Rəşad Sadıqov:

Rəşad Sadıqov: "Olimpiadanı unutmaq olar, ancaq "İnter"lə Avroliqa oyununu.." - MÜSAHİBƏ

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Premyer Liqanın XVII turunda "Xəzər Lənkəran" üzərindəki qələbədən (3:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mərkəz müdafiəçisi Lənkərana ezam olunmuş Sport7.az saytının suallarını da cavabsız qoymayıb.

- Qarşılaşma haqda fikirlərini öyrənək...
- Hər iki komanda əzmkar oyun göstərdi. Komandaların hər ikisi qələbəyə layiq idi. Açıq futbol getdi. Bu gün azarkeşlər oyundan sıxılmadı. Heç kim stadiona gəlməyinə peşman olmadı. Rəqib qələbə qazana, görüş də bərabər bitə bilərdi. Sıx qrafiklə oyunlardan, yol yorğunluğundan sonra sevinirik ki, qalib gələn biz olduq. Çox vacib qələbə qazandıq. Uşaqlar əzmkarlıq göstərdi. Bütün komandaya minnətdəram. Xüsusi ilə ikinci qolda mənim səhvim var idi. Bu səhvə görə çox pis olmuşdum. Fikirləşirdim ki, 1:1 də bizim üçün pis nəticə deyil. Amma çox sagolsun uşaqlar, iradə göstərib qalib gəldik. Səfərdə çox vacib 3 xal qazandıq.

- Avropa Liqasının qrup mərhələsinin "İnter”lə Bakıda keçirilən oyununda "Qarabağ”a edilən haqsızlığı unutmaq asandırmı?
- Əslində çox çətindir. Amma biz əlimizdən gələni edirik ki, maksimum səviyyədə hər şeyi unudub gələcəyə doğru baxaq. Çünki başqa çıxış yolumuz da yoxdur. Azarkeşlərimizə də demək istəyirəm ki, artıq bunu unutsunlar və birlikdə uğur əldə etmək üçün çalışaq. Bu bir hakim səhvi idi ki, biz üzləşdik. Olimpiada 4 ildən bir keçirilir. Onu unutmaq olur. Amma hər il avrokubok mövsümü keçirilir və Avropaya yol bu çempionatdan keçir. Ona görə də mümkün qədər bunu unudub bütün diqqətimizi çempionata yönəltməliyik.

- Dövlət başçısı ilə görüşünüz və dəstək almanız sizin oyunlara yaxşı motivasiya olmaq baxımından kömək oldumu?
- Bəli, bu, komandanın "İnter”lə oyunda uğradığı haqsızlıqdan sonra motivasiya olmasında böyük rol oynadı. Dövlət başçısı ilə görüşdən sonra komandamız sanki özünü böyük bir qələbə qazanmış kimi hiss edirdi. Artıq futbolçularımız meydanda "Qəbələ” ilə oyundakı kimi deyildi. Lənkəranda fərqli idik.

- "Qarabağ”ın qazandığı uğurlar Azərbaycan futbolundakı dəyişikliklərdən xəbər verirmi?
- Bü gün ümumiyyətlə Azərbaycan futbolunda  inkişaf var və böyük işlər görülür. Bütün bunların səbəbi bizə göstərilən qayğının nəticəsidir. Biz də qazandığımız uğurlarla onların etibarını doğrultmaq istəyirik. Bəzən bu ustalığımızın aşağı olması səbəbindən alınmır. Şəxsən mən 16 yaşımadək asfaltda futbol oynamışam. Azərbaycan futbolunda dəyişiklilkər çoxdur. Artıq uşaq futboluna da böyük diqqət göstərilir, xaricdən mütəxəssislər cəlb olunur. Bizim qazandığımız uğurlar da bu yeniliklərin nəticəsidir. Bu, təkcə "Qarabağ”ın yox, bütün Azərbaycan futbolunun uğurudur. Qələbələrimizlə azarkeşləri sevindirmək bizi həqiqətən xoşbəxt edir. Bəzən deyirlər ki, futbolçular maddiyyatı fikirləşir. Amma azarkeşlərin etimadını qırmamalıyıq. Görürsünüz, artıq hamı "Qarabağ"dan danışır. Bizim üçün bundan böyük sevinc ola bilməz. Çox istərdik ki, bundan da böyük uğurlarımız olsun. 1 yox, 2 klubumuz Avroliqada oynasın.

- "Qarabağ" bəlkə də 1/16 finala çıxsaydı, bütün dünyada belə tanınmayacaqdı. Amma hakim səhvinə görə daha çox tanımağa başladılar. Ermənistandan tutmuş Braziliyayadək sizin hakim haqsızlığına uğradığınızı yazdılar. Belə yerdə "hər zərərdə bir xeyir var" deyimi ilə razılaşırsan?
- Təbii ki. Hakimlikdən qətiyyən danışmaq istəmirəm. Bizim də xeyrimizə hakim səhvləri bəzən olur. Neyləmək olar ki? Hakim o anda belə gördü. Allah bilən məsləhətdir. Məsləhət belə imiş.

- "İnter"lə oyundan sonra demişdiniz ki, daha Avroliqanın qrupunda oynaya bilməyəcəksiniz. Bu, o deməkdir ki, karyeranızı artıq başa vurursunuz?
- Hələ neçə il daha oynayacağıma qərar verməmişəm. Bu, oynayacağım futboldan asılıdır. Ola bilsin ki, mən bir daha qrup mərhələsində oynamayım. Doğrudan da belə şey ola bilər. Mən 2 il ardıcıl "Neftçi" ilə I olanda fikirləşirdim ki, həmişə çempion olacağam. Amma bir də 8 il sonra "Qarabağ"la çempion kubokunu qaldırdım. Bu da onun kimi bir şeydir. Hər şey ola bilər.  

- Heyətlə bağlı nə düşünürsən?
- Əsas istədiyimiz odur ki, zədəlilərimiz qayıtsın və bizə kömək edə bilsin. Başqa heç bir mövqedə yeni futbolçuya ehtiyacımız yoxdur.

- Səncə, "Qarabağ”ın əcnəbi futbolçularsız qazandığı qələbələrdən sonra demək olarmı ki, komanda tək Reynaldo, Çumbinyo və Danilo Diasdan ibarət deyil?
- Bunu artıq "Qarabağ” dəfələrlə sübut edib. Biz hər zaman komanda şəklində futbol oynayırıq. Hər an zədələnən futbolçunu layiqli əvəz edəcək oyunçularımız  var. Məşqçilərimiz də komandada belə halların davamlılığı üçün əlindən gələni edir. Ona görə də futbolçulardan kimsə zədələnəndə heç kim demir ki, niyə belə oldu. Hamı deyir ki, xeyirlisi. Biz oyunumuzu bir-iki nəfərin üzərində qurmuruq. Belə olsa, rəqib bizi tez zərərsizləşdirər. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR