Serenata di Calcio 5

Serenata di Calcio 5

İtaliya A Seriyasının beşinci turunda cari mövsümdə ilk dəfə oyunlar həftə içi keçirildi. Bu, həm stadionlardakı azarkeşlərin, həm də vurulan qolların sayına təsirini göstərdi. Belə ki, 5-ci turda ümumilikdə 18 qol vuruldu və bu, hər oyuna orta hesabla 1,8 qol deməkdir. Qeyd edim ki, cari mövsüm ən az qol dördüncü həftədə qeydə alınmışdı: 28 qol.

Turun ən məhsuldar oyunu 4 qolun vurulduğu SPAL - "Leççe" (1:3) matçı idi. Bu SPAL-ın ardıcıl 11 oyunda fərqlənməsi, ümumilikdə 16 qola imza atması deməkdir və həmçinin komandanın şəxsi rekordudur. İki görüşdə isə ümumiyyətlə qol vurulmadı. Maraqlı nəticələrlə bol həftədə, çempionluq mübarizəsi verən, ümumilikdə 2009-cu ilin aprelindən, doğma meydanda isə 2007-ci ilin avqustundan bəri "Kalyari" ilə oyunlarda məğlubiyyətin nə olduğunu bilməyən "Napoli" bu səfər 3 xala həsrət qaldı. Matç boyu nəzarəti əlində saxlamasına baxmayaraq, "sardiniyalılar" bu qələbəni 87-ci dəqiqədə qapı çərçivəsi daxilinə endirdikləri yeganə zərbənin hesabına əldə etdilər. Qolun müəllifi isə Lukas Kastro idi. Bu qələbə həm də "Kalyari"nin 2016-cı ilin oktyabr ayından sonra, çempionatda ilk dəfə ardıcıl üç qələbəsi demək idi.
 


Daha bir maraqlı hesab paytaxtda "Roma" və "Atalanta" (0-2) arasındakı oyunda qeydə alındı. Paulo Fonsekanın yetirmələri cari mövsümdə ilk məğlubiyyəti turnir cədvəli baxımından mövsümün sonuna kimi, bəlkə də, daban-dabana mübarizə aparacağı əsas rəqibi - "berqamolular"dan aldı. Onu da qeyd etmək lazımdır ki, paytaxt təmsilçisi son 6 ev oyununda "Atalanta"nı məğlub edə bilmir: 3 məğlubiyyət, 3 bərabərlik. Bu, "Atalanta"nın ardıcıl 9 çempionat oyununda məğlubiyyətsiz oynaması demək idi. Həmçinin "berqamolular" A Seriyasında son 9 oyunda ilk dəfə qapısını toxunulmaz saxlamağı bacardı. "Roma" isə 16 çempionat oyunundan sonra ilk dəfə rəqib qapılarına yol tapa bilmədi.

Nəhayət ki, 18 oyundan sonra (sonuncu dəfə 2019-cu ilin fevralı) "Fiorentina" çempionatda ilk qələbəni qazandı. Evdəki sonuncu qələbə isə daha gec, 13 oyun bundan öncə, ötən ilin dekabr ayında qeydə alınmışdı. "Torino"nun son 11 oyununda 10 qola imza atan Belottinin dublu sayəsində "öküzlər" 1942-ci ildən sonra ilk dəfə "Milan" ilə oyunlarda geri dönüş edərək qələbə qazandı. "Rossonerilər" isə cari mövsümdə üçüncü məğlubiyyətini almış oldu. "Parma" ilə oyunda son dəqiqədə qapısında gördüyü qoldan sonra məğlub olan "Sassuolo" çempionatda ardıcıl 5 səfər oyunudu ki, məğlub olur. "Parma" isə cari mövsüm çempionatda yeganə komandadır ki, vurduğu bütün beş qolun hamısına oyun vəziyyətindən imza atıb.
 


A Seriyasının beşinci həftəsinin oyunlarında müşahidə olunan azarkeş statistikası:

"Verona" - "Udineze" - 13 740 (35%)
"Breşiya" - "Yuventus" - 18 500 (95%)
"Roma" - "Atalanta" - 31 832 (44%)
"Fiorentina" - "Sampdoria" - 33 469 (77%)
"Cenoa" - "Bolonya" - 20 497 (56%)
"İnter" - "Latsio" - 56 175 (70%)
"Napoli" - "Kalyari" - 25 048 (41%)
"Parma" - "Sassuolo" - 13 801 (49%)
SPAL - "Leççe" - 13 299 (82%)
"Torino" - "Milan" - 23 997 (86%)

Çempionatın beşinci həftəsində ümumilikdə 250 min 358 nəfər insan oyunları stadiondan izləyib. Ən çox azarkeş yenidən "Cuzeppe Meatsa"da müşahidə edildi: 56 min 175 nəfər. Stadionun ümumi həcminə görə isə əsl anşlaq son çempionu "Mario Riqamonti"də qəbul edən "Breşiya"nın oyununda idi: 18 min 500 nəfər (95%). 

A Seriyasının bu həftəsində hakimlər kobudluqlar səbəbindən 55 dəfə vərəqə (orta hesabla hər oyuna 5,5 vərəqə) üçün əllərini ciblərinə salmalı olublar. Onlardan 52-nin rəngi sarı (orta hesabla 5,2), üçünün rəngi isə qırmızı (orta hesabla 0,3) olub. Turun ən kobud oyunları 10 vərəqənin qeydə alındığı və hər ikisində də qırmızı vərəqə göstərilən "Fiorentina" - "Sampdoriya" və "Torino" - "Milan" matçları idi. 

Şəxsi göstəricilər baxımından əlamətdar olan həftədə nəhayət ki, "Breşiya"nın yeni transferi və vətəninə qayıdan Mario Balotelli 1128 gündən sonra yenidən A Seriyasında debüt etdi. O, sonuncu dəfə 2016-cı ilin fevralında "San Siro"da "Milan" və "Roma" arasındakı oyunda meydanda olmuşdu. Bütün turnirlər nəzərə alınmaqla, "İnter"in kapitanı Samir Handanoviç bu tur 300-cü dəfə "nerazzurilərin" formasında meydana çıxdı. Cari mövsümdə maksimum nəticə göstərən "lombardiyalılar" ardıcıl beş qələbə ilə baş məşqçi Antonio Kontenin adını klubun tarixinə yazdırmağı bacardılar. Belə ki, o, "İnter" tarixində çempionatın ilk ardıcıl beş oyununu qazanan yeganə baş məşqçi oldu.
 


Turnir cədvəlində "İnter"in ən yaxın izləyicisi olan son çempion "Yuventus" isə bu həftə debütant "Breşiya"nı məğlub etməklə, 2013-cü ilin may ayından sonra A Seriyasına yeni vəsiqə qazanan komandalar üzərində səfər oyunlarında məğlubiyyətsiz seriyasını davam etdirdi. "Turinlilər" son 19 oyunda 15 qələbə qazanıb, 4 bərabərliklə kifayətləniblər. Tarixinin ən uğursuz mövsümlərindən birinə start verən "Sampdoriya" isə son 34 ildə ilk dəfə çempionatın üç ardıcıl səfər oyununda məğlub olur. Sözügedən oyunda fərqlənməklə "Fiorentina"ya mövsümün ilk qələbəsini gətirən Federiko Kyeza isə 1070 dəqiqədən sonra A Seriyasında ilk qoluna imza atdı.



OXŞAR XƏBƏRLƏR