Sirli üçbucaq: AFFA, De Byazi və... ermənilər

Sirli üçbucaq: AFFA, De Byazi və... ermənilər

İyulun 10-da keçirilən AFFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan millisinin yeni baş məşqçisi bəlli oldu.

Sport7.az xəbər verir ki, koronavirus pandemiyası əngəl olmasa, yaxın 18 ayda millimizi italyan mütəxəssis Canni De Byazi çalışdıracaq. Yeni baş məşqçi Azərbaycan millisini Millətlər Liqasına və dünya çempionatının seçmə mərhələsinə hazırlamalıdı.

Tarixə qısa səyahət edəndə görürük ki, Canni De Byazi hələ xeyli müddətdi ki, AFFA-nın hədəfində olub. 2018-ci ilin dekabrında AFFA-nın De Byazi ilə danışıqlar apardığını İtaliya mətbuatı yazırdı. İddia olunurdu ki, De Byazi ilə danışıqlarda "Neftçi”nin çalışdırıcısı Roberto Bordin də iştirak edir. Bordin həmyerlisini razı salmağa çalışırdı. Həmin vaxt De Byaziyə "Bolonya”dan da təklif olduğu üçün seçim imkanı var idi. Görünür, həm bu variantın olması, həm də AFFA-nın daha ucuz işçi qüvvəsi axtarması danışıqları nəticəsiz qoydu. Belədə Azərbaycan millisi heç kimin tanımadığı Nikola Yurçeviçə tapşırıldı.

De Byazi ilə bağlı ikinci maraqlı məqam onun bir vaxtlar "Neftçi”nin də maraq dairəsində olmasıdı. Yenə də keçmişə nəzər salanda görürük ki, 2018-ci ilin iyununda "ağ-qaralar”a təklif edilən mütəxəssislər sırasında Canni De Byazinin də adı çəkilib, hətta tərəflər danışıqlar aparıblar. Həqiqətən də həmin vaxt "Neftçi”yə italyan baş məşqçi gətirildi. Amma De Byazi yox, Roberto Bordin. Təxmin etmək çətin deyil ki, bu işdə rol oynayanlar eyni menecerlərdi. "Neftçi”nin AFFA-nın nəzarətində olması, məşqçi təyinatının da "boz bina”da təsdiqlənməsi hər kəsin bildiyi məsələdi.

Amma De Byazinin adıyla bağlı daha bir maqalı məqam var ki, onun üzərindən sakit keçmək mümkün deyil. Məsələ ondadı ki, italiyalının menecerlərinin Ermənistan Futbol Federasiyasıyla da əlaqələri var. Belə ki, 2018-ci ildə işsiz mütəxəssisi AFFA-ya və "Neftçi”yə təklif edənlər onu ermənilərə də yönəldibmişlər. 2018-ci ilin sentyabrında Ukraynanın "footboom.com” saytında "Ermənistan millisinin yeni baş məşqçisi Canni De Byazi ola bilər” başlıqlı məqalə dərc edilib. Yazıda bildirilir ki, baş məşqçi axtarışında olan ermənilər 2017-ci ildən işsiz qalan 62 yaşlı De Byazi ilə danışıqlar aparır. Sonradan nə baş veribsə, ermənilər bahalı italyana "yox” deyiblər.

Bu da taleyin qismətidi. Ermənilərin imtina etdikləri italyanı iki illik "əziyyət”dən sonra AFFA-ya, daha doğrusu, Azərbaycana sırıya biliblər. Özü də ötən iki il ərzində Canni De Byazi heç yerdə iş tapa bilməyib. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdu.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR