"Rüşvət olan yerdə Aslan Kərimovun qolu ola bilməz" - MÜSAHİBƏ

"Neftçi" azarkeşi kimi tanıdığım Mehdi İbrahimovdan müsahibə almaq istədim.
 
Əslində niyyətim ölkə çempionatı və "Neftçi" barədə danışmaq idi. Lakin onunla söhbət əsnasında diqqətimi çəkən daha maraqlı mövzular ortaya çıxdı. Artıq məşqçi kimi fəaliyyət göstərən Mehdi uşaq futbolu və AFFA-da təşkil olunan məşqçilik kursları ilə bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirdi...

- Səni "Neftçi" azarkeşi olaraq tanımışam. Futbol sevdan nə vaxtdan yaranıb? Niyə məhz "Neftçi"?
- Uşaqlıq illərində ancaq "Neftçi" görmüşəm. Daha doğrusu ən çox "Neftçi"nin oyunlarına baxırdım. Özümü qatı azarkeş kimi görmürəm. Sadəcə siravi bir azarkeş. Futbol sevdam isə elə uşaqlıq illərindən məhəllədə oynayaraq yaranıb. 
 


- Sevimli komandanın yaxşı, pis günlərini necə xatırlayırsan?
- Yaxşı illərimiz çox olub. 2-3 mövsüm isə pis günlər keçirtdik. O zaman da stadionlara gedirdik. "Anderlext"ə böyükhesabla uduzduğumuz oyun yadıma düşdü. Ev oyununda demək olar ki, stadionun yarıdan çoxu dolmuşdu. Yəni, "Neftçi" uduzsa belə sevilən, maraq doğuran klub olub. 

Sadıq Sadıqov dönəmində yenə komandada canlanma oldu. Ardınca Böyükağa Hacıyevin gəlişi və Avropa Liqasında tarix yazmaq daha da maraq yaratdı. Həmin illər iki mövsüm bütün ev və səfər oyunlarına getmişəm. Tələbə vaxtlarım idi. (gülür)...

- Bir ara səni mətbuatda da görürdüm. Nə əcəb buraxdın?
- Elə tələbəllik illərim idi. Öz xərclərimi qarşılamaq üçün, həm də futboldan uzaq qalmamaq üçün bu sahəyə baş vurdum. "Neftçi"nin azarkeş qrupundan Ceyhun Əzizli onların media işlərinə baxmağımı təklif etdi. Daha sonra "Fanat.az" saytında Əli Sahib sayt üçün fotoreportajlar hazırlamağımı istədi. Bu iki insana çox şey borcluyam. Mənə illərlə maddi cəhətdən çox köməklik etdilər. Oxumağıma dəstək oldular. Mediada işim bundan ibarət olub. Buna jurnalist fəaliyyəti demək olarsa... Hərdən mənə deyirlər ki, jurnalist gəlib məşqçi olub. (gülür)...

- Bəs indi fəaliyyətin nədən ibarətdir?
- Hazırda uşaq futbol məktəbində məşqçi işləyirəm. Həmçinin məşqçilik kurslarına hazırlaşıram. 
 


- Biraz işlədiyin komanda haqqında məlumat verə bilərsən? Özün futbolçu olmusan, yoxsa kurslar vasitəsi ilə bu işin sirrlərini öyrənmisən?
- 15 yaşıma kimi müxtəlif komandalarda oynamışam. Məşqçiliyə həvəsim çox idi. Futbolu irəli səviyyədə oynaya bilməyəcəyimi bilirdim. Ona görə də daha çox məşqçiliyə yönəlmişdim. İdman akademiyasına daxil oldum. Daha sonra mənim üçün böyük bir şans yarandı və 1 həftəlik Madrid akademiyasına getdim. Bu məni daha da həvəsləndirdi. Elə həmin il AFFA-nın C lisenziyasını oxudum və uğurla keçdim. Beləcə fəaliyyətə başladım. Hazırda isə Təhsil Futbol Məktəbində 10-12 yaşlı uşaqlarla işləyirəm. 

- Madrid səfərin necə baş tutdu?
- Azərbaycanda "Real" Futbol Akademiyası açıldı. Layihə rəhbəri olan mərhum Mirkamil Rəhimovun oğlu Pirəli Rəhimov məni dəvət etdi. Xeyli məşqçi vardı. İspaniyadan dəvət gəldi ki, bir qrup uşaq və  məşqçi gəlsin. Ağlımdan belə keçməzdi ki, o qədər məşqçi içindən məni seçsinlər. Gənc olduğum üçün məni göndərdilər. Bir həftəlik Madrid akademiyasında böyük təcrübə qazandım. 
 


- Azərbaycanda uşaq futbolunun aşağı səviyyədə olması müzakirə mövzusudur. Bu işin içində olan biri olaraq ölkəmizdə uşaq futbolunun fəaliyyətini necə qiymətləndirirsən?
- Çatışmazlıq və şəraitsizlik böyük amildir. Meydança problemləri var. Hətta bəzi komandaların meydançası belə yoxdu, icarəyə götürürlər. Bir digər amil də məşqçilikdi. Fikrimcə, son illər təşkil olunan kurslar sayəsində məşqçilərin biliyi artır. Məsələn, bizim məşq etdiyimiz vaxtlarda məşqçilərin biliyi çox aşağı idi. İndi kurslarda iştirak etdikcə görürük ki, o vaxtlar keçirilən məşqlərin 80 %-i səhv olub. Məncə, bunun təsiri böyükdür. 

- Kurslarda məşqləri kimlər keçir?
- Aslan Kərimov və Osman Rəhimov. İmtahanlarda isə alman mütəxəssis Bernard Lippert iştirak edir. 

- Lippert illərdi Azərbaycandadı. Onun ölkə futboluna nə kimi xeyri dəyib ki?!
- Düzü, o haqda heçnə deyə bilmərəm. Mən onun fəaliyyətini ancaq kursda görmüşəm. O da imtahanlar zamanı. Məşqçi kimi isə nəsə demək çətindir. Yəni, deyək ki, güclü millimiz var idi, Lippert gəldi dağıtdı? (gülür)... Digərləri kimi işlədi, nəsə etməyə çalışdı. 

- Məşqçilik kursları ətrafında bəzən qalmaqallar yaranır. Bilərəkdən kəsilmə, pul alınması tipli söhbətlər yayılır. Belə halların şahidi olmusan? Özünə qarşı haqsızlıq görmüsən?
- İnanın ki, bu mümkün deyil. Kimsə fikirləşə bilər ki, Mehdi kursa gedəcək deyə belə danışır. Amma yox. Mən son B lisenziyası üçün kursdan kəsildim. Bilirəm dediklərim yozulacaq... Ancaq mən əminliklə deyə bilərəm ki, Aslan Kərimov olan yerdə belə hal mümkün deyil. Bilirsiz dərindən düşünəndə, orada kiminsə bilərəkdən kəsilməsinə səbəb yoxdur axı. Nəyə görə kəssinlər? Mən həm C, həm də B kurslarında iştirak etmişəm. Əksinə orada iştirakçıların kursu yaxşı bitirməsi üçün əllərindən gələni edirlər. Kursda 1 həftəlik fasilələr olur. Fasilə zamanı belə gəlib məşqlərimizi izləyib kömək edirlər. Bunun qarşılığında kursdan kəsiləndə özüm onların qarşısında utandım. Limit söhbəti yoxdur ki, deyim 3 nəfər keçməli idi, ona görə məcbur başqasını kəsdilər. Yəni, iştirakçilar hamısı imtahanı uğurlu verib keçə bilər. Bir nəfər çıxıb deyə bilməz ki, mən və ya başqa tanıdığım biri tanışlıq və yaxud başqa yolla kursu keçib. Ən azından son 7-8 ildə bu mümkün deyil. Məndə sadəcə təcrübəsizlik oldu. Praktiki cəhətdən zəif oldum. Haqlı olaraq imtahandan kəsdilər. Halbuki mənə biraz təcrübə yığdıqdan sonra gəlməyi məsləhət görmüşdülər. Mən dinləmədim. (gülür).... 
 


- Qısacası, məşqçilik kurslarında rüşvət və kimisə irəli vermək kimi fikirlərdən söhbət gedə bilməz?
- Mümkün deyil. Onlar da istəyir ki, iştirakçilar kursu yaxşı bitirsin. Amma imtahanlarda nəticə zəif olduqda kim olursan ol kəsiləcəksən. Kimisə irəli vermək lazım olsaydı, illərlə Aslanla birlikdə çiyin-çiyinə oynayan adamlar kəsilməzdi. Yəni tanışlıq və əsas da rüşvət orada mümkün deyil. Rüşvət və tanışlıq olan yerdə Aslan Kərimovun qolu ola bilməz. 

Mən 1000 manat ödəmişdim. İndi yenə hazırlaşıram və 1000 manat yenə ödəməliyəm. Çox rahatam. Çünki pulum boş yerə batmır. Kursdan kəsilən dostlarım məndə inciyəcək. Hər dəfə bu mövzularda söhbətlərimiz düşür. (gülür)... Hətta sosial şəbəkələrdə mən irad bildirəndə müzakirələr böyüyür. Elə jurnalist dostlarla da bu haqda müzakirələrimiz olub. 

- Misal üçün, sözlü mübahisəsi, qınaqlar sırf nə üstündə olur?
- Kursdan kimsə kəsilir və açıqlama verir ki, məni bilərək kəsdilər. Belə paylaşımların altında rəy yazanda başqası əksini yazır və söhbət böyüyür. Mən bir mənalı şəkildə deyirəm ki, rüşvət olmayan 2-3 sahə varsa, biri həmin kurslardır. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR