"Sumqayıt"ın 10 illik tarixindən maraqlı faktlar

2010-cu ildə yaradılmış "Sumqayıt” Futbol Klubu bu il 10 yaşını qeyd edir.
 
Sport7.az xəbər verir ki, bu səbəbdən klub tarixi ilə əlaqədar "Yaxın keçmişə səyahət” adlı kiçik rubrika ilə azarkeşlərin görüşünə gəlib. Klubun mətbuat xidməti 10 illik tarix ərzində maraqlı faktları azarkeşlərin diqqətinə çatdırıb.

İlk olaraq, 2010/2011 mövsümündən etibarən 1-ci divizionda çıxış edən "Sumqayıt” FK bir il sonra Azərbaycan Premyer Liqasına yüksəlib. 2011/2012 mövsümünün ilk yarısını "Sumqayıt Şəhər” PFK adı altında mübarizə aparan komanda 2012-ci ilin yanvarından etibarən Premyer Liqada "Sumqayıt” FK adı altında yarışıb.

2010-cu ildə 1-ci divizionda çıxış edən kluba Baba Əsgərov rəhbərlik edib. 2011/2012 mövsümündən etibarən Premyer Liqada mübarizə aparan "Sumqayıt” FK-nı yüksək liqada ilk çalışdıran məşqçi isə almaniyalı mütəxəssis Bernhard Raab olub.

"Sumqayıt” FK Premyer Liqada ilk oyununu 06.08.2011-ci ildə səfərdə "Xəzər Lənkəran”a qarşı keçirib. Həmin qarşılaşmada 1:2 hesablı məğlub olan komandanın yeganə qolunun müəllifi Eşqin Quliyev olub. Adıçəkilən futbolçu qarşılaşmanın 84-cü dəqiqəsində Kamran Ağayevin qoruduğu çərçivəyə yol taparaq klubun tarixinə Premyer Liqada ilk qolun müəllifi kimi düşüb. Sumqayıt şəhərinə böyük futbolun qayıdışı isə 14.08.2011-ci ilə təsadüf edib.

"Sumqayıt” FK-nın ilk kapitanı isə sabiq baş məşqçi Samir Abasov olub. 3 mövsüm klubun uğurları üçün çalışmış Abasov komandanın heyətində ümumilikdə 82 qarşılaşmada meydana çıxıb.

2011/2012 mövsümündən Premyer Liqada çıxış edən "Sumqayıt" ilk oyununu həmin tarixdə "Qəbələ”yə qarşı keçirib. Bu qarşılaşmadan da eyni hesablı məğlubiyyətlə ayrılan komandanın yeganə qolunun müəllifi Orxan Əliyev olub. Məhz "Sumqayıt” – "Qəbələ” oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan təxminən 8 min azarkeş izləyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR