Sumqayıtda 4 gimnastika növü üzrə birgə yarışlar sona çatıb

Sumqayıtda 4 gimnastika növü üzrə birgə yarışlar sona çatıb

Kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə Sumqayıtda təşkil olunmuş yarışlarla ilin milli yarışlar mövsümünə yekun vurulub.

Sport7.az xəbər verir ki, dörd gimnastika növü üzrə birgə yarışlar 15 və 16 noyabrda Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.

44 oğlan və 39 qız gimnastın qatıldığı idman gimnastikası üzrə yarışlar15 noyabrda keçirilib. Onlar kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparıblar.

Növbəti gün – noyabrın 16-sı isə 50 akrobat və 57 nəfər aerobika gimnastları birincilik uğrunda yarışıb. Akrobatlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qarışıq cütlük, kişi cütlüyü, qadın cütlüyü, kişi və qadın qrupu proqramlarında çıxış ediblər. Aerobika gimnastları isə öz çıxışlarını balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında fərdi kişi və qadın, üçlük, qrup və aerodans proqramları üzrə nümayiş etdiriblər.

İki günlük yarışlarda gimnastlar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport” İdman Klubu, Nizami rayon 13 nömrəli məktəb,Sumqayıt Olimpiya İdman Kompleksi, "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, "Ayulduz” klubunu, həmçinin Şabran və Balakən rayonlarını təmsil ediblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR