"Şahmat kralı" Premyer Liqanın "fantasy" oyununda çempionluğa oynayır

Şahmat üzrə dünya çempionu Maqnus Karlsen 16 turdan sonra İngiltərə Premyer Liqasının "fantasy" oyununda 7 milyondan çox iştirakçı arasında 4-cü sırada qərarlaşıb. Onun komandası liderdən 24 xal geri qalır.
 
 
 
Karlsen son 4 "fantasy" mövsümündə yaxşı nəticələr göstərib. Norveçli şahmatçının ən yaxşı nəticəsi (2397-ci yer) 2017-18 mövsümünə təsadüf edib.
 


"Şahmat kralı" Karlsen oyundakı uğurunu "Opta"nın datalarından çox istifadə etməsi ilə əlaqələndirib. Şübhəsiz ki, onun futbola olan marağı da faktordu. 29 yaşlı qrossmeyster şahmatdan kənar zamanının böyük bir hissəsini futbol oynamaq və İngiltərə Premyer Liqasının matçlarını izləməklə keçirməyə çalışır.

Norveçli şahmat jurnalisti Taryay Svensen Karlseni 8 yaşından bəri tanıyır və karyerası ərzində keçirdiyi oyunların əksəriyyətində onun yanında olub. Svensenin fikrincə, Maqnusun serebral bacarıqları "fantasy" oyununda da işə yarayır:

"Fantasy" və şahmat bir-birinə bənzəyir. Burada da planlaşdırma və strategiya tələb olunur. Karlsenin mükəmməl yaddaşı ona yardımçı olur. Bununla yanaşı, o, rəqabətə davamlı biridi. Məşğul olduğu hər şeydə ən yaxşılardan biri olmağa çalışır, iştirak etdiyi hər yarışdan qalib ayrılmaq istəyir.

Şans faktorunu danmaq olmaz. Amma ardıcıl olaraq uğur qazanırsansa, bunu tam olaraq şansla əlaqələndirmək də düzgün olmaz. Karlsenin daimi işi yoxdu və bu səbəbdən çox vaxtı olur. O, əsl futbol azarkeşidi. Futbolla bağlı hər şeyi izləyir".
 

 
 

OXŞAR XƏBƏRLƏR