Robert Prosineçki:

Robert Prosineçki: "Bu cür düşünmək mənim mentalitetimə ziddir"

AÇ 2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Bolqarıstanla qarşılaşacaq. Sport7.az xəbər verir ki, qarşılaşmadan bir gün öncə təşkil olunan mətbuat konfransında iştirak edən seçməmizin baş məşqçisi Robert Prosineçki Sofiyada keçiriləcək oyunla bağlı media nümayəndələrinin suallarını cavablayıb.

Bolqar həmkarlarımızın da maraq göstərdiyi mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki kifayət qədər sakit görünürdü. İtaliya ilə oyundakı yenilgini unutmağa çalışdırdıqlarını bildirən xorvatiyalı mütəxəssis Sofiyaya qələbə dalıyca gəldiklərini gizlətmədi: "Bütün komanda oyuna ciddi hazırlaşıb. İstəyirik ki, yaxşı oyun sərgiləyək və bizi sevindirən nəticə qazanaq. Bolqarıstanın Xorvatiya ilə oyununu izləmişəm. Bilirəm ki, sürətli futbolçuları var. Xüsusən də, gənc futbolçular müdafiədən hücuma sürətlə keçirlər. Hücumda çoxalmağı bacarırlar. Əlimizdən gələni edəcik ki, Sofiyadan yaxşı nəticəylə qayıdaq”.

- Adətən heyəti açıqlayırsız.
- Bəli, bu gün də belə edəcəm. Son oyunla müqayisə heyətdə üç dəyişiklik olacaq: Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov, Ruslan Qurbanov, Elnur Cəfərov. Amma bütün kartları açmaq fikrində deyiləm.

- Bolqar azarkeşlər oyuna maraq göstərmir. Bu gün cəmi 17 bilet satılıb. Bizə xeyri dəyə bilərmi?
- Futbol hər zaman azarkeşlər üçün oynanınır. Azarkeş oyuna baxıb həzz almalıdı. Təəssüflənirəm belə halla üzləşdiyimizə görə. Ümid edirəm ki, azarkeşlər sabah meydanda olacaqlar.

- Petevin karyerası üçün sabah vacib oyundu. Artıq xorvatlar bizimlə oyundan sonra Kovaçı yola salıblar. Necə düşünürsüz, eyni aqibət onu da gözləyə bilərmi?
- Bu cür düşünmək mənim mentalitetimə ziddir. Heç bir məşqçini işindən ayrılmasını arzulamıram. Futbolda hər bir nəticə var. Mən də o prinsiplə yanaşıram. Amma kiminsə istefası üçün qələbə qazanmağı arzulamıram. Ümid edirəm ki, Petev sabahkı nəticədən asılı olmayaraq işinə davam edəcək. Onun böyük dəyişikliklər üçün elə də çox vaxtı olmadı. Sabah biz qələbə qazanaq, daha sonra Petev komandasını dünya çempionatının seçmə mərhələsinə hazırlasın.

- Rahidin oyununa "Xəzər Lənkəran”ın problemləri təsir edə bilərmi?
- Problemdən xəbərdaram. Bir-neçə dəfə Rahidlə bu haqda danışmışam. Mən millinin məşqçisiyəm. Mənim üçün fərqi yoxdu Rahid "Xəzər Lənkəran”da, yaxud "Sumqayıt”da oynayır. Çox istərdim ki, Rahidin klub karyerası da uğurlu olsun. Nə qədər ki, mən millinin baş məşqçisiyəm ona inanmağa davam edəcəm və o da hər zaman millidə əlindən gələnin ən yaxşısını ortaya qoymağa çalışacaq.

AMAL ABUŞOV, SOFİYA

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR