Serenata di Calcio 2

Serenata di Calcio 2

İtaliya A Seriyasında hadisələr məcrasına düşmək üzrədir. Çempionatın ikinci həftəsi də maraqlı hadisələr və rəqəmlərlə yadda qaldı. Ənənəvi 10 oyun İtaliyanın 8 regionunda baş tutdu. Yenə də liderlik çempionatın ən çox təmsilçisinin olduğu Emiliya-Romanya regionunda idi: 3 oyun. Hərçənd bu liderlik olmaya da bilərdi. Belə ki, Lombardiya təmsilçisi "Atalanta"nın stadionunun rekonstruksiyası səbəbilə ev oyununu Emiliya-Romanyada, Parma şəhərinin "Ennio Tardini" stadionunda keçirməli oldu. Ümumilikdə on oyunun beşində ev sahibləri, dördündə qonaqlar qələbəni qeyd etdilər, bir oyunda isə bərabərlik yaşandı. Oyunlarda ümumilikdə 32 qol (orta məhsuldarlıq 3,2 qol) vuruldu. Bu göstərici ötən turla müqayisədə bir qol azdı. Ən çox qol "Yuventus" və "Napoli" (4-3) arasındakı oyunda qeydə alındı. Bu, 1993-cu ilin martından bəri sözügedən iki komanda arasındakı ən məhsuldar oyun idi. Oyunla bağlı maraqlı bir məqam ondan ibarətdi ki, ötən mövsümün ən yaxşı müdafiəçisi seçilən Kalidu Kulibali yeni mövsümün ilk avtoqolunun müəllifi oldu.
 


Turun qəhrəmanı, heç şübhəsiz ki, "Sassuolo"nun hücumçusu Domeniko Berardi oldu. O, "Sampdoriya"ya qarşı oyunun ilk hissəsində üç dəfə fərqlənməklə bombardirlik siyahısında liderliyi ələ keçirdi. Bu, 2018-ci ildə İmmobilenin "Latsio"nun heyətində SPAL-a qarşı ilk hissədə etdiyi het-trikin təkrarlanması demək idi. Ümumilikdə bütün oyunlarda üç penalti qeydə alındı və keçirilən hər iki turda penaltiləri qola çevirmə göstəricisinə görə, "Fiorentina"nın yeni transferi Erik Pulqar liderliyi ələ keçirdi. Vurulan qollarla bağlı daha bir maraqlı statistika Sardiniyada qeydə alındı. Belə ki, "İnter"in hücumçusu Lautaro Martines ada təmsilçisi ilə son 3 qarşılaşmada ardıcıl 3 dəfə fərqlənməyi bacardı. Sonuncusu səfər qarşılaşmasında ilk qolu idi. Həmçinin "Yuventus"un yeni transferi Danilo meydana daxil olduqdan 29 saniyə sonra qol vurdu ki, bu da 2017-ci ilin sentyabrında Duvan Zapatanın 17-ci saniyədəki qolundan sonra ikinci ən yaxşı statistik göstərici oldu. Turun növbəti maraqlı hadisəsi A Seriyasına maraq qatacağı gözlənilən futbolçulardan biri olan, "Napoli"nin yeni transferi İrvinq Lozanonun çempionat tarixində ilk qola imza atan meksikalı olması idi.
 


Turun on oyununu ümumilikdə 396 051 azarkeş izləyib. Bu, ötən tur ilə müqayisədə 10 863 azarkeş çoxdu. On stadionun ümumi həcminə görə, 68% stadionların dolması  müşahidə edildi. Ən çox azarkeş yenə də Milanda, "San Siro"da, "Milan" ilə "Breşiya"nın oyununda müşahidə olundu – 56 691. Bu ötən həftə "İnter"in eyni stadiondakı göstəricisindən 7 497 nəfər az azarkeş deməkdi. Stadionun ümumi həcminə görə əsl anşlaq yenə də Sardiniyada müşhidə olundu. Rəsmi protokola inansaq, 16 233 nəfərlik "Sardiniya arenada” 16 412 azarkeş oyunu stadionda canlı izləyirdi, buda 101% dolma deməkdir. Ən az azarkeş yenə də "Atalanta"nın iştirakçısı olduğu oyunda müşahidə edildi – 8 182 nəfər. A Seriyası tarixində 2000-ci oyununa çıxan "Atalanta" öz stadionunun rekonstruksiyası səbəbindən, "Ennio Tardini"də "Torino"nu (2-3) qəbul etməli oldu. Turun mərkəzi oyunu, çempionatlar tarixində ilk dəfə mövsümün ikinci həftəsində baş tutan paytaxt derbisini isə izləməyə 48 889 azarkeş gəlmişdi. 

A Seriyasının ikinci həftəsinin oyunlarında müşahidə olunan azarkeş statistikası:

1. "Bolonya" - SPAL- 25 086 azarkeş (65%)
2. "Milan" – "Breşiya" - 56 691 (71%)
3. "Yuventus" – "Napoli" - 39 203 (94%)
4. "Latsio" – "Roma" - 48 889 (67%)
5. "Udineze" – "Parma" - 20 410 (81%)
6. "Sassuolo" – "Sampdoriya" - 9 608 (40%)
7. "Leççe" – "Verona" - 24 418 (72%)
8. "Cenoa" – "Fiorentina" - 22 000 (60%)
9. "Kalyari" – "İnter" - 16 412 (101%)
10. "Atalanta" – "Torino" - 8 182 (29%)

İkinci turda hakimlər 53 dəfə vərəqə üçün əllərini ciblərinə salıblar. Bunlardan 52-si sarı (orta hesabla hər oyuna 5,2), biri isə qırmızı (orta hesabla 0,1) vərəqə olub. Bu, ötən turla müqayisədə 7 vəqərə daha çoxdu. Yeganə qırmızı vərəqəni hakim Luka Piyaretto "Sassuolo" ilə qarşılaşmada "Sampdoriya"nın yarımmüdafiəçisi Vieyraya göstərib. Ən kobud oyun isə Fabio Mareskanın 8 dəfə sarı vərəqə üçün əlini cibinə atdığı "Kalyari" - "İnter" matçı idi.

A Seriyasında mövsümə yeni komandalarında start götürən baş məşqçilərdən Andreazolli ("Cenoa"), Yuriç ("Verona") və Campaolo ("Milan") bu tur mövsümdə ilk qələbələrini qazandılar. Di Françesko "Sampdoriya"da xala həsrətdir, Fonsekanın ardıcıl iki turda sülhə razılaşması müqabilində, Sarri ("Yuventus") və Konte ("İnter") tam sürət yollarına davam edirlər. (ardı var)



OXŞAR XƏBƏRLƏR