“Sumqayıt”da böhran – “100 min ver, hara istəyirsən, get”

“Sumqayıt”da böhran – “100 min ver, hara istəyirsən, get”

Ötən mövsüm "Sumqayıt”dakı çıxışı ilə diqqət mərkəzinə düşən, yığmaya çağrılan Aleksey İsayevlə klub arasındakı problem həllini tapmayıb.

Sport7.az xəbər verir ki, "milliləşdirilmiş” futbolçu Azərbaycana qayıtmaq fikrində deyil. Problemlə bağlı "Futbol+” qəzeti də araşdırma aparıb. Qəzet yazır ki, Portuqaliya klublarından biri "kimyaçılar”ın yarımmüdafiəçisinin xidmətində maraqlıdı və futbolçunun transferi üçün "Sumqayıt”a 100 min dollar ödəməyə razıdı. Kluba yaxın mənbələrdən əldə edilən bilgiyə görə, mövsümlərarası fasilədə Pireney yarımadasına yollanmağa razılıq verən İsayev son anda fikrindən daşınıb. Milli üzvü karyerasını Rusiyada davam etdirmək qərarına gəlib.

Rusiya birinci dəstəsində çıxış edən "Yenisey” sabiq futbolçusunu heyətində görmək istəyir. Ancaq Krasnoyarsk təmsilçisi İsayevə görə "Sumqayıt”a təzminat ödəmək fikrində deyil. Klub rəhbərliyi bu məsələni futbolçunun öhdəsinə buraxıb. Xatırladaq ki, Alekseyin "ağ-göylər”lə 2020-ci ilin yayına qədər müqaviləsi var və onun azad agent kimi "Yenisey”ə keçməsi qeyri-mümkündü.

Mənbə onu da bildirib ki, bu yaxınlarda yarımmüdafiəçi "Sumqayıt”ın prezidenti Riad Rəfiyevlə görüşüb. Aleksey klub prezidentindən transfer vərəqini istəyib və onu da bildirib ki, tələb olunan təzminatı bir neçə ay ərzində "kimyaçılar”ın büdcəsinə ödəyəcək. Lakin klub prezidenti və həmçinin menecer olan Riad Rəfiyev futbolçunun xahişini geri çevirib və ona konkret olaraq "pul ödənilsin, hara istəyirsən, get” cavabını verib.

Söylənilənlərə inansaq, Rəfiyev Alekseylə söhbətdə "səni futbola "Sumqayıt” qaytardı, bu klubda yenidən diqqət mərkəzinə düşmüsən. Ona görə də ya klubda qalıb müqavilə müddətinin sonuna kimi oynayacaqsan, ya da tələb olunan təzminat ödənilməlidi. Sənə görə bu günə kimi düşərgəyə yeni futbolçu dəvət edə bilməmişik. Ya oynayacaqsan, ya da sənin transferindən əldə olunacaq vəsaitə komandaya yeni oyunçu cəlb edəcəyik” deyib. Klub prezidenti ilə görüşdə yarımmüdafiəçi düşünmək, problemi həll etmək üçün vaxt istəyib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR