Serenata di Calcio 4

Serenata di Calcio 4

A Seriyasında 2019/20  mövsümünün hələlik ən aşağı məhsuldarlığın (cəmi 28 qol) müşahidə olunduğu dördüncü həftədə, ikisi Lombardiya və Emilya-Romanya regionlarında olmaqla, ümumilikdə oyunlar İtaliyanın 8 regionun 10 şəhərində baş tutdu. Turun ən məhsuldar oyunu Apuliyada, 5 qolun vurulduğu "Leççe” və "Napoli” (1-4) arasındakı qarşılaşmada qeydə alındı. Bu oyunda debüt edən ispan hücumçu Fernando Lyorente, polşalı hücumçu Arkadiuş Milikdən (2016-cı ilin avqustu) sonra, neapolluların forması ilə A Seriyasında debüt oyunundaca dubl edən ilk futbolçu oldu.
 


Qol statistikaları baxımından əlamətdar olan bu həftədə 36 yaşlı Frank Riberi "Fiorentina”da ilk qoluna imza atmaqla, A Seriyasında qol vuran ən yaşlı legioner kimi yadda qaldı: 36 yaş, 168 gün. Həmçinin "Yuventus”un "Verona” ilə matçında fərqlənən Aaron Remzi İan Raş və Con Çarlzdan sonra A Seriyasında ilk zərbəsini qola çevirən üçüncü uelsli futbolçu kimi tarixə düşdü. Cari mövsüm məhsuldarlığı ilə xüsusi olaraq seçilən "Sassuolo” ilk dörd həftədə 10 qol vurmaqla, iştirak etdiyi çempionatlar tarixində A Seriyasının analoji dövrü üçün vurulan qolların sayına görə şəxsi rekorduna imza atdı. Bu qolların yarısında birbaşa iştirak edən və çempionatın şəriksiz bombardiri Domeniko Berardi bu həftə qol vurmaq estafetini, SPAL ilə oyunda dubl edən Kaputoya ötürdü. Özü isə iki məhsuldar ötürmə ilə yadda qaldı. Daha bir maraqlı qol statistikası "Bolonya” və "Roma” arasındakı oyunda qeydə alındı. Belə ki, Aleksandr Kolarov İtaliyaya qayıtdığı 2017/18 mövsümündən etibarən "Roma” forması ilə vurduğu 6 qola cərimə zərbəsindən sonra imza atıb. O, bu göstəriciyə görə analoji dövr üzrə Avropanın "top-5” çempionatlarında yalnız Lionel Messidən (12 qol) geri qalır. Bu oyun həmçinin "Roma”nın gənc istedadı Nikolo Zanyolonun karyerası boyunca həm qol vurduğu, həm də qol ötürməsi etdiyi ilk görüş kimi yadda qaldı. Sardiniya təmsilçisi "Kalyari”nin gənc istedadı Covani Simyone isə iki ardıcıl oyunda fərqlənməklə 2018-ci ilin dekabr ayından sonra ilk dəfə belə bir göstəriciyə nail oldu.   
 
     

A Seriyasının dördüncü həftəsinin oyunlarında müşahidə olunan azarkeş statistikası:

1. "Kalyari” – "Cenoa” - 14 574 (90%)
2. "Udineze” – "Breşiya - 20 410 (81%)
3. "Yuventus” – "Verona” - 39 945 (96%)
4. "Milan” – "İnter” - 70 440 (88%)
5. "Sassuolo” – SPAL - 8 500 (35%)
6. "Bolonya” – "Roma” - 23 513 (36%)
7. "Leççe” – "Napoli” - 21 644 (63%)
8. "Sampdoriya” - "Torino” - 19 041 (51%)
9. "Atalanta” – "Fiorentina” - 11 500 (54%)
10. "Latsio” – "Parma” - 20 000 (27%)

A Seriyasının dördüncü həftəsini stadionlardan 249 min  567 nəfər izləyib və bu, orta hesabla hər oyuna 24 min  957 nəfər azarkeş deməkdir. Heç şübhəsiz ki, ən çox azarkeş turun mərkəzi oyunu Milan derbisində müşahidə edildi: 70 min 440 nəfər. Bu say 2019/20 mövsümünün ən yüksək göstəricisi idi. Stadionun həcminə görə ən aşağı göstərici paytaxt təmsilçisi "Latsio”nun oyunda qeydə alındı. Bu, həm də stadionun dolma səviyyəsinə görə cari mövsümün ən aşağı göstəricisi idi: 27%. Stadionun həcminə görə ən yüksək göstərici isə 96% ilə "Aliants” stadionunda müşahidə olundu: 39 min 945 nəfər.

Çempionatın dördüncü həftəsində hakimlər ümumilikdə 52 dəfə (orta hesabla hər oyuna 5.2) vərəqə üçün əllərini ciblərinə salmalı oldular. Bunlardan ikisi qırmızı (orta hesabla 0,2), 50-si sarı vərəqə idi. Bu da orta hesabla hər oyuna 5 sarı vərəqə demək idi. Turun ən kobud oyunu Luka Payirettonun idarə etdiyi "Bolonya” və "Roma” arasındakı matç idi. Hakim bu oyunda biri qırmızı vərəqə olmaqla futbolçulara ümumilikdə on vərəqə göstərdi. Ən az - iki sarı vərəqənin qeydə alındığı oyun isə turun açılışı qarşılaşması ("Kalyari” - "Cenoa”) idi.
 


A Seriyasının bu həftəsi bəzi komandalar və futbolçuların şəxsi statistik göstəriciləri ilə yadda qaldı. Belə ki, həftənin mərkəzi oyununda məğlub olan "Milan” derbilərdə ardıcıl yeddinci dəfə qələbəyə həsrət qaldı. Buna qədərki oyunlarda "nerazzuri”nin 3 qələbəsi qeydə alınmış, 3 görüş isə bərabərə bitmişdi. Bu oyun həmçinin "rossonerilər”in yarımmüdafiəçisi Frank Kessi üçün bütün turnirlər nəzərə alınmaqla, "qırmızı-qara” formada 100-cü matç idi.  Cari mövsüm ilk qələbəsini və xallarını qazanan "Sampdoriya”nın rəqibi "Torino” A Seriyası tarixində 2500-cü oyununu keçirdi. Bu tur həm də bütün turnirlər nəzərə alınmaqla, 902-ci oyununa çıxan Canluici Buffonun, karyerası boyu ən çox oyun keçirən İtaliya futbolunun əfsanəsi Paolo Maldiniyə oyun sayında çatması ilə də yadda qaldı. Bu, həmçinin "Yuventus” qapıçısının İtaliyaya geri dönüşündən sonra meydana çıxıdığı ilk rəsmi oyun idi. (ardı var)



OXŞAR XƏBƏRLƏR