Rauf Əliyev: "Qəbələ"də milli səviyyəsində çox oyunçu var"

Rauf Əliyev:
"Açığı, çempionluğa oynayan "Neftçi"dən bir xal almaq yaxşı nəticədir. Həm də o mənada ki, "Səbail"ə daha da yaxınlaşdıq. Artıq aramızda 2 xal var. Ona görə də bu nəticəni qənaətbəxş sayıram".

Sport7.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Rauf Əliyev səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 21-ci tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 30 yaşlı hücumçu bildirib ki, qələbəyə yorğunluq amili mane olub: "Bu gün daha çox əks-hücumda oynayırdıq. Ona görə də son dəqiqələrdə yorğunluq özünü göstərdi. Həmin vaxt daha dəqiq oynasaydıq, "Neftçi"ni əks-hücumlarda yaxalaya bilərdik. Ümumilikdə, nəticənin ədalətli olduğunu hesab edirəm".

Əliyevin "Neftçi"ni büdrətməklə "Qarabağ"a kömək etdiklərinə dair fikirlərə münasibəti isə belə olub: "Bu gün nə "Neftçi"yə, nə də "Qarabağ"a kömək etmək fikrimiz var. Biz öz oyunumuzu sərgiləyirik. Bu gün çıxıb xalımızı aldıq. Əsas məqsədimiz "Səbail"i keçməkdir".

Təcrübəli forvard Xorvatiyaya 2020-ci il Avropa çempionatının seçmə qrup oyunu və Litva ilə yoldaşlıq görüşü üçün Azərbaycan millisinə "Qəbələ"dən heç bir futbolçunun dəvət almamasına da reaksiya verib: "Bu, elə məsələdir ki, heç kim bir söz deyə bilmir. Baş məşqçi Nikola Yurçeviç belə qərar verib. Yəqin ki, "Qəbələ"dən heç kim onu qane etməyib. Əlbəttə, "Qəbələ"də milli komanda səviyyəsində çoxlu oyunçu var. Ola bilsin, gələcəkdə bizim klubun oyunçuları da yığmada yer alacaq".

Xorvatiya ilə oyun martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə qarşılaşma martın 25-də "Bakcell Arena"da olacaq. (report.az)
 
Sport7.az

Xəbər lenti