“Seltik”in maraq dairəsindəki azərbaycanlı: “Hamı ortaq məxrəcə gəlməlidi”

“Seltik”in maraq dairəsindəki azərbaycanlı: “Hamı ortaq məxrəcə gəlməlidi”

"Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə hazırda "Sabah”ın uğurları üçün çalışır. Bununla belə çoxları onun ölkə sərhədlərini tərk etməli olduğunu düşünür.

Sport7.az xəbər verir ki, bir vaxtlar "Seltik” və "Reyncers” kimi məşhur klubların maraq dairəsinə düşdüyü deyilən müdafiəçu hazırda hansısa təklif barədə düşünmür. Bunu "Futbol+” qəzetinə müsahibəsində Bəhlul Mustafazadə deyib.

Həmin müsahibəni sizə təqdim edirik:
 
- İki aydı məşqlər təxirə salınsa da, onlayn çalışmaları yerinə yetirirsiz. Formanı qoruya bilirsən?
- Bəli, ev şəraitində məşqlər edirik, onlayn çalışırıq. Ancaq bu istənilən effekti vermir. Sadəcə, fiziki durumumuzu nisbətən qorumağa çalışırıq. İstəyirik ki, formamızı tam itirməyək. Təbii ki, çox kömək olmur. Bu, komanda ilə məşqin 20-30 faizidi. Sözüm pis çıxmasın, buna baş qatmaq da demək olar.

- Səncə, oyunlara tam hazır olmaq üçün nə qədər vaxt lazımdı?
- Aydın məsələdi ki, uzun müddət lazım olacaq. Ancaq vaxt qısadı, 3 həftəlik bir zamanda hazır olmalıyıq. Nə dərəcə hazır olacağıq - bunu bilmirəm. Çox güman, tam formaya düşə bilməyəcəyik. Ancaq yenə də optimal vəziyyətə gəlmək olar. Mövsüm bitəndə növbəti ilə hazırlaşmaq üçün iki-üç ay müddət olur. Üç həftə də istirahət edirik. Ancaq indi 40 gündü dayanmışıq. Ona görə də hazırlıq üçün veriləcək üç həftə bizə tam bəs etməyəcək.

- Karantin uzadılandan sonra premyer-liqanın ləğvi yenidən gündəmə gəldi...
- Məncə, bunu heç bir komanda istəməz. Təbii ki, biz də istəmirik. Çünki hələ də yuxarı pillələrə yüksəlmək şansımız var. Hamımız çempionatın bərpa olunması gözləyirik.

- Jelko Sopiç komandaya yeni gəlmişdi. Adətən, yeni məşqçilərə zaman lazım olur komandanı tanımaq üçün. Səncə, bu fasilə onun üçün fürsət oldu, yoxsa mənfi təsir göstərəcək?
- Bunun fürsət olduğunu deyə bilmərəm. Çünki hamı eyni vəziyyətdədi. Hər kəs fomasını itirdi. Yenidən toparlamaq çətin olacaq, bunun üçün vaxt lazımdı. Baş məşqçimiz yenə bizimlə əlaqə saxlayır, daim öz məsləhətlərini verir. Müəyyən proqramlar tətbiq edilir. Biz də ona uyğun çalışmağa davam edirik.

- Bir ara məlum səbəbdən klublarda maliyyə böhranı yaşanacağı və oyunçulardan maaşlarının azaldılmasının tələb edəcəyi deyilirdi. Bu barədə nəsə deyilib sizə?
- Bizimlə belə bir söhbət olmayıb. Olsa da, normal qarşılayaram. Rəhbərlik nə qərar versə, bununla razılaşaram.

- Transfer dönəmində adı ən çox çəkilən futbolçusan. Bu günə qədər ölkə xaricinə getmək imkanın olub?
- Bir-iki dəfə belə variant olub. Ancaq alınmayıb. Mən hər zaman bunun üçün çalışmışam. Düşünürəm ki, uyğun vəziyyətdə xaricdə ölkəmizi təmsil edəcəm. Alınmamasına səbəb maliyyə məsələləri olmayıb. Futbol mənim üçün yalnız puldan ibarət deyil. Burda bir çox səbəblər olur. Mənim tələbim, oynadığım komandanın istəyi, qarşı tərəfdəki klubun öz şərtləri və s. Bunlar hamısı üst-üstə düşməlidi. Gərək hamı ortaq məxrəcə gələ bilsin. Ancaq mən yenə də ümidimi itirməmişəm. Təkliflərin hansı ölkələrdən olduğunu demək istəmirəm. Hazırda bunun heç bir mənası yoxdu.

- Koronavirus barədə nə düşürsən?
- Ümid edirəm ki, ən qısa vaxtda bitəcək, biz də öz işimizə qayıdacağıq. Bütün dünyada bunun olduğunu görürük. Bunu ciddiyə almamağımız mümkün deyil. Bizimlə yanaşı, bütün ölkələr necə davranmalı olmağı öz vətəndaşlarına deyirlər. Məncə, hamımız qaydalara riayət etməliyik.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR