"Red Bull"dakı işi, Naqelsman, MY ehtimalı və "Laypsiq"in hədəfləri barədə... - Ranqniklə 1v1 söhbət

"Red Bull" şirkətində İdman və İnkişaf departamentinin rəhbəri postunu tutan Ralf Ranqnik "Sky Sport"a verdiyi müsahibədə vəzifəsi, məşqçiliyə geridönüşü və İngiltərədə işləmək ehtimalı barədə danışıb.
 


25 mayda Ranqnik "Laypsiq"lə sağollaşdı. Kluba titul qazandıraraq vidalaşmaq istəsə də, bu, elə arzu olaraq da qaldı. Ranqnikin komandası Almaniya kubokunun finalında "Bavariya"ya 0-3 hesabı ilə məğlub oldu.

Ranqnik onu əvəz edənlər - Yulian Naqelsman (baş məşqçi) və Markus Kröşe (idman direktoru) üçün intizamlı bir klub qoyub getdi. O gündən bəri 61 yaşlı mütəxəssis çox dəyişib.

Ralf Ranqnik "Red Bull"dakı rolu haqqında:

"7 il əvvəl burada işə başlamışam. İlk 3 ilimdə eyni vaxtda iki klubda idman direktoru postunu tuturdum, amma 2015-ci ildə bütün diqqətimi "Laypsiq"ə yönəltmək qərarına gəldim. Çünki 2-ci Bundesliqada mübarizə aparırdıq və Bundesliqaya çox yaxınlaşmışdıq. Həmçinin eyni periodda iki klubda idman direktoru kimi çalışmaq istər-istəməz onları bir-birinə bağlayırdı. Biz isə klublar arasında asılılıq olmasını istəmirdik. Elə bu səbəbdən də vaxtımı "Laypsiq"ə ayırmağa başladım".

İstedadlı futbolçuları tapmaq və onları inkişaf etdirməyin sirri barədə:

"Təbii ki, ilk olaraq Skautinq departamentinin keyfiyyəti önəmli rol oynayır. Bəzi futbolçuları öyrətdiyimiz kimi, doğru skautları da tapıb inkişaf etdirməliyik. Təməldə bizim oyun sistemimiz dayanır. Hər mövqe üzrə bizə uyğun və transfer edə biləcəyimiz ən yaxşı oyunçunu tapmalıyıq. Hər pozisiya üçün tələblərimiz mövcuddu. Skautlar idman direktoru ilə birlikdə oyunçuları tapmalı və yekunda ən yaxşı qərarları qəbul etməlidilər. Digər bir məsələ isə zəka ilə bağlıdı. Ən yaxşı oyunçuya sahib olmaq da zehninizin məhsuludu. Məncə, zəka şəxsiyyətin istedadıdı. Zəkalı olmağı bacarsan, uğurlu da ola bilərsən".

"Laypsiq"in yeni baş məşqçisi eyni fəlsəfəni davam etdirməlidimi?

"O, bənzər futbol fəlsəfəsinə/bənzər oyun yanaşmasına sahib olduğunu əvvəlki komandasında göstərməli idi. Biz hansısa məşqçinin gəlib, tərzinin uyğun olub-olmadığını göstərməyini gözləyə bilmərik. O, bunu əvvəlcədən nümayiş etdirməlidi".
 


Ranqnikin köhnə "kəşf"ləri - Keyta, Firmino, Mane və Matip hazırda "Liverpul"da Yürqen Kloppun rəhbərliyi altında oynayırlar. Bu barədə:

"Bu, qətiyyən təsadüf deyil. Onların dördü də əvvəl mənimlə işləyiblər. Klopp da bizim kimi, bənzər xüsusiyyətlərə malik, bənzər tərzə uyğun futbolçuların axtarışındadı. Yəqin ki, Avropanın top klublarında çalışan məşqçilər arasında sabiq oyunçularıma ən çox şans verən mütəxəssis elə Yürqendi".

Yulian Naqelsmanın təyinatı və öhdəlikləri haqda:

"Naqelsmanı "Hoffenhaym"da işlədiyim vaxtlardan tanıyıram. Onda o, U-16 komandasında məşqçi idi. Həmçinin Marko Roze ilə birlikdə "Zalsburq"da işləmişəm. Yulianı 22-23 yaşlarından tanıyırdım. Ralf Hazenhüttl "Laypsiq"i tərk edəndən sonra gələcək üçün strategiyamızı müəyyənləşdirməli idik. Biz, həqiqətən də, Naqelsmanı gətirməyi çox istəyirdik və sonradan onunla daha 1 il gözləmək barədə razılaşdıq. Oyunçuların hər birini tanıyırdım, çünki onları komandaya mən gətirmişdim. Bu seçim mənim üçün riskli sayılsa da, "Laypsiq" üçün ən yaxşı həll yolu idi".
 


