"Sabah"ın futbolçusu koronavirusdan danışdı: "Mənə pis təsir edən..."

"Sabah" klubunun futbolçusu Rəşad Eyubovun Sport7.az-a müsahibəsi

- Artıq 3 aya yaxın vaxtdır ki, ölkəmizdə karantin rejimi davam edir. Futbolsuz günlər necə keçir?
- 3 ay uzun müddətdir. Bu vəziyyətə alışmaq çətindir. Ancaq fiziki formamı qorumağa çalışıram. Ümumilikdə isə, hər gün bir-birinə bənzər,  eyni məşğulliyyətlərlə keçir. Köməyə kitablar və filmlər yetir. 

- Hansı kitabları oxuyub, hansı filmləri izlədiniz? 
- Filmlərdən ən çox bəyəndiklərim "Knives out", "The Gentlemen" və "Hero" filmi oldu. Kitablardan isə İbrahim Hadinin həyatından bəhs edən "İbrahimə salam" və Rene Qenonun "Müasir dünyanın böhranı"nı çox bəyəndim. 

- Koronavirus dünyanı lərzəyə saldığı günlərdə 2011-ci ildə çəkilən "Contagion" filmi aktuallaşdı. Bu film insanlarda çox böyük panikaya səbəb oldu. Həmin filmi izləmisiniz? Ümumiyyətlə, koronavirus sizdə narahatlıq duyğusu yaratdı? 
- Bəli, həmin filmi də izləmişəm. Mənə pis təsir edən virusun nəticələri, normal həyatımıza təsiri oldu. 

- Karantin qaydalarına nə dərəcədə riayət etdiniz? 
- Deyilənlərinin hər birinə əməl etdim. Ancaq ciddi rejim davam etsəydi, qorxuram ki, əməl etmək çətinləşəcəkdi. 

- Sizcə, karantin bitdikdən sonra həm normal həyata, həm də məşqlərə, oyunlara adaptasiya olmaq asan olacaq, yoxsa çətin?
- Normal həyat rejiminə qayıtmaq asan olacaq. Ancaq əvvəlki fiziki göstəriciləri qaytarmaq çətin olacaq. 

- Məşqlərin nə zaman bərpa olunacağı ilə bağlı komandada bir xəbər varmı?
- Hələki ancaq söz-söhbət dolaşır. Hər gün gözləyirəm. Sadəcə dəqiqlik istəyirəm ki, nəyə hazır olacağımızı bilək. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR