"Məşqçiliyi atmaq haqda fikirləşirdim..." - Samir Abasov

Qış fasiləsindən sonra çempionatda ciddi dəyişiklik görünməsə də canlama, gərginlik müşahidə olunur. Təbii ki, burada klubların həyata keçirdikləri yeni transferlərin də müəyyən rolu var. Digər tərəfdən, məsələn, "Neftçi"nin baş məşqçi postunda dəyişiklik edildi. "Qarabağ"ın "Neftçi"dən aşkar üstünlüyü intriqanın azalmasına səbəb olsa da Avroliqaya vəsiqə qazanmaq uğrunda mübarizə yüksəlməyə başlayıb. Ən maraqlı və gündəmə "bomba" kimi düşən mövzulardan biri də "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsinin nəzərdə tutulması ilə bağlı AFFA-nın rəsmi məlumatı oldu. 

Bütün bunlarla bağlı Samir Abasovun fikirlərini öyrəndik. "Zirə"dən ayrılandan sonra hələ də işsiz qalan mütəxəssis Sport7.az-a müsahibəsində şəxsi karyerası ilə bağlı suallarımızı da cavabladı.

- Samir bəy, karyeranızla bağlı hansısa yenilik gözlənilirmi?

- Hələ ki, heç nə yoxdu, evdə, ailəmin yanındayam. Nəsə yenilik olsa da zatən biləcəksiniz.

- Azərbaycan çempionatını izləyirsizmi?

- Əlbəttə, izləyirəm. Sumqayıtda oyun keçiriləndə stadiona gedirəm. Vaxt və hava şəraiti yaxşı olanda Masazıra da gedirəm. Sonuncu dəfə "Sumqayıt" - "Sabah" matçına gedib baxdım. Amma ümumilikdə televeziya vasitəsilə də oyunları izləyirəm.

- Qış fasiləsindən sonra çempionatımızda, komandaların oyunlarında hansısa dəyişikliklər varmı?

- Dəyişiklk yoxdu. Bunu gözləmək də düzgün deyil. O zaman baş verər ki, hansısa məşqçi postunda dəyişiklik olar. Yaxud komandalar xeyli sayda oyunçu transfer edərlər. Onlar da uyğunlaşana qədər, hərəsi öz oyununu göstərər. Dəyişilən odu ki, komandalar həddindən artıq gərgindi. Uduzmağa, xal itirməyə qorxurlar. Qalan hər şey, oyunlar, oyunçular demək olar yerindədi.

- Qış fasiləsində dəyişikliklərdən biri də "Neftçi"nin baş məşqçisi ilə əlaqədar oldu. Bordin göndərildi, əvəzinə Füzuli Məmmədov komandanı götürdü. "Neftçi"nin oyununda fərqlilik var?

- Bilirsiz necədi? "Neftçi" sırf komadada olan yaxşı oyunçuların hesabına qurulan oyun göstərir. Bu gün "Neftçi"də olan oyunçuları keyfiyyətinə görə "Qarabağ"la eyni tərəziyə qoyaram.  Bundan əlavə görünür ki, həvəs artıb. Elə "Keşlə" ilə matçı götürək. Komandada qələbə qazanmaq həvəsi vardı. Yəni, oyunçuların beyni dəyişib, indi rahatlaşıblar. Çünki Bordinlə yola getmirdilər, stress, sıxlıq, oynamamaq istəyi var idi. Bunlar hamısı görünür. Digər tərəfdən iki, üç oyunda Füzulinin nə iş gördüyünü də demək bir qədər düzgün deyil. Çünki məşqçi bu oyunçularla çox işləməlidi ki, öz istədiyini yeritsin. Komandanın əhval-ruhiyyəsi düzəlib deyə yaxşı oynayırlarsa, qələbə qazanırlarsa, bu görülən işin göstəricisi deyil. Dediyim təkcə "Neftçi"yə yox, bütün klublara aiddi. Məşqçi müəyyən müddət, 1-2 il işləsə o zaman görərik ki, hansı işləri görüb. 3 oyunla işə qiymət vermək düzgün deyil. Amma az öncə dediyim kimi, futbolçuda psixologiya, qələbə istəyi dəyişibsə, bu Füzulinin Bordindən daha yaxşı olduğunu göstərir. Komanda həvəslə oynayırsa, deməli oyun üslubu dəyişib. Böyük ölçüdə komandadan nə tələb edildiyini, 2-3 oyunda bilmək həddindən artıq çətindi. Bir misal göstərim. Məsələn "Sumqayıt"la heç-heçə oynadılar, nə göründü? Bordinin komandası idi də, elə deyilmi? İkinci oyunda qələbə qazandılar, nə dəyişdi? Məşqçinin ideyalarını, fikirlərini bir komandaya tətbiq, futbolçuların da onu anlayıb icra etməsi üçün, həqiqətən zaman lazımdı. Bir az keçsin, hamınız məşqçinin işinə qiymət verə biləcəksiz. Məncə, hələ ki, yaxşıdılar.

- "Neftçi"də çempionluğa oynamaq potensialı varmı, yoxsa artıq gecikiblər?

- 100 faiz var. Artıq gecikiblər deyəndə, bu başqa, rəhbərliyə aid mövzudu. İndidən sonra isə həddindən artıq çətin olacaq. Burda digər komandalar amili də var. Onlar da uduzmaq istəmir. "Neftçi" rəqibləri üçün qorxu komandası olmaq istəyirdisə, bunu mövsümün əvvəlindən büruzə verməli, özlərini "Qarabağ" kimi göstərməli idilər. Rəqiblər "Qarabağ"a qarşı meydana çıxanda heç-heçəni uğur, kifayət qədər yaxşı nəticə sayırlar. "Neftçi" ilə oynayan komandalar da belə düşünməli idilər. Ancaq, əvvəldən özünü necə göstərirsənsə elə də qəbul edirlər. Bu gün inanmıram ki, digər komandalar "Neftçi"dən çəkinir. Düşünürlər ki, "inşallah həftəsonu qələbə qazanacağıq". Amma "Qarabağ"a qarşı cəsarət edib belə deyə bilməzlər. 

- Turnir cədvəlində aşkar üstünlüklə liderlik "Qarabağ"da hər hansı arxayınlığa gətirib çıxara bilər?

- Belə fikirləşmirəm. "Qarabağ" bu ilin deyil, illərin komandasıdı. Qış fasiləsində qlobal dəyişikliklər etmirlər. Niyə "Neftçi"ni qeyd etdim? Çünki onlar bu yolu 1 il əvvəl keçiblər. İndi "Qarabağ"la başabaş mübarizə aparmaq, dirənmək üçün əsl məqam idi. Əfsuslar olsun, baş məşqçi dəyişikliyinə həddindən artıq gecikdilər. Ona görə də bu gün çempion "Qarabağ"dı. Çünki çempionatı düşünürlər. Komandanın öz oyunu var, rəqibin kimliyindən asılı olmayaraq qarşısında dayanırlar. Öz oyununu göstərən futbolçular çoxluq təşkil etdiyinə görə "Qarabağ" bir qədər rahatdı. 

- Digər komandalardan hər hansı yenilik gözləmək olarmı?

- Turnir cədvəli baxımından müəyyən dəyişikliklər ola bilər. Çünki qrafik sıxdı, komadaların arasında 1-2 xal fərqi var. 1 tur ərzində, məsələn "Sumqayıt" "Zirə"ni məğlub edə, yaxud bu rəqibinə uduza bilər. "Sabah"ın irəliləyə biləcəyini də düşünürəm. Yaxşı futbolçular aldılar, Xulio Rodrigersi, Koçuku, Ramil Şeydayevi transfer etdilər. Məncə sıçrayış edə bilərlər. "Sabah" üçün heç nə bitməyib. Amma digərləri, məsələn "Sumqayıt" üçün çətin olacaq.

- "Qarabağ"la "Neftçi" böyük ehtimalla avrokubolara vəsiqə qazanacaq. Bəs qalan iki yer uğrunda mübarizədə kimi daha şanslı görürsüz?

- "Zirə", "Keşlə", "Sabah" və "Sumqayıt"ın şansları eynidi. "Qarabağ"ın kubokdakı çıxışını gördükdən sonra, deyirəm ki, bunlardan ikisi favoritdi.

- Az öncə transferlərə toxunduz. Ümumiyyətlə, bu qış fasiləsində edilən hansı transferləri uğurlu və faydalı, həm də maraqlı saymaq olar?

- Fikrimcə, Koçukun və Xulio Rodrigersin transferi "Sabah" üçün yaxşıdı. Komandaya nə qədər kömək edə biləcəklərini dərhal büruzə verdilər. "Səbail" "uçurum"da idi, Ekşteyni götürməklə yaxşı addım atdılar. Onun da faydası görünür. Bir də Ağabala ilə Volkovun "Zirə"yə keçməsini yaxşı transfer kimi qələmə vermək olar. Bu futbolçuların gedişi əvvəlki klubları üçün 100 faiz itki sayılır. Ağabala "Səbail"də böyük fiqur idi. Volkov gedəndən sonra "Qəbələ"nin hücum xəttində problemlər göründü. Düzdü yeni hücumçu gətiriblər, onlara vaxt lazımdı. Ancaq Volkovla nələr etdiklərini görürdüz. Xulio Sezarla Koçuk da məlum məsələdi. Bu futbolçuları ayrıldıqları klublara itki, yeni komandalarına isə qazanc saymaq olar. 

- Turnir cədvəlinin son pilləsində gedən "Qəbələ" haqda nə düşünürsüz?

- İnanın Allaha, qış fasiləsinə qədər ən xoşuma gələn komanda "Qəbələ" idi. Ancaq hərdənbir haqsızlıqlar olur. Ya da komandanın bəxti bəzən gətirmir. "Qəbələ" 4-cü yerdə gedən komandadan heç də zəif deyildi. Yəni həmin pillədə olsaydı heç təəccüblənməzdim, baxmayaraq ki, qlobal dəyişikliklər baş vermişdi. Sonradan bir neçə futbolçunun, Niassenin, Volkovun getməsi, bəzilərinin zədələnməsi həddindən artıq pis təsir etdi. Amma komanda kimi ən xoşuma gələn "Qəbələ"di. İndi yeni transferlər ediblər. Görünür ki, konkret fikirləri kubokdu. Məncə, kubok oyunlarına qədər bərpa və uyğunlaşma prosesini keçəcəklər. 

- Son günlər gündəmdəki əsas məsələlərdən biri  "Keşlə"nin futbolçusu Meza Kollinin milliləşdirilməsidi. AFFA da rəsmən bunu istədiyini açıqlamışdı. Bir mütəxəssis kimi nə düşünürsüz, bizə lazımdımı? Millimizə fayda verə bilərmi?

- Meza Kolli "Keşlə"nin ən aparıcı oyunçusudu. Bunu baş məşqçi də deyir ki, onsuz komandanın oyunu alınmır, çətin olur. Meza Kolli fərdi baxımdan, oyunçu kimi fayda verəcək. Bu 100 faizdi. Amma onun başqa millətdən olması söz-söhbət yaradıb. Mənə təəccüblü olan odu ki, hörmətli Məşqçilər Komitəsi bildirmişdi ki, "bizim bundan xəbərimiz yoxdu". Çox maraqlıdı. Millimizə oyunçu gəlir, futbolumuza cavabdeh olan insanların xəbəri yoxdu. Əvvəl düşündüm ki, yəqin jurnalistlər öz gümanlarını yazıb. Amma AFFA açıqlayandan sonra gördüm ki, belə məsələ var. Bilirsiz necədi? Çox güman, kənardan baş məşqçi gələcək və artıq danışılıb. Yeni baş məşqçiyə şərait yaratmaq, seçimini artırmaq üçün belə addımlar atılır. Çünki həddindən artıq seçim qıtlığı var. Yeni məşqçi 30-35 oyunçunun arasından bir milli çıxarmalıdı. Ancaq Meza Kolli gələcək, hansısa yığmalara qarşı nəsə edəcəyik, bunu sizə açıq deyirəm, gözləməyin. Belə şeylər olmayacaq. Çünki futbolçu Azərbaycan çempionatında oynayır. Getdi Rumıniyaya, oynamadı qayıtdı. Yəni çempionatımızdan götürülmüş futbolçu olacaq. Xeyir verəcəkmi? Məşqçinin seçimini artıracaq. Biz azərbaycanlı olduğumuza görə qarşı çıxırıq. Amma yeni məşqçiyə qalsa, deyəcək ki, "Xulionu da, o biri legionerləri də milliləşdirin, seçimim çox olsun". Məsələyə hər iki tərəfdən yanaşmaq lazımdı. AFFA-nın məqsədi nədi? Guya indiyəcən Meza Kollini, yaxud başqasını tanıyırdılar? Yaxud AFFA-da heç kimin qohumu, xalası oğlu deyil. Sadəcə, millimiz güclənsin deyə, belə addımlar atır. Onları da başa düşürəm ki, yaxşı futbolçularımız çox deyil. Amma Azərbaycan millisi üçün, yaxşı oyunçu ələ düşəndə, belə addım atmalıdılar. Yəni mənə görə qınanılası nəsə yoxdu. Rusiya yığmasında səhv etmirəmsə iki milliləşdirilmiş futbolçu var.

- Ancaq, bizim millidə daha çoxdu...

- Elədi, həddindən artıq milliləşdirilmiş futbolçu var. Ancaq seçimimiz çox  azdı. Belə imkan olduğu halda isə, məncə hər kəs bunu edər. İstənilən yerli baş məşqçi də razılaşar ki, millidə Meza Kolli kimi futbolçu gəlib oynasın. Hə indi sual yaranar ki, bu futbolçu bizə xeyir verəcəkmi? "Xeyir" deyəndə nəyi nəzərdə tutduğunuzu bilirəm. Əlbəttə, biz Meza Kolli ilə Slovakiyanı məğlub etməyəcəyik. Millətlər Liqasında onun hesabına 1-ci pilləni tutacağımıza da heç kim, AFFA belə təminat verə bilməz. Amma buna cəhd etmək üçün müəyyən addımlar atırlar. Məncə başa düşməyə dəyər. Sadəcə, yaxşı oyunçu seçimi geniş olsun deyə bunu edirlər. 

- Karyeranızla bağlı qarşıdakı planlarınız nədi? "Sevilya"nın bazasına gedəcəkdiz deyəsən.

- Hələ ki, bu məsələ gündəmdədi. "Sevilya"da qarmaqarışıqlıqlar var. Deyirlər ki, məşqçini çıxarırlar, guya Unay Emeri gəlməlidi. Amma fkirlərim var, danışıqlar gedir. Bilirsiz necədi, çox klublar var, amma ya gediş-gəliş həddindən artıq maliyyə tələb edir, ya da müəyyən əlaqələrin olmalıdı. Mən də əlimdən gələn qədər əlaqələrimdən istifadə etməyə çalışıram. Rusiyada, məsələn Moskva "Spartak"ında dostlarım var. Ola bilər ora gedim. Yəni gözləyirəm, görək nə vaxt alınacaq. Amma sizə deyim ki, nə kitab oxumuşam nə də bir şey. Bu yaxınlarda parkda gəzirdim, birdən ağlıma məşq forması gəldi. Getdim evdə bir az cızma-qara etdim. Şükür Allaha futbollar var, baxıram. Çempionlar Liqasını izləyirəm. Amma oturum konkret kitablar oxuyum, hansısa komandanı analiz edim, belə şey yoxdu. Açığı bir qədər soyuma var. Məşqçi kursları deyəndə, PRO kateqoriyasının vaxtının bitməsinə hələ 2 il qalıb. Ehtiyacım yoxdu. Sadəcə, praktika üçün getmək istəyirəm. Maraqlandığım şeylər var ki, onun üzərində dayanmışam. Fikirləşirəm görüm hara gedib faydalana bilərəm. Alınmayacaqsa da alınmayacaq. İşdən uzaq qalanda passivləşirsən, çox təsir edir. Məndə heç vaxt elə gün olmurdu ki, stolumun üzərində kitablar açılmasın, məşq planları filan tərtib edilməsin. Ancaq boynuma alıram ki, "Zirə"dən çıxandan sonra bu, uzun müddətdi davam edir. Artıq həmin şeylərə baxa da bilmirəm. Müəyyən mənada soyuma var.

- Özünüzü başqa vəzifədə, məsələn hansısa klubda idman direktoru, koordinator kimi sınamağı düşünmüsüzmü?

- Açığı bir ara bu haqda da fikirləşirdim. Təkəbbürlük olmasın, belə işlərin öhdəsindən yaxşı gələ bilərəm. Hansısa işə girsəm, bacarığımı ortaya qoyan insanam. Yəni əlim cibimdə gəzməyəcəyəm. Hansısa klubda maksimum canımı ortaya qoyacam. Bu 100 faizdi. Hər vəzifədə özümü sınaya bilərəm. "Zirə"dən ayrılandan sonra hətta, məşqçiliyi atmaq haqda fikirləşirdim. Çünki həddindən artıq pis təsir etmişdi. Yenə də qismət. Amma koordinatorluğu bacarmaram. Bu işin öhdəsindən gələ bilən adam lazımdı. Elə olur ki, kimsə karyerasını bitirir, koordinator olur. Ancaq, bu düzgün deyil məncə. Əslində, koordinator vəzifəsinə xaricdən mütəxəssis gətirilməsinin tərəfdarıyam. Söhbət yaxşı mütəxəssisdən gedir. Məsələn Hollandiya məktəbindən gətirmək olar. Hansısa klubda rəhbər olsam, bunun üzərində dayanaram. Bu işi bizdə görə biləcək insanlar demək olar ki, yoxdu, "0" dərəcəsindədi.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR