Serenata di Calcio 22

Serenata di Calcio 22

İtaliya A Seriyasında 22-ci turun oyunları baş tutub. Keçirilən bütün oyunlarda qapılara minimum 2 qol vurulmaqla, ümumilikdə 40 dəfə qapı torları sirkələnib. Bu, orta hesabla hər oyuna 4 qol deməkdir. Bu tur ümumi qolların sayına görə cari mövsümün ən məhsuldar həftəsi oldu. Oyunların beşində ev sahiblərinin, ikisində isə qonaqların qələbəsi qeydə alındı. Üç görüş heç-heçə başa çatdı.

Tura "ilk dördlük"də daxil olan komandalardan "Atalanta” istisna olmaqla, digər üçü 3 xalı hesablarına yazdırmağı bacardılar. "İnter” cari mövsümdə 11 səfər oyununda 29 xal toplamaqla 2006/07 mövsümündəki rekordunu təkrarladı. Həmçinin bu, onların "Udineze” ilə ardıcıl beş oyunda qapısında qol görməməsi demək idi. "Latsio” 16 oyundur ki, məğlub olmur. "Romalılar" 2002/03 mövsümündəki rekordlarını təkrarlayıb. "Napoli” çempionatda sentyabr ayından sonra ilk dəfə ardıcıl iki oyunda qələbə qazandı. "Verona” ardıcıl 12, "Sassuolo” isə ardıcıl 11 ev oyununda qol vurmağa müvəffəq oldu.
 


"Verona” çempionatlar tarixində heç vaxt "San Siro”da "Milan”ı məğlub edə bilməyib: 12 bərabərlik, 16 məğlubiyyət. Ardıcıl iki oyunda qapısında 11 qol görən "Torino” antirekordunu yenilədi. Ağır məğlubiyytlərdən sonra baş məşqçi Valter Madzarri ilə yollar ayrıldı. Onu Moreno Lonqo əvəzləyib. Bu həftə daha bir baş məşqçi istefası "Breşiya”da qeydə alındı. Eucenio Korini mövsüm ərzində ikinci dəfə istefaya göndərildi. Onun yerinə Dieqo Lopes baş məşqçi təyin olunub. "Bolonya” 1975-ci ildən sonra ilk dəfə ardıcıl 18 ev oyununda rəqib qapılarına yol tapmağı bacardı. "Cenoa” ardıcıl 12-ci səfər görüşündə də qələbə qazana bilmədi: 6 bərabərlik, 6 məğlubiyyət. "Sassuolo” 5 bərabərlik, 8 məğlubiyyətdən sonra ilk dəfə A Seriyasında "Roma”nı məğlub etməyi bacardı. "Yuventus” "Fiorentina”ya qarşı ardıcıl 34 ev oyunudu ki, qol vurur. "Turinlilər" çempionatlar tarixində 1600 qələbəyə çatan ilk komanda oldular. "Udineze” isə Luka Qottinin məşqçiliyi dövründə ilk dəfə evdə məğlub oldu. 
 


İtaliya A Seriyasının 22-ci turunda qeydə alınan nəticələr:

"Bolonya” – "Breşiya” 2-1
"Kalyari” – "Parma” 2-2
"Sassuolo” – "Roma” 4-2
"Yuventus” – "Fiorentina” 3-0
"Atalanta” – "Cenoa” 2-2
"Milan” – "Verona” 1-1
"Latsio” – SPAL 5-1
"Leççe” – "Torino” 4-0
"Udineze” – "İnter” 0-2
"Sampdoriya” – "Napoli” 2-4

Bu tur hakimlər kobudluqlara görə 57 dəfə əllərini ciblərinə salmalı oldular. Vərəqələrdən 54-nün rəngi sarı, 3-nün isə qırmızı olub. Bütün qırmızı vərəqələr qonaq komandaların futbolçularına göstərilib. Ən kobud oyunlar "Mapey Arena” və "Qevis Arena”da keçirildi. Belə ki, biri qırmızı vərəqə olmaqla, hakimlər hər bir görüşdə 8 dəfə futbolçuları vərəqə ilə cəzalandırıblar.

Bu tur keçirilən oyunları ümumilikdə 269 min 824 nəfər izləyib. Bu, orta hesabla hər oyuna təxminin 26 min 682 nəfər azarkeş deməkdir. Həmişəki kimi, ən çox azarkeş "San Siro”da qeydə alınıb. Stadionun həcminə görə əsl anşlaq Sardiniyada idi. Yerlərin 99%-i dolmuşdu. Turun ən az azarkeş sayı isə "Mapey Arena”da qeydə alındı: 13 min 411 nəfər.

Keçirilən oyunlarda qeydə alınan azarkeş statistikaları:

"Bolonya” – "Breşiya” – 21 665 (56%)
"Kalyari” – "Parma” – 16 051 (99%)
"Sassuolo” – "Roma” – 13 411 (56%)
"Yuventus” – "Fiorentina” – 39 408 (95%)
"Atalanta” – "Cenoa” – 18 755 (88%)
"Milan” – "Verona” – 55 355 (69%)
"Latsio” – SPAL – 40 000 (55%)
"Leççe” – "Torino” – 21 947 (65%)
"Udineze” – "İnter” – 23 215 (92%)
"Sampdoriya” – "Napoli” – 20 017 (54%)
 


Kriştianu Ronaldu bu həftə A Seriyasında 50-ci oyununa çıxmışdı. O, ardıcıl 9 çempionat oyununda fərqlənməklə David Trezegenin 2005-ci ildəki rekordunu təkrarladı. Bundan başqa portuqaliyalı oyunçu çempionatın 3 xallı dönəmində 40 qolla 50 oyuna ən çox qol vuran futbolçu oldu. O, bu siyahıda fenomen Ronaldo (38), Şevçenko (37), Dieqo Milito (37) və Montellanı (36) qabaqladı. Arkadiuş Milik vurduğu 35 qolun 15-nə topa ilk zərbəsində müvəffəq olub. Bu həftə o, 3-cü dəqiqədə fərqləndi. Demme Maradonadan sonra A Seriyasında "Napoli” forması ilə qol vuran ikinci "Dieqo”dur. Argentinalı əfsanə "Napoli” forması ilə son qolunu 1991-ci ildə məhz "Sampdoriya”nın qapısına vurmuşdu.
 


Bu həftə "Milan” tarixində əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, oyunun gedişatında meydana daxil olan Daniel Maldini bu klubun tarixində Maldinilər nəslinin üçüncü davamçısı oldu. Həmçinin o, çempionatda 2000-ci ildən sonra doğulanlar arasında oyun keçirən ilk futbolçudur. Edin Ceko bütün turnirlər nəzərə alınmaqla minimum 100 qola imza atan 7-ci "Roma” futbolçusu ünvanına sahib çıxdı. Rikkardo Orsolini 2019-cu ilin martından A Seriyasında 19 qolun vurulmasında (12 qol, 7 ötürmə) iştirak edib. O, bu göstəricidə yalnız Çiro İmmobile (35) və Belottiyə (20) uduzur. Joao Pedro cari mövsümdə 22 oyuna 14 qol vurub. Sonuncu dəfə İtaliya çempionatında bu qədər görüşdə ən çox qol vuran braziliyalı futbolçu 1983/84 mövsümündə "Udineze”də çıxış edən Ziko olmuşdu. Çempionatın bombardiri Çiro İmmobile A Seriyası tarixində 21 oyuna 25 qola imza atan ikinci futbolçu oldu. Ona qədər bunu 1959-cu ildə Antonio Ancelillo etmişdi. Romelu Lukaku isə son 25 ildə ardıcıl 11 səfər oyununda 12 qola imza atan ilk futbolçu kimi tarixə düşdü (ardı var).


Sport7.az       

OXŞAR XƏBƏRLƏR