Məşqçiliyə qayıdışı barədə:

"Karyeramın böyük hissəsində baş məşqçi olmuşam və geriyə dönüb baxanda uğurlu olduğumu deyə bilərəm. Komandanın inkişafı ilə məşğul olmaq və ya idarəetmədə iştirak etmək - hər ikisi ilə də məşğul olmaq istərdim, amma bu, klubdan asılıdı. Hazırda gördüyüm işdən məmnunam. Klubun inkişafında, komandaya yeni oyunçuların cəlbi və inkişafı prosesində mənə yenidən ehtiyac yaranarsa, kömək etməyə hazıram - təbii ki, heç bir maddi qarşılıq gözləmədən".

İngiltərədəki iş imkanları:

"Almaniya - özümü təqdim etməkdə, işləməkdə çətinlik çəkməyəcəyim bir ölkədi. Çünki dil problemi ilə üzləşməyəcəm. İş yerimi müəyyənləşərkən dil məsələsini mütləq nəzərə alıram. Bu, mənim üçün vacibdi. Bu mənada yığma komandaları istisna kimi qeyd edə bilərəm, amma top-5 liqalardan birində işləyirsinizsə, dil probleminiz olmamalıdı. Almaniya və İngiltərədə çalışmaq mənim üçün problem olmaz, amma digər ölkələrdə məşqçilik etmək üçün ilk növbədə dil bacarıqlarımı inkişaf etdirməliyəm. Gənclik illərimdə İngiltərədə təhsil aldığımdan, heç bir dil problemi ilə qarşılaşmadan orada birbaşa işə başlaya bilərəm".

Adının "Mançester Yunayted"lə birlikdə hallanması barədə:

"Bunlar sadəcə şayiələr idi. "Yunayted"lə heç vaxt danışıqlar aparmamışam. Futbolda belə spekulyasiyaların olması normaldı. Bəzi alman klublarından təkliflər var idi, amma dediyim kimi, hazırda "Red Bull"dakı işimdən məmnunam".

İngiltərə futbolunda çalışmağa can atırmı?

"7,5 ildi "Red Bull"da çalışıram və əməkdaşlığımız uğurludu. Son illərdə "Laypsiq"də möhtəşəm uğurlara imza atmışıq, amma gələcəkdə nələrin baş verəcəyini heç kim təxmin edə bilməz. Doğru zamanda doğru klubdan təklif gəlsə, dəyərləndirə bilərəm. Lakin bu baş verməsə belə, yenə də xoşbəxt və həyatımdan razı şəkildə yoluma davam edəcəm".

Ranqnik İngiltərə millisinin baş məşqçi postuna namizəd olsa da, sonda təyinat baş tutmayıb:

"Mənə zəng etdilər və müsahibəyə dəvət etdilər. Təbii ki, ilk növbədə bossumdan, "Red Bull"un prezidentdən icazə almalı idim. Şirkət müsahibədə iştirakıma razılıq vermişdi. Yekunda Sem Ellardaysla mənim aramda seçim etməli idilər və cavabdeh şəxslər ingilis məşqçiyə üstünlük verdilər. Mənə görə, bu, olduqca normal qərardı".
 


1,5 il sonra Ranqnikin "Red Bull"la olan müqaviləsi başa çatacaq. Alman çalışdırıcının gələcəklə bağlı düşüncələri:

"Hoffenhaym"dakı 6, "Red Bull"dakı 8 ilim kifayət qədər uğurlu alındı. Hər iki klubda həm komandanı formalaşdıran şəxs, həm də baş məşqçi idim. Başqa bir yerdə də eyni imkanları yaratsalar və klubu inkişaf etdirmək üçün bənzər səlahiyyətlər verilsə, yəqin ki, proseslər eyni senari üzrə cərəyan edər. Sadəcə məşqçi və ya sadəcə idman direktoru kimi çalışmaq komandanın məndən maksimum 50% fayda alması deməkdi".
 


"Laypsiq"in titul hədəfləri haqda:

"3 il ərzində iki dəfə Çempionlar Liqasına, 1 dəfə isə Avropa Liqasına vəsiqə qazanmışıq. Avrokuboklarda bundan artığını etmək çətindi. Bu mövsüm də Çempionlar Liqasına vəsiqə qazansaq, 4 il ərzində üçüncü dəfə ÇL-də çıxış edəcəyik. Amma bir də deyəcəm: önəmli olan vitrindəki titullardı və bu il titul qazanmaq imkanımız yaransa, bunu reallaşdırmağa çalışacağıq".



OXŞAR XƏBƏRLƏR