Rəsul Çunayev qələbəni xalqımıza həsr etdi

Rəsul Çunayev qələbəni xalqımıza həsr etdi

"Həm əsgər, həm də bir idmançı kimi qızıl medal qazanmağımla qürur duyuram".

Sport7.az xəbər verir ki, bu sözləri I Avropa Oyunlarının qalibi Rəsul Çunayev deyib: "Ötən dünya çempionatına gedərkən bir ayın əsgəri idim. Hazırda isə hərbi xidməti başa vurmağıma bir ay qalıb. Qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də bir idmançı kimi qızıl medal qazandırdım. Cənab prezident başda olmaqla, bu qələbəmi Azərbaycan xalqına həsr edirəm”.

I  Avropa Oyunlarında 71 kq çəki dərəcəsində mübarizə aparan Çunayev qızıl medal uğrunda görüşdə Macarıstan təmsilçisi Balint Korpas üzərində qələbə qazanıb. 

O bildirib ki, macar güləşçi ilə görüş onun üçün revanş xarakteri daşıyıb: "Final görüşüm macar idmançı ilə idi. Macar idmançı ilə indiyə qədər 4 dəfə qarşılaşmışdım. İki dəfə mən qalib gəlmişdim, iki dəfə də o. Sonuncu dəfə məni Bakıda məğlub etmişdi. Bu, mənim üçün revanş oldu. Macar idmançıdan ilk hissədə 4 xal aldım və müdafiəyə çəkildim. Çünki yarış öncəsi xəstələnmişdim. Nəfəsim çatmırdı. Vətənimizdə qızıl medalı başqa ölkəyə göndərmək fikrində deyildim”.

Çunayev qələbəsində əməyi olan hər kəsə öz təşəkkürünü çatdırıb: "Qələbəmdə əməyi olan bütün insanlara, başda dövlət başçısı İlham Əliyev olmaqla, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, "Neftçi” İdman Klubuna öz təşəkkürümü bildirirəm”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR