Serenata di Calcio 21

Serenata di Calcio 21

Bu həftə İtaliya A Seriyasında 21-ci turun oyunları baş tutub. Matçların dördündə bərabərlik qeydə alınıb. Ev sahibləri və qonaqlar isə hərəyə 3 görüşdə qələbəyə seviniblər. Qeyri-məhsuldar keçən turun iki oyununda qapılara qol vurulmayıb. Ümumilikdə isə qapı torları 24 dəfə (orta hesabla hər oyuna 2,4 qol) sirkələnib. Məhsuldarlığın aşağı olmasına baxmayaraq, bu həftə cari mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb. "Atalanta” səfərdə "Torino"nu 7 dəfə mərkəzdən oyuna başlamağa vadar edib. Bu, "berqamolular”ın A Seriyası tarixində 7 top fərqi ilə ilk qələbəsi idi, "Torino” isə ilk dəfə öz evində bu fərqlə məğlub olurdu.
 


Bu həftə "ilk dördlük"də qərarlaşan komandaların heç biri qələbə qazana bilmədi. Bu, 2017/18 mövsümünün 16-cı həftəsindən sonra ilk belə haldır. Turun mərkəzi oyunu heç şübhəsiz ki, "paytaxt derbisi” idi. Sülhlə ayrılan tərəflər cari mövsümdə ikinci dəfə buna nail oldular. Həmçinin 2002/03 mövsümündən sonra ilk dəfə bir mövsüm ərzində oynanılan hər iki "paytaxt derbisi” bərabərliklə yekunlaşdı. "Milan” ardıcıl 4 oyundu ki, qələbə qazanır. Bu, "rossonerilər" üçün cari mövsümdə ilk belə haldı. "Napoli” nəhayət ki, evdə 6 oyun davam edən qələbəsizlik seriyasına son qoydu. 
 


A Seriyasının 21-ci həftəsində qeydə alınan nəticələr:

"Breşiya” – "Milan” 0-1
SPAL – "Bolonya” 1-3
"Fiorentina” – "Cenoa” 0-0
"Torino” – "Atalanta” 0-7
"İnter” – "Kalyari” 1-1
"Verona” – "Leççe” 3-0
"Sampdoriya” – "Sassuolo” 0-0
"Parma” – "Udineze” 2-0
"Roma” – "Latsio” 1-1
"Napoli” – "Yuventus” 2-1

Qırmızı vərəqələrin bol olduğu həftədə hakimlər kobudluqlara görə ümumilikdə 60 dəfə əllərini ciblərinə salmalı olublar. Göstərilən vərəqələrdən 54-nün rəngi sarı, 6-nın rəngi isə qırmızı idi. Maraqlı bir məqam ondan ibarətdi ki, keçirilən oyunların ikisində iki qırmızı vərəqə qeydə alındı və hər ikisi də ev sahibi komandalara göstərildi.

Turun oyunlarını ümumilikdə 302 min 213 nəfər azarkeş izləyib. Bu, orta hesabla təxminən hər oyuna 30 min 221 nəfər deməkdir. Ən çox azarkeş yenə "Cuzeppe Meatsa”da qeydə alındı. Stadionun həcminə görə əsl anşlaq Sardiniyada idi. Belə ki, yerlərin 99%-i dolmuşdu. Ən az azarkeş isə "Paolo Matsa”ya toplaşmışdı. "Turun oyunu"nu isə 59 min 902 nəfər azarkeş izlədi. Bu, "Olimpiko” stadionunda cari mövsümdə qeydə alınan ən yüksək göstərici idi. Mövsümün ilk dövrəsindəki derbini 48 min azarkeş izləmişdi.

A Seriyasının 21-ci həftəsində qeydə alınan azarkeş statistikaları:

"Breşiya” – "Milan” – 19 451 (99%)
SPAL – "Bolonya”- 12 622
"Fiorentina” – "Cenoa” – 32 903
"Torino” – "Atalanta” – 18 824
"İnter” – "Kalyari” – 70 465
"Verona” – "Leççe”- 15 425 
"Sampdoriya” – "Sassuolo” – 19 260 
"Parma” – "Udineze” – 14 250
"Roma” – "Latsio”  - 59 902
"Napoli” – "Yuventus” – 39 111
 


Bu həftə də qapısını toxunulmaz saxlamağı bacaran Donnarumma "quru oyunlar"ın sayına görə (8) cari mövsümdə çempionatın lideridi. Kriştianu Ronaldu zərbələri ilə qapıçıların əsl kabusudur. Belə ki, o, Avropanın "top-5” çempionatlarında 101 zərbə ilə ən çox qapıya zərbə endirən futbolçudur. Atalanta A Seriyası tarixində 8 oyunda qapılara minimum 5 qol vurub ki, bunların 6-sı Qasperininin dönəmində baş tutub. İliçiç son 10 oyunda 10 qol vurmaqla İtaliya çempionatındakı ümumi qollarının sayını 83-ə çatdırıb və bombardirlər siyahısında əfsanəvi Paolo Rossiyə çatıb.
 


"Fiorentina”nın qapıçısı Bartlomey Dronqovski bu il 4 penaltidən üçünü dəf etməyi bacarıb. "İnter”in heyətində debüt oyununa çıxan Eşli Yanq 1997-ci ildən sonra Milan klubunda çıxış edən ilk ingilisdir. "İlanlar”ın heyətində son ingilis futbolçu Pol İns olmuşdu. Ceko çempionatın 21-ci həftəsində, vurduğu qolların sayını ötən mövsüm ümumilikdə vurduğu qolların sayına çatdırıb. Bosniyalı hücumçu cari mövsümdə 9 dəfə fərqlənməyi bacarıb. A Seriyasında ən çox "San Siro”da fərqlənməyi bacaran Nainqqolan isə ümumilikdə İtaliya çempionatındakı karyerası ərzində vurduğu 6 qoldan 4-nə məhz burada imza atıb. (ardı var)



OXŞAR XƏBƏRLƏR