Sevəsən, Dodo kimi...

Sevəsən, Dodo kimi...

Braziliyada doğulan Luis Hilario Dodo heç vaxt ağlına gətirməzdi ki, bir gün tanımadığı, ona yad olan ölkədə - Azərbaycanda çıxış edəcək. Yəqin ki, menecerlər ona 2011-ci ilin yayında transfer təklifi gətirəndə, "Qəbələ"nin adını ilk dəfə eşidirdi.

Artıq 5 ildi Azərbaycandadı. Uşaqlıq illərində ilk evi küçə olan Dodonun indi "Qəbələ" kimi iqamətgahı var. Çətinliklə, küçədə şirniyyat satmaqla, anasının 3 il həbsxandan çıxmasını gözləməklə böyüyən braziliyalı, indi də "Qəbələ"nin böyüyən ümidlərinin, uğurlarının bir parçasıdı.

"Qırmızı-qaralar"ın heyətində ilk 100 oyun keçirən futbolçudu. Qrup mərhələsinə gedən yolda Afinada "Panatinaikos"u devirən adamdı. Azərbaycan futbolunda ən erkən qolun müəllifidi. Və yüzlərlə, minlərlə qəbələli azarkeşlərin sevimlisidi.

Hər dəfə rəqib qapısından qol vuranda, qolunu öpür. Vurduğu qolu yox ha, qoluna vurduğu döyməni... Görəsən, qol nahiyəsinə uşaq olarkən itirdiyi anasının adını yazıb? Məsələdən xəbərdar olmayan belə düşünə bilər. Ancaq təqdim etdiyimiz fotodan da göründüyü kimi, "sambaçı", qoluna "Qəbələ"nin loqosunu döydürüb. Görünür, klubu uşaq ikən anasını itirən Dodoya 5 il ərzində əsl valideyn qayğısı göstərib. Bu sevginin də, buradan yarandığı istisna deyil.

Düzü, ilk dəfədi Azərbaycanda belə hadisəyə rast gəlirəm. Bəlkə də var, xəbərim yoxdu. Amma inanmıram ki, azərbaycanlı futbolçular arasında beləsi olsun. Hər mövsüm bir komandaya transfer olunan futbolçularımızın bədənində təmiz, salamat yer qalmaz ki... 

Gərək şeri şair kimi yazasan.  Mahnını bəstəkar kimi bəstələyəsən. Ən nəhayəti sevəsən, Dodo kimi...

EMİN SƏFƏROV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR