Rövşən Babayev:

Rövşən Babayev: "Fasilədə futbolçuların əhval-ruhiyyəsini yüksəltməyə çalışdıq"

"Sabah"ın məşqçisi Rövşən Babayev komandanın hazırlığı haqda fikirlərini bölüşüb.

Mütəxəssis Sport7.az-a açıqlamasında bunları söyləyib: "Bilirsiz ki, 5 futbolçumuz millidə idi. Onlardan 3-ü əsas komandamıza, 2-si isə U-21-ə dəvət olunmuşdu. Hazırlığı normal səviyyədə keçirdik. Yaxşı hazırlaşmışıq, çalışacağıq sabah oyundan normal nəticə ilə ayrılaq. Heyətdəki dəyişikliklərə gəlincə, yəqin ki, axşam məşqindən sonra bu haqda fikir mübadiləsi aparacağıq. Sabahkı oyun tam yaxşı vəziyyətdə hazır olmaq üçün fikirlərimizi bölüşəcəyik".

"Sabah"ın turnir cədvəlinin sonuncu piləsində olması futbolçuların əhval-ruhiyyəsinə təsirsiz ötüşməyə bilməz. Bəs bununla bağlı məşqçilər korpusu hansı işləri görüb?: "Sonuncu pillədə olmağımıza baxmayaraq, fasilədə futbolçuların əhval-ruhiyyəsini, komandada ab-havanı yüksəltməyə çalışdıq. Uşaqlarla mütəmadi olaraq təmasdayıq, diskussiya aparırıq, söhbət edirik. Çalışırıq ki, aşağı pillədən qurtulaq və psixologiyanı da düzəldək. Şükür Allaha ki, buna bir qədər nail olmuşuq. İnanıram ki, sabah bunu oyunumuzla sübut edib, sonuncu pillədən qurtulacağıq".

"Oyun üslubu, taktika baxımından hansı dəyişikliklər edilib?" sualına Rövşən bəy belə cavab verdi: "Sabahkı oyundan sonra hər şey bəlli olacaq. Əvvəlcədən nəsə demək düz olmaz. Bilirsiz, fərqli olmalıdı. Bunun üçün çalışırıq, məncə fərq görünəcək".

Babayev heyətdəki itkilərlə bağlı bunları dedi: "Hazırda ciddi zədələrimiz yoxdu. Bir qədər Cavid İmamverdiyev zədəlidi. Cavid Tağıyev də zədə alıb, amma müayinədən sonra daha dəqiq məlumatımız olacaq. Qalanları yerindədi. Optimal heyətlə növbəti oyuna hazırlaşa bilmişik".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR