Sehirbazların oyunu

Sehirbazların oyunu

Ötən gecə İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması Fransada keçiriləcək "Avro-2016"nın final mərhələsinə birbaşa vəsiqə qazandı. Qardaş ölkənin millisi buna ən yaxşı qrup üçüncüsü kimi nail oldu. 

Türkiyə Futbol Federasiyası yığmanın 8 il sonra Avropa çempionatının final mərhələsinə qatılmasına görə baş məşqçisi və futbolçularını mükafatlandırılacaq. Belə ki, qardaş ölkədən olan həmkarlarımızın yazdığına inansaq, bu uğura görə Fatih Terim 500 min avro mükafat alacaq. İllik 3,5 milyon avro maaş alan təcrübəli çalışdırıcı hər mərhələ adladıqca, növbəti mükafatları da əldə edəcək.

Bundan başqa qrup mərhələsinin ilk oyunundan ötən gecəyə qədər əziyyəti keçən futbolçulara isə ümumilikdə 10 milyon türk lirəsi mükafat fondu ayrılıb. Yəni, 3 milyon 571 min manat bütün futbolçular arasında bölünəcək. Təbii ki, bu onların haqqıdı, halal xoşları olsun! 

Azərbaycan olaraq biz də qardaş ölkə millisinin bu uğuruna sevinirik. Ancaq nə qədər sevinsək də, təəssüf ki, onların zəfəri bizim məmləkətin adına yazılmır. Könül Azərbaycan millisinin də, belə bir uğura imza atmasını, ölkənin şəhər və rayonlarında əsl toy-bayramın yaşanmasını istərdi. Amma deyəsən, həmin günü çox gözləməli olacağıq. Bunu görməyə Allahın bizə verdiyi ömrün çatıb-çatmayacağı isə sual altındadı.

İndiki halda millimizin mübarizəni başa vurduğuı H qrupunu sondan 2-ci pillədə bitirməyə gücü çatır. 10 oyuna qazandığımız 6 xalla yalnız "cırtdan" Maltanı qabaqlaya bildik. Amma yaralı barmağa bir zad olmayan 6 xalın qazanması AFFA-ya heç də elə-belə başa gəlmədi. Türkiyə millisindən fərqli olaraq, assosiasiyadan top qovanlarımıza, məşqçilər heyətinə hər məğlub olmadığımız matçdan sonra 50 min manat civarında mükafat verildi. Bu isə neftin qiymətinin az qala sudan ucuz olduğu bir vaxtda ümumilikdə təxminən 5 milyon manat pul edir.
 
Təsəvvür elədiz də, Türkiyə millisinə uğura görə ayrılan mükafat fondu bizim assosiasiyanının xərclədiyi şirinlikdən azdı. Nəticə isə ortadadı. İlin yekunu gələcək, AFFA hesabat konfransı keçirəcək, rəqəmləri açıqlayacaq, biz isə onlarla tanış olduqda, gözümüz kəlləmizə çıxacaq. Yenə boş-boş cümlələrlə, pafoslu çıxışlarla neftdən gələn pulların göyə sovrulmasına növbəti don geyindiriləcək, bəhanə tapılacaq. 

Adam bu sehirbazların oyununa mat-məəttəl qalır. Yerin min, 2 min metrdən 5-6 min metrə qədər dərinliklərindən neft çıxaranlar, bir milli komandanı qrupdan çıxara bilmir. Vallah, bir gün neft də bezəcək, yerdən çıxmağa "canı" çıxacaq. Deyəcək ki, çıxmıram. Çıxarmağa o qədər şey varkən... Məsələn, millini yerin dibindən...

EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR