Serenata di Calcio 23

Serenata di Calcio 23

İtaliya A Seriyasında 23-cü tura yekun vuruldu. Bu tur qapılara ümumilikdə 33 qol (orta hesabla hər oyuna 3,3 qol) vuruldu. Ən məhsuldar oyun kimi turun mərkəzi matçını qeyd etmək olar. "Milan derbisi”ndə ümumilikdə 6 dəfə torlar sirkələndi.

"İnter” 1983-cü ildən bəri ilk dəfə ardıcıl dörd derbidə qalib gələn tərəf oldu. Həmçinin "neradzurrilər" tarixlərində ikinci dəfə derbidə iki top fərqi ilə geri düşmələrinə baxmayaraq, sonda qələbə qazanmağı bacardılar. İlk belə hal 1943-cü ilin noyabrında qeydə alınmışdı və həmin qarşılaşmanı "İnter” 6:5 hesabı ilə öz xeyrinə bitirmişdi.
 


"Torino” bu həftə yeni baş məşqçi Morena Lonqo ilə meydana çıxdığı ilk oyunda məğlub olmaqla yanaşı, 1959-cu ildən bəri ilk dəfə ardıcıl 3 çempionat oyununda qapısında 14 qol gördü. "Latsio” məğlubiyyətsizlik seriyasını 18 oyuna çatdırmaqla klub rekorduna imza atdı. "Atalanta” cari mövsümdə 61 dəfə rəqib qapılarına yol tapmaqla 23 tur ərzində "Yuventus”un 1959/60 mövsümündəki rekordunu təkrarladı. Çempionatın lideri ilə oyunda geridönüş edərək qələbə qazanan "Verona” son 20 il ərzində ilk dəfədi ki, 8 ardıcıl oyunda məğlubiyyətin nə olduğunu bilmir. "Bolonya” A Seriyasında 50-ci dəfə "Roma”ya qalib gəlməklə çempionatlar tarixində "canavarlar”ı ən çox məğlub edən klub ünvanına sahib oldu. "Leççe” 1998-ci ildən bəri ilk dəfə "Napoli”yə səfərdə qalib gəldi. Bu, "neapollular”ın öz meydanlarında keçirdikləri son 6 oyunda 5-ci məğlubiyyəti idi.
 


"Kalyari” 2015-ci ildən sonra, ilk dəfədi ki, ardıcıl 9 oyundur ki, qələbəyə həsrətdir. "Sassuolo” heç vaxt A Seriyasında SPAL-a məğlub olmayıb: 4 qələbə, 2 bərabərlik. Bu oyunun nəticəsindən sonra SPAL A Seriyasında çıxış edən klublar içərisində ən uzun müddətə sükanı arxasında olan baş məşqçisi Leonardo Semplicini istefaya göndərdi. Onun əvəzinə baş məşqçi postuna, sonuncu iş yeri İtaliyanın 21 yaşlılardan ibarət komandası olan Di Byaco gətirildi. "Cenoa” yeni baş məşqçisi Davide Nikola ilə son 6 oyunda 8 xal toplamağı bacarıb. Bu cari mövsümda digər iki məşqçinin komandaya qazandırdığı xallardan daha çoxdur: Tyaqo Motta (9 oyuna 6 xal) və Aurelio Andreatsoli (8 oyuna 5 xal). "Atalanta” isə son 27 il ərzində ilk dəfə "Fiorentina”ya səfərdə qalib gəldi. Buna qədərki oyunlarda 7 bərabərlik və 11 məğlubiyyət qeydə alınmışdı. 

A Seriyasının 23-cü həftəsində qeydə alınan nəticələr:

"Roma” – "Bolonya” 2-3
"Fiorentina” – "Atalanta” 1-2
"Torino” – "Sampdoriya” 1-3
"Verona” – "Yuventus” 2-1
SPAL – "Sassuolo” 1-2
"Cenoa” – "Kalyari” 1-0
"Napoli” – "Leççe” 2-3
"Breşiya” – "Udineze” 1-1
"Parma” – "Latsio” 0-1
"İnter” – "Milan” 4-2

Bu tur hakimlər kobudluqlara görə ümumilikdə 62 dəfə əllərini ciblərinə salmalı olublar. Göstərilən vərəqələrdən 60-nın rəngi sarı, ikisininki isə qırmızı olub. Turun ən kobud görüşləri Paolo Valeri ("Torino”- "Sampdoriya”) və Campaolo Kalvarezenin (SPAL – "Sassuolo”) idarə etdiyi oyunlar olub. Bu qarşılaşmalarda hakimlər 9 dəfə futbolçuları vərəqə ilə cəzalandırıblar.
 
Keçirilən oyunları ümumilikdə 298 min 536 nəfər azarkeş izləyib. Bu, orta hesabla hər oyuna təxminın 29 min 853 nəfər deməkdir. Ən çox azarkeş turun mərkəzi qarşılaşmasında qeydə alındı. "Cuzeppe Meatsa”da keçirilən oyun həm də mövsümün ən çox azarkeş tərəfindən izlənilən oyunu idi: 75 min 817 nəfər. Bu matçda yerlərin 95%-i dolmuşdu. Ən az azarkeş isə "Paolo Matsa”da qeydə alındı: 12 min 988 nəfər. Amma stadionun həcminə görə bu oyunda yerlərin 80%-i dolmuşdu.

Keçirilən oyunlarda qeydə alınan azarkeş statistikaları:

"Roma” – "Bolonya” – 31 808 (44%)
"Fiorentina” – "Atalanta” – 35 084 (81%)
"Torino” – "Sampdoriya” – 20 664 (74%)
"Verona” – "Yuventus” – 28 654 (73%)
SPAL – "Sassuolo” – 12 988 (80%)
"Cenoa” – "Kalyari” – 21 301 (58%)
"Napoli” – "Leççe” – 40 825 (68%)
"Breşiya” – "Udineze” – 13 586 (70%)
"Parma” – "Latsio” – 17 859 (64%)
"İnter” – "Milan” – 75 817 (95%)
 


Turun mərkəzi oyununda fərqlənən Zlatan İbrahimovic "Milan derbi”sində qol vuran ən yaşlı futbolçu (38 yaş 129 gün) oldu. O, Nils Lidholma (38 yaş 43 gün) məxsus rekordu ələ keçirdi. İbrahimoviç "İnter"ə qarşı son 4 oyunda ümumilikdə 5-ci dəfə vurulan qollarda iştirakçı oldu: 4 qol, 1 məhsuldar ötürmə. Kriştianu Ronaldu "Yuventus” tarixində ardıcıl 10 oyunda fərqlənən ilk futbolçu oldu. Campaolo Patsini cari mövsüm A Seriyasında 90 dəqiqə meydanda olan futbolçular arasında orta hesabla hər 40 dəqiqədən bir fərqlənən yeganə futbolçudur. "Bolonya” ilə bu həftə qazandığı qələbə Sinişa Mixayloviçin baş məşqçi kimi A Seriyasında 100-cü qələbəsi oldu. Alexandro Qomez isə Avropanın "top-5” liqalarında son 4 mövsümdə mütəmadi olaraq minimum 10 oyunda qol ötürməsi edən yeganə futbolçudur. (ardı var)



OXŞAR XƏBƏRLƏR