyğun stadionlar var, orda oyunlarımızı keçirə bilərik. Quba Olimpiya İdman Komleksinin stadionu təmirə bağlanıb. 2020-ci ilin may ayında istifadəyə veriləcək. Növbəti mövsüm üçün heç bir problemimiz qalmayacaq. Bizə yaxın Siyəzən şəhər stadionu da var. Bəzi oyunlarımızı orada da keçirə bilərik".

O, komandanın heyəti və baş məşqçi məsələsi nə də toxunub: "Baş məşqçi axtarışındayıq. İşində peşəkar, ölkə futbolu üçün məşhur simalardan biri olacaq. Transfer çalışmalarına məşqçinin gəlişindən sonda start verəcəyik. Artıq 3-4 təcrübəli oyunçu ilə prinsip anlaşmamız var. Rəsmi olmadığı üçün adlarını açıqlamayım. Heyətdə premyer liqa təcrübəli oyunçuların sayı çox olacaq. Qubadan da danışıqlar apardığımız, yerli, təcrübəli oyunçular var. Təəssüf ki, bir neçə ildi Quba peşəkar futboldan uzaqdı, təcrübəli oyunçular da öz formalarını itirməyə doğru gedir. Heyətdə ən az 3-4 qubalı oyunçunun yer almasına çalışacağıq. Buna məşqçi qərar verəcək. Seleksiya məşqlərindən uğurla keçəcək oyunçulara qapımız açıqdı. Qubadan və kəndlərdən istedadları oyunçuları cəlb edəcəyik. Təəssüf ki, Region liqasında legioner qadağası var. Qismət olsa Birinci Divizionda və Premyer Liqada oynayanda heyətə legionerlər cəlb edəcəyik. Ölkədə razılaşa biləcəyimiz məşqçi olmasa, real vəziyyətə görə xarici mütəxəssis haqqında düşünə bilərik".

Klub rəhbəri xarici ölkələrin təmsilçiləri ilə əməkdaşlıq etmək niyyətində olduqlarını da açıqladı: "Xaricdən söz düşmüşkən, Türkiyənin PTT liqasından və Superliqadan 4-5 klubla əməkdaşlıq edəcəyik. Önümüzdəki aylarda rəsmi görüşlərimiz baş tutacaq. Türkiyədə, əməkdaşlıq müqaviləsi bağlanacaq. Bu əməkdaşlığın əsas səbəbi Azərbaycanlı oyunçuları ölkə xaricinə göndərməkdə köməklik etməkdi. Türkiyə ilə yanaşı, İngiltərə, Fransa, İtaliya, İspaniya və qonşu Rusiyanın 2-ci liqa klubları ilə də əməkdaşlıq edəcəyik. Artıq indidən rəsmi səfərlər də planlaşdırmışıq".

Xanbaba bəy, "Sponsorluq üçün hansı şirkətlə anlaşmısız və AFFA-dan dəstək alacaqsızmı?" sualına belə cavab verdi: "Sponsorluq üçün razılıq əldə etdiyimiz şirkətin adını indidən deyə bilmərik. Yerli iş adamlarıdı, titul sponsorunun adına yaxın günlərdə aydınlıq gələcək. Qubadan 2-3 şirkət və otellərlə də əməkdaşlıq edəcəyik. AFFA-dan heç bir maddi dəstək almamışıq. Yaxın günlər ərzində də AFFA-nın baş katibi Elxan Məmmədovla görüşlər planlaşdırmışıq. Onun bizə dəstək olacağına inanırıq. Maddi problemimiz yoxdu".

"Şahdağ"ın təsisçisi sonda bunları söylədi: "İşlər qaydasında getsə, növbəti mövsümdən Birinci Divizonda iştirak etmək istəyirik. Məncə bank təminatı, stadion və digər əsasnamə şərtlərini yerinə yetirə bilərik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR