Serenata di Calcio 7

Serenata di Calcio 7

A Seriyasının 7-ci turu bir çox məqamla yadda qaldı. "Sassuolo"nun prezidenti Corco Skuintsinin vəfatı səbəbindən onun doğma komandasının "Breşiya" ilə oyunu 18 dekabr tarixinə təxirə salındı. Ən əsası - mövsümün startından bəri ilk dəfə çempionatın turnir cədvəlində lider dəyişikliyi baş tutdu. Belə ki, "İtaliya derbisi"nin qalibi hazırkı çempion "Yuventus" oldu və "İnter" cari mövsümdə ilk məğlubiyyətini aldı:

SPAL - "Parma" - 1:0

"Verona" - "Sampdoriya" - 2:0

"Cenoa" - "Milan" - 1:2

"Fiorentina" - "Udineze" - 1:0

"Atalanta" - "Leççe" - 3:1

"Bolonya" - "Latsio" - 2:2

"Roma" - "Kalyari" - 1:1

"Torino" - "Napoli" - 0:0

"İnter" - "Yuventus" - 1:2
 


A Seriyasının 7-ci həftəsində qeydə alınan nəticələrdən sonra ən ciddi dəyişikliklər baş məşqçilərlə bağlıdır. Artıq bir çalışdırıcının istefası baş tutub: "Sampdoriya" rəsmən Eusebio Di Françesko ilə yollarını ayırıb. Son oyunda qələbə qazanmasına baxmayaraq, oyundan qətiyyən razı qalmayan "Milan" rəhbərliyi Marko Campaolo ilə yollarını ayırmaq üzrədi və bunun rəsmiləşdirilməsi an məsələsidir. Belə ki, təyinatı baş tutacaq yeni baş məşqçi namizədləri ilə danışıqlar davam etdirildiyi üçün istefa xəbəri hələ açıqlanmayıb. Daha bir baş məşqçi dəyişikliyi isə "Milan"nın son oyunda məğlub etdiyi "Cenoa" ilə bağlıdır. Belə ki, rəhbərlik yeni baş məşqçi namizədi ilə danışıqlar apardığı üçün Andretsollinin rəsmən istefaya göndərilməsi gecikir.

Ümumilikdə, bu həftə baş tutan 9 oyunun 4-də ev sahibi, 2-də qonaqlar qalib gəldi halda, 3 matçda bərabərlik qeydə alındı. Tur ərzində qapılara 20 qol vuruldu və bu, hər oyuna orta hesabla 2,2 qol deməkdir. Hakimlər kobudluqlara görə 52 dəfə əllərini vərəqə üçün ciblərinə salmalı oldular. Bunlardan 47-nin rəngi sarı (orta hesabla hər oyuna 5,2), 5-nin rəngi isə qırmızı (orta hesabla 0,55) idi. Ən kobud oyun Daniele Orsatonun idarə etdiyi "Bolonya" - "Latsio" matçı oldu ki, burada hakim 8 sarı və 2 qırmızı vərəqə göstərdi.

Çempionatın 7-ci həftəsinin görüşlərini stadiondan ümumilikdə 267 min 143 nəfər azarkeş izləyib və bu, orta hesabla hər oyuna təxminən 29 min 682 nəfər deməkdir. Turun və ümumilikdə, cari mövsümün rekord azarkeş sayı bu turda baş tutan "İtaliya derbisi"ndə qeydə alındı: 75 min 923 nəfər. Bu oyun həmçinin A Seriyasında bir oyunda satılan bilet sayından əldə olunan gəlirə görə də rekorda imza atdı. Mövsüm başlayandan stadionun rekonstruksiyası səbəbilə ev oyunlarını Parmada keçirən "Atalanta" nəhayət ki, cari mövsümdə ilk dəfə rəqibini öz doğma stadionu - "Qeviss Arena"da qəbul etdi. Heç şübhəsiz ki, bu hadisə yerli azarkeşlərin diqqətindən kənar qala bilməzdi və stadionun həcminə görə ən böyük anşlaq məhz "Atalanta" - "Leççe" oyununda yaşandı. Yerlərin 97%-i dolmuşdu. Ən az azarkeş isə turun açılış matçında (SPAL - "Parma") qeydə alındı.

A Seriyasının yeddinci həftəsinin oyunlarında müşahidə olunan azarkeş statistikası:

SPAL - "Parma" - 11 min 776 nəfər (73%)

"Verona" - "Sampdoriya" - 17 787 (73%)

"Cenoa" - "Milan" - 22 486 (61%)

"Fiorentina" - "Udineze" - 37 963 (88%)

"Atalanta" - "Leççe" - 20 771 (97%)

"Bolonya" - "Latsio" - 22 052 (58%)

"Roma" - "Kalyari" - 34 385 (47%)

"Torino" - "Napoli" - 24 000 (86%)

"İnter" - "Yuventus" - 75 923 (95%)
 


A Seriyasının bu həftəsində komandalar və fərdlərlə bağlı maraqlı statistikalar qeydə alındı. "Sampdoriya" ilə oyunda "Verona"nın ilk qoluna imza atan Maraş Kumbulla Avropanın "top-5" çempionatlarında cari mövsümdə qol vuran ən gənc müdafiəçi oldu. O, 1 yanvar, 2000-ci ildən sonra dünyaya gələn müdafiəçilər arasında vurulan ilk qolun müəllifi idi. Cari mövsüm çempionatda ardıcıl uğurlu nəticələr əldə edən "Atalanta" 7 oyunda ümumilikdə 18 qola imza atıb. Bu, komandanın 1949/50 mövsümündəki rekordunun təkrarlanması deməkdir. Bundan başqa, "berqamolular" "Leççe" ilə matçın ilk hissəsində rəqib qapısına 14 zərbə endirməklə cari mövsümün rekorduna da sahib olub. "Cenoa" ilə oyunda qırmızı vərəqə səbəbindən sonra yenidən meydana qayıdan Davide Kalabriya bu oyunda da qırmızı vərəqə almaqla cari mövsüm Avropanın "top-5" çempionatılarında bu formada ən çox cəzalan futbolçu oldu.

Uzunmüddətli zədədən qayıdan Cakomo Bonaventura isə 349 gündən sonra ilk dəfə A Seriyasında meydana çıxdı (sonuncu oyun 21 oktyabr 2018 ci il Milan derbisində). Penalti zərbəsindən "Milan"a qələbə gətirən Frank Kesye isə A Seriyasında çıxış etməyə başladığı müddətdən sonra yerinə yetirdiyi 10 belə zərbənin 9-cusunu qola çevirməyi bacardı. Ardıcıl üç oyunda qələbə qazanan "Fiorentina" son matçdakı qələbəni künc zərbəsindən sonra vurulan qolla qazanaraq, sözügedən standart vəziyyətdən ən çox qol vuran komanda ünvanına sahib oldu.
 


Çempionat tarixində keçirilən 173 "İtaliya derbisi"nin ən populyarı olan oyunda 2015-ci ildən sonra ilk dəfə bir qarşılaşmanın ilk hissəsində hər iki tərəf fərqlənməyi bacardı. "Yuventus"un ilk qoluna imza atan Paolo Dibala çıxış etdiyi Avropa klublarında vurduğu 100 qolun 92-də sol ayaqla fərqlənib. Həmin qollardan 79-nu Turin klubunda icra etdiyi halda, 21-nə "Palermo"da imza atıb. Qələbə qolunun müəllifi digər argentinalı Qonsalo İquain isə A Seriyasında üçüncü dəfə idi ki, əvəzetmədən oyuna daxil olduqdan sonra fərqlənirdi. Sonuncu belə hal 2017-ci ildə "Torino" ilə matçda yaşanmışdı. 

Yığma komandaların Avropa çempionatının təsnifat mərhələsindəki oyunları səbəbindən A Seriyasında oktyabrın 19-na kimi fasilə yaranacaq. (ardı var) 



OXŞAR XƏBƏRLƏR