"Rəqibsiz olmaq və uzun müddət təkbaşına dominantlıq etmək istəyərdim" - Federerlə təyyarədə söhbət

Federer şəxsi təyyarəsində Saymon Kuperlə söhbətləşib və son həftələrin ən gözəl işlərindən biri ərsəyə gəlib. İllərini elit atletlərlə reportajlara ayıran biri, qarşısında isə tipik müsahib olmayanda standartların üzərindən xətt çəkərək başqa səviyyəyə keçid edirlər.
 


"Uimbldon" ərəfəsində oxumağa dəyər material olduğunu düşündüyümdən, əsasən Federerin cavablarını bir araya gətirdim:

Tennis akademiyasına getmək üçün evdən uzaqlaşdığı yeniyetmə illəri barədə:

"Evdən uzaq olanda ağlayardım. Hər bazar günü saat 6-da qatara minəndə özümü bərbad hiss edirdim. Ancaq bu, mənim seçimim idi. Düzdü, uşaqlığını qurban verirsən, ancaq əlimdə imkan olsa, yenə eynisini edərdim.

Düşünürdüm ki, bir gün turnirlərin qalibi olacam, top-100-ə düşəcəm, kim bilir, bəlkə də, TV-də gördüyüm adamlardan birinə qarşı oynamaq imkanım olacaq. Səhv yadımda deyilsə, 18 yaşım olanda artıq "ilk 100-lük"də idim. Onda öz-özünə deyirsən: "Həqiqətən də turdayam. Andre Aqassi və Pit Samprasla eyni paltardərişmə otağını bölüşürəm. Allahım, bundan daha gözəl nə ola bilər ki?"
 


İdmandakı uğurların bərabərində gətirdiyi şöhrət amili haqda:

"Qırmızı xalçalar, önəmli adamlarla görüşlər, qadınlarla danışmaq/qadınlarla münasibətləri tənzimləmək, həyatımdakı yeri bəlli olmayan insanlarla danışmaq... - çətin idi. Utancaq biri idim. Düşünürəm ki, tennis bu mənada məni formalaşdırdı və mənə yardımçı oldu".

Kuper Messi və onun arasında müəyyən paralellər aparmağa çalışanda Federerin cavabı:

"Messi ilə bağlı ən çox sevdiyim şey topu qəbul edəndə asanlıqla bədənini qapıya tərəfə çevirə bilməsidi. Önündə tam mənzərə açılır. Ondan sonra pas verə bilər, driblinq opsiyası var və ya zərbə vurmaq imkanı mövcuddu. Messi üçün həmişə üç variant var. Bu üstünlüyə sahib çox az adam var".

Müəyyən bir perioddan sonra turnir seçməsi, hər turnirə qatılmaması haqda:

"Hamı kimi, 30 yaşına kimi yüksək səviyyədə oynamağı da planlaşdıra bilərsən. Ancaq mən həmişə müxtəlif generasiyalarla kortu paylaşmağın əyləncəli olduğunu düşünmüşəm. Çünki bizim generasiyalar 10-15 illik periodu əhatə etmir. Hər 5 ildən bir yeni isimlər ortaya çıxır. Mənim generasiyam, sonra Rafael, Novak və Endi. İndi növbəti nəsil tennisçilər gəlir. Mən həmişə bu təcrübəni yaşamaq və - bəlkə də, axmaqca səslənəcək - gənclərə mənim kimi qoca biri ilə oynamaq şansı tanımaq istəmişəm".

Nadal, Cokoviç və Mörrey kimi tennisçilərlə rəqabəti barədə. Görəsən, Federer təkbaşına uzun illər dominantlıq etmək istəyərdimi?

"Təbii ki, müzakirəsiz üstünlüyə sahib olmaq pis olmazdı. Rəqibsiz olmaq və uzun müddət təkbaşına dominantlıq etmək istəyərdim. Rafa və digərlərinə alışmağım zamanımı aldı. Ancaq bir nöqtədən sonra gördüyü işin (Rafanı nəzərdə tutur) qarşısında şapka çıxardırsan və etiraf edirsən: "Sən çox yaxşısan". Zirvədə yalnız olmağın mümkünsüzlüyünü dərk etdikdən sonra bundan zövq almağa başladım. Rəqiblərə ehtiyac var. Daha yaxşı oyunçu olmağıma kömək etdikləri üçün onlara təşəkkür edirəm".

Professional tennisdə yeni olan isimlərə qarşı münasibəti barədə:

"Hə, turda yeni olan isimlər paltardəyişmə otağına daxil olanda onlarla salamlaşıram. Bəzən birlikdə məşq etməyi təklif edirəm. Məşq zamanı isə söhbət edə bilərsiniz: "Necə gedir?; Qardaşın və ya bacın var?; Tennisdəki qəhrəmanın kim olub?"

Kuper burada onun sözünü kəsir: "Onların qəhrəmanı elə sən olmusan". Federer davam edir: "Yox, hamısının deməzdim. Bəzən elə deyənlər də olur. Onda utanıram, xüsusilə də ilk səfərlərdə çox utanırdım".
 


Ailə məsələlərini necə tənzimləyir?

"Sanki əlimdə iki saat var: biri özüm, biri isə ailəm üçündü. Çünki onların qrafikini detalına kimi bilirəm. Məsələn, yatağa nə vaxt getdiklərindən xəbərdaram. Bilirəm ki, oyundan 45 dəqiqə əvvəl "FaceTime" vasitəsilə onlarla danışmalıyam, sonra yuxuya getməlidilər. Olur ki, oyundan və ya turnirdən qayıdıram, udduğum olur, bəzən uduzuram, uşaqlar üçün isə fərqi yoxdu, məni görən kimi başlayırlar : "Leqo oynayaq?" Razılaşıram. Birlikdə oynayırıq. O an ağlımdan öz oyunum keçir, bununla belə, bütün diqqətimi oğluma ayırmağa çalışıram. Uşaq olanda heç vaxt bir gün "Uimbldon"u qazanacağımı və ardınca evə gedib, uşaqlarımla oynayan biri olacağımı təsəvvür etməmişdim. Odu ki, hələ də bunlar mənə bir az qeyri-real görünür".

Son olaraq, tennis karyerasını bitirəndən sonra ən çox nəyin yoxluğunu çəkəcək?

"Bir gün tennislə vidalaşanda, məncə, digər ailəm üçün darıxacam. Oyunçuları nəzərdə tuturam. Düşünürəm ki, ən çətini bu olacaq. Yolun sonuna çatanda bir sual səni maraqlandırır: görəsən, onlardan hansıları ilə əlaqədə olacaqsan? Onda başa düşürsən ki, turdakı həqiqi dostlarının sayı elə də çox deyil".

Saymon soruşur: "Onlar kimdi?" Cavab özünü çox gözlətmir: "Rafa (Nadal) ilə əlaqə saxlayacağımızı düşünürəm".
 



Sport7.az

OXŞAR XƏBƏRLƏR