Rövnəq Abdullayevlə Elşad Nəsirovun müdhiş “Neftçi” mübarizəsi - TƏHLİL

Rövnəq Abdullayevlə Elşad Nəsirovun müdhiş “Neftçi” mübarizəsi - TƏHLİL

Süleymanov "oyun”a necə düşdü?
 
"Neftçi” də baş verən son kadr dəyişiklikləri mətbuatda geniş müzakirə olunur. Böyükağa Hacıyevin gedişi nə qədər gözlənilən idisə, Tahir Süleymanovun gedişi bir o qədər müəmmalı oldu.

"Koper”lə oyundan sonra istefa verən Tahir Süleymanovun komandaya qaytarılacağı deyilirdi. Buna qədər bir neçə dəfə istefaya gedən Süleymanov Sadıq Sadıqov tərəfindən geri qaytarılmışdı. Əslində Süleymanovun əvvəlki istefalarının pərdəarxası oyunların təzahürü olduğu bilinirdi. Ancaq son istefada Süleymanov özü də "oyuna” düşdü.

Sport7.az "Neftçi”də baş verən dəyişikliklərin nədən qaynaqlandığı barədə əldə etdiyi informasiya əsasında bu "oyunu” çözməyə çalışacaq.

O istefanı xatırlayırsız?

Düşünmək olar ki, "Neftçi”də baş verənlər klubun daxilində olan qruplaşmaların mübarizəsinin nəticəsidir. Yox, belə deyil. "Neftçi” ətrafında gedən "oyun” daha yüksək ranqlı şəxslər arasında oynanılır. Düzdür, "Neftçi”də qruplaşmalar var və onlar bir-birilə mübarizə aparırdı.  "Oyun” oynayan yuksək ranqlı tərəflərdən  biri də məhz klubdaxili qrupların mübarizəsindən məharətlə yaralanmağı bacardı.  Bundan sonra "Neftçi”nin çöküşü daha sürətlə davam edəcək. Ta ki...

Tahir Süleymanovun "Neftçi”dən verdiyi istefalardan birini xatırlayaq. "Rəvan”la oyundan sonra verilən istefanı deyirik. Həmin vaxt "Neftçi”də az qala təlatüm yaşandı. Tahir Süleymanovla yanaşı Böyükağa Hacıyevin də, Güloğlan Cabbarovun da istefa verdiyi deyildi. Səbəb kimi isə hakimlərin "Neftçi”yə qarşı qərəzi göstərilirdi. Ancaq belə deyildi. Həmin vaxt "Neftçi”nin düşərgəsində Zaur Axundov görünmüşdü. Futzal Federasiyasının prezidenti, Nərimanov rayon icra hakimiyyəti başçısının keçmiş müavini, vəzifə iddiasına görə icra başçısı Abdin Fərzəliyev tərəfindən vurulmuş şəxs.

Futbol təsərrüfatında çoxları elə bilir ki, Zaur Axundov AFFA prezidenti Rövnəq Abdullayevin adamıdır. Ancaq belə deyil. Əslən Naxçıvandan olan Zaur Axundov əslində ARDNŞ-in və AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun kadrıdır.

Sadəcə Zaur Axundovun cəmiyyətdə "Rövnəq Abdullayevin adamı” kimi təqdim olunması qrupun maraqlarna xidmət edib.

Ancaq Rövnəq Abdullayev və ətrafı Zaur Axundovun kiminlə oturub-durduğunu bilirdi axı. Elə ona görə də, "Rəvan”la oyundan sonra Zaur Axundovun "Neftçi”nin düşərgəsində görünməsi qiyama səbəb oldu.  Təbii ki, bu qiyam Rövnəq Abdullayevin sifarişi ilə həyata keçirilmişdi. AFFA prezidenti yaxşı bilirdi ki, Elşad Nəsirov "Neftçi”yə nəzarəti tam ələ keçirmək istəyir.

"Maliyyə kranı”nı kim bağlayıb?

 
O istefalar Elşad Nəsirova öz adamını "Neftçi”yə yerləşdirmək  fürsəti vermədi. Belə olan təqdirdə "Neftçi”yə qarsa başqa plan hazırlandı. O vaxtdan başlayaraq "Neftçi”də maliyyə sıxıntısı yaşandı. Mətbuatda bunu 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya oyunlarına hazırlıqla əlaqələnirdilər. "SOCAR vəsaiti Olimpiya oyunlarının hazırlığına yönəltdiyi üçün "Neftçi”nin büdcəsini azaldıb” kimi məlumatlar yayıldı.

Bu məlumat da kökündən yanlışdır. "Neftçi”də maliyyə problemlərinin Axundovun komandaya buraxılmamasından sonra yarandığını boşuna xatırlatmadıq. Əslində heç bir maliyyə problemi yox idi. Sadəcə Elşad Nəsirov səlahiyyətlərindən istifadə edərək SOCAR-dan hər ay komandaya ayrılan maliyyəni yubadırdı.  2-3 aylıq yubanma mətbuatda "Neftçi” ilə bağlı söz-söhbət formalaşdırmaqla yanaşı, klubun daxilində də gərginlik yaradırdı. Aylarla məvacib almayan futbolçuların, texniki işçilərin narazılığı istər-istəməz ab-havanı gərginləşdirirdi. Bunun üzərinə "Neftçi”nin daxilindəki qruplaşmaların mübarizəsini də əlavə etsək, mənzərə aydınlaşar.

Mübariz Xudiyev Nəsirovun dəyirmanına suyu necə tökdü?



Sözsüz ki, "Neftçi”dəki bir qruplaşma Tahir Süleymanovun ətrafında toplaşmışdı. Digər qruplaşamaya isə hazırda vitse-prezident vəzifəsini müvəqqəti icra edən Mübariz Xudiyev başçılıq edirdi. Tahir Süleymanovun futbolu incəliklərinə qədər bilməsi, intriqalardan baş çıxartması, hakimlərlə əlaqəsinin olması onun üstünlüyü idi. Sadıq Sadıqov həmişə onunla məsləhətləşməyə məhkum idi. Bu da digər qruplaşmanı qane etmirdi. Onlar nəzarəti ələ almaq üçün Tahir Süleymanovun vurulmasının vacib olduğunu bilirdilər. Elşad Nəsirov "Neftçi”dəki bu qarşılaşmadan məharətlə yararlandı. Tam izah verib, oxucuları yormaq istəmirik. Hələ Böyükağa Hacıyev "Neftçi”yə 2-ci dəfə qayıtmazadan əvvəl Tahir Süleymanov qətiyyətlə bunun əleyhinə olub. O, Nazim Süleymanovun istefasından sonra komandaya əcnəbi baş məşqçinin gətirilməsinin tərəfdarı olub. Mübariz Xudiyevin dəstəsi isə "yerli məşqçi” variantında israr edib. Sadıq Sadıqov bu variantı seçib və məğlubiyyətinin də əsasını məhz onda qoyub.

"Koper”ə məğlubiyyətdən sonra istefa verdiyini deyən Tahir Süleymanovun istefasının Sadıq Sadıqov tərəfindən dərhal qəbul edilməsini və klubun rəsmi saytı vasitəsilə bunun elan edilməsini də Mübariz Xudiyevin qruplaşması təşkil edib. Onların israrlı təkidi nəticəsinə Süleymanovun "torbası tikilib”. Süleymanovu tez-ez istefa verməklə klubun imicinə zərər vurmaqda ittiham edən qruplaşma, Sadıq Sadıqovu inandırıb ki, onun komandaya qaytarılması daha da zərərli ola bilər.


Sadıq Sadıqov Süleymanova niyə zəng edib?

Nə qədər qəribə də olsa, faktdır. "Koper”lə səfər oyununun taktikasını da Tahir Süleymanov qurub. Sadıq Sadıqov məhz ona zəng edərək "komanda necə oynasın” soruşub. Qələbədən sonra Sadıq Sadıqov Süleymanova zəng edərək "komandanı aeroportda qarşıla, özün də sabahdan bazaya gəl" göstərişini verib.
 
Bundan sonra Tahir Süleymanovun "Neftçi”dəki vəzifəsini qoruyacağı gözlənilirdi. "Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansaydı, bu, belə də olacaqdı. Ancaq "Partizan”a məğlubiyyət vəziyyəti dəyişdi. Sanki bu məğlubiyyəti gözləyirmişlər kimi, həm Elşad Nəsirovun, həm də Mübariz Xudiyevin qruplaşması fəallaşdı.  Nəticə isə bəllidir. Sadıq Sadıqov əsas "silahını” – Tahir Süleymanovu itirməklə barışmalı oldu.

Əşrəfoğlu onlarla bacaracaqmı?


Bu məqamda manevr edən Sadıqov Elnur Əşrəfoğlunu özünə müşavir təyin etdi. Təbii ki, bu təyinat Rövnəq Abdullayevlə razılaşdırılıb. Sadıq Sadıqov güman edir ki, Elnur Əşrəfoğlunun vasitəsilə kluba nəzarəti ələ ala bilər. Ancaq yanılır. Elnur Əşrəfoğlu Mübariz Xudiyevin qruplaşması ilə mübarizə aparacaq gücdə deyil. "Neftçi”də idarəetmə getdikcə tam iflic vəziyyətə düşəcək. Futboldan anlayışı olmayan, yalnız qrup maraqlarını güdən Mübariz Xudiyevin səriştəsi bunu diqtə edir. Təbii ki, Elşad  Nəsirov da bu məqamı gözləyir. Ağacı qurdun içəridən yeməsini. Qurd isə öz işini görüb. Güman ki, mövsümün sonuna qədər "Neftçi”də vəziyyət daha da kritikləşəcək. O vaxt Rövnəq Abdullayev Sadıq Sadıqovu qorumaq iqtidarında olmayacaq. "Neftçi” Elşad Nəsirovun tam nəzarətinə keçəcək. Neft komandasının yeni prezidentinin kim olacağını da yəqin ki, bildiniz.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR