Sadıq Sadıqovun ayaq səsləri

Sadıq Sadıqovun ayaq səsləri

Amal ABUŞOV

2014-cü ilin dekabr ayının 6-da "Sadıq Sadıqov hardadı?” başlıqlı yazı yazmışdım. Həmin yazının sonluğu beləydi: "Kim bilir, bəlkə də gün gələcək, "Neftçi”nin Avroliqanın qrupunda oynadığı, ölkə çempionatında rəqib tanımadığı günləri xatırlayıb, bir-birimizə sual verəcəyik: Sadıq Sadıqov hardadı?”
 
Gün gəlib, "xalq komandası”na könül verən sadiq azarkeşlər bu sualı sosial şəbəkələrdə səsləndirməyə başlayıblar. Xüsusən də stajlı azarkeşlər, "Neftçi”yə canı-könüldən bağlı olanlar, "Neftçi”ni öz övladları, əzizləri qədər sevənlər, onu həyatlarının bir parçası sayanlar indi adıyla soyadı eyni olan adamı, unudulmaz prezidenti axtarmaqdadılar.

2018-ci ilin yanvarında Antalyaya yollanmışdıq. Türkiyənin kurort bölgəsində toplanış keçən klublarımızın və hakimlərin hazırlıq prosesini izləyəcək, millimizin Moldova ilə qarşılaşmasına canlı baxacaqdıq. Oyundan bir gün öncə millinin məşqinə baş çəkən Elxan Məmmədov jurnalistlərin əhatəsinə düşdü. İllərdi axtardığım, suallarımı ünvanlamaq istədiyim AFFA-nın baş katibinə üç sual vermək imkanım oldu. Biri "Neftçi” barəsindəydi: "Hər şey qaydasındaydı, "Neftçi” çempionluğa oynayır, kubok qazanırdı. Avropa Liqasının qrup mərhələsindəki çıxış etmiş, sonra da pley-offa qədər yüksəlmişdi. Amma AFFA kluba müdaxilə etdi, rəhbərlik dəyişdi. O zamandan bəri "Neftçi” özünə gələ bilmir. Buna nə lüzum vardı?”  Elxan bəyin cavabı yenə yayındırıcı oldu, dedi ki, AFFA tərəfindən kluba heç bir müdaxilə yoxdu.

Üstündən heç bir ay keçməmiş Elxan Məmmədovun yalanı bir daha ifşa olundu. Fevralın 16-da günə "Sumqayıt”ın prezidenti kimi başlayan Kamran Quliyev axşam yuxuya "Neftçi”nin prezidenti kimi getdi. Cəmi bir neçə saatın içində Elxan Məmmədov yaxın dostunu "Sumqayıt”dan ölkənin ən qocaman klubuna gətirdi. Bu yerdəyişmə AFFA-nın "Neftçi”yə müdaxiləsi deyildisə, bəs nə idi? Sonrasını siz də bilirdiz. "Ağ-qaralar”a yetərincə büdcə ayrılır. İstər UEFA-dan gələn milyonlar, istərsə də əsas sponsor SOCAR-dan. Hələ mən ayda bir dəfə bağlanan irili-xırdalı sponsorluq müqavilələrini, Bakıxanovda yerlə-yeksan edilib, məşq meydançasına çevrilən stadiona hava yolları şirkətinin adının verilməsini demirəm. Allah xeyirlərini versin.

Vacib olan nəticədi, o da yoxdu. Ötən il "Uypeşt” "Neftçi”ni avrokuboklardan qovdu, bu il də "Bney Yehuda”. Yaxşı yadımdadı, Rövnəq Abdullayev "Neftçi”də mürəkkəb proseslər gedən zamanlarda "ağ-qaralar”ın "Skenderbeu”ya uduzmasına işarə edib, albanların kiçik büdcəsini xatırlatmışdı. Bununla da cənab Abdullayev "Neftçi”nin o vaxtkı rəhbərliyindən, konkret olaraq Sadıq Sadıqovla Tahir Süleymanovdan, onların qurduğu komandadan narazı olduğunu göstərmişdi. Heç şübhə etmirəm ki, "Uypeşt”in, "Bney Yehuda”nın büdcədi də aşağı-yuxarı "Şkenderbeu” ilə eynidi. "Neftçi”nin büdcəsinin onlardan çox olduğu şübhəsizdi. İki ildi istədiklərini alırlar, legioner-yerli demədən transfer edirlər. Bəlkə, hesabat istəməyin vaxtıdı?! "Bakı”nın, "Xəzər Lənkəran”ın, "Simurq”un, "İnter”in olmadığı, "Qəbələ”nin zəiflədiyi çempionatda "Qarabağ”dan səkkiz xal geri qalıb, gümüş medal qazanmaq uğur deyil!

Elnur Məmmədovu gətirdilər, olmadı. Orxan Hüseynzadəni başa keçirdilər, yenə olmadı. Kamran Quliyevi çağırdılar, o da Ceyhun Sultanovla gəldi və bütün səlahiyyətləri əllərinə cəmlədi. Yenə olmur, cənablar. "Nə qədər gec deyil” demək istəyirəm, amma baxıram ki, xeyli gecdi. Amma zərərin yarısından da qayıtmaq olar. Bir ətrafa nəzər salın, görün Sadıq Sadıqov hardadı?! Sadıq bəyə ağız açın, o da Tahir Süleymanovu da çağırsın, "Neftçi”ni əvvəlki şöhrətinə qaytarsın. Siz də bacardığınız işin qulpundan yapışın.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR