Amal ABUŞOV
Həyatın hər bir sahəsində ədalətin olması mühümdü.
İstər hüquq sistemində,yaxud iş yerində, istərsə də idmanda. Ədalətsizliklə
qarşılaşmaq hər kəsə pis təsir edir. Kimisi ruhdan düşür, kimisi də pozulaq
haqqının bərpasına çalışır, ədalət axtarışına düşür. Haqqı yeyilən hüquqlarını
qorumaq, ədalətin keşiyində dayanmaq, onun bərpasını təmin etmək isə onun
keşikçilərinin borcudu. Məhkəmə hakimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları
ictimai həyatda bunu etməyə borclu olanlardı. İdman sahəsinin də öz hakimləri
var. Onlar ədalətli olmayanda idman prinsipləri də arxa plana keçir.
Bir vaxtlar Azərbaycan futbolunda bu sahədə ciddi
problemlər var idi. Hakimlərin əli rüşvətə bulaşmış, cibləri kirli pullarla
dolmuşdu. Cərimə meydançasının kənarındakı qayda pozuntusuna görə penalti təyin
olunur, qapı xəttini keçməyən top qol kimi qeydə alınır, yan xətt hakimin
yerli-yersiz havaya qalxan bayrağı üzündən komandalardan biri hücum qura
bilmirdi. Belə hallar təkcə futbolçuları və məşqçiləri incitmirdi, azarkeşləri
və sponsorları da futboldan iyrəndirirdi. Ölkə çempionatında əyri yollarla zirvələrə
yüksələnlər avrokuboklarda kötəklənir, Azərbaycanın adını batırırdı. Peşəkar
Futbol Liqasının yaranması, hakimlərə bilavasitə bu qurumdan ciddi nəzarət
olunması vəziyyəti dəyişdi. Yaşlı, əli rüşvətə öyrəşən, fiti haqsız qərarlar
üçün çalınan hakimlər futboldan uzaqlaşdırıldı, yeni və təmiz nəslə meydan
verildi. Hakimlərin qonorarları artırıldı, onlara etimad yüksəldi. Yayda və
qışda fərqli xarici ölkələrdə təlim-məşq toplanışları düzənləndi, azərbaycanlı
gənclər bu toplanışlar zamanı əcnəbilərin oyunlarını idarə etməklə böyük təcrübə
qazandılar.
Nəticəsini də gördük. Premyer Liqamızın oyunlarında
şəffaf idarəçiliyə, minimum hakim səhvlərinə öyrəşdik. Hətta hansısa səhv
olanda da bunu insan amilinə bağlamağı bacardıq, qərəz axtarmadıq. Əliyar
Ağayevin, Rəhim Həsənovun, Rza Məmmədovun səsi Avropanın fərqli ölkələrindən, məsul
yarışlardan gəlməyə başladı. Artıq kimlərinsə sifarişləri keçmir, əliəyrilər,
hakimlik keyfiyyəti olmayanlar oyunlardan kənarda qalırdı. Bu durum "boz bina”da
hökmranlıq edənlərə xoş gəlmədi. Hakimlər Komitəsində "inqilabi” dəyişikliklər
edildi. Yerli sədri çıxarıb, Avstriyadan əcnəbi Fritz Ştuxlik adlı birisini gətirdilər.
Adam öz ölkəsində yaxşı ad açıxarmamışdı, gənc hakimlərin yetişməsi üçün heç
bir iş görməmişdi. UEFA-dakı şəriklərinin, havadarlarının əliylə aylıq 17 min
avro (təxminən 34 min manat) məvacibə onu Bakıya gətirdilər. Hələ bunun ev
kirayəsi, nəqliyyat xərcləri, eyş-işrət məsrəfləri də var. Bunun qarşılığında
qazancımız nə oldu?
Fritz Rəhim Həsənovla prinsip aparmağa, onu
hakimlik iyrəndirməyə başladı. Rza Məmmədov FİFA dərəcəsindən məhrum edildi,
böyük futboldan uzaqlaşdırıldı. Əliyar Ağayev UEFA-dan gözlədiyimiz təyinatları
almadı, onun Yunanıstana göndərilməsi isə gözdən pərdə asmaqdı. Hanı Ştuxlikin
beynəlxalq nüfuzu sayəsində UEFA-nın bizə artan dəstəyi? Hanı Ştuxlikin "fövqəl
bacarığı” sayəsində yetişən gənc hakimlər? Yoxdu. Heç gorbagor da olmayıb.
Çünki əvvəldən də yox idi. Ondan nicat umanlar isə ya böyük maxinasiyalarla məşğul
olanlar idi, ya da futboldan bixəbərlər.
"Qəbələ”-"Sumqayıt” qarşılaşmasında hakim Səbuhi
Bayramov meydan sahiblərinin iki yüz faizlik penaltisini vermədi. Bir epizodda
Elvin Bədəlov Nikolas Rayseli cərimə meydançasında yerə sərmişdi, o birində də
Vüqar Mustafayev. Nə baş verir? Hakimlər də bilir ki, "Sumqayıt”ın prezidenti
Riad Rəfiyev Ştuxlikin meneceridi, onların xətrinə dəymək olmaz. "Qəbələ” isə
onsuz da AFFA üçün yad klubdu. Ştuxlikin devizi "Hakimlər səhv edəcək, onlardan
bunu həmişə gözləyin”di. Belədə cəzasızlıq mühiti hakimlərin də başının altına
yumşaq yastıq qoyur, kobud səhvə yol verən "Fritzin sevimliləri” növbəti tur da
iş başında olurlar.
Ştuxlik gəldi-gedərdi, Azərbaycan hakimliyinin gələcəyi
onun vecinə deyil. Onun yan-yörəsində olan Elçin Məmmədovla Babək Quliyevin
başı isə hakimiyyət davasına qarışıb. Sabirin "nə işim var?” misrası bizim "qocaman”
hakimlərin dilindən düşmür, hərəsi yaxasını bir kənara çəkib, susub. Oyanın, cənablar.
Azərbaycan hakimliyi məhv olur, onu məhv edirlər!