Tahir Süleymanov

Tahir Süleymanov "Mpenza düyünü"ndən "Sport7"yə danışdı: "İsveçrəyə gedə bilərəm!"

"Neftçi" belçikalı hücumçuya 1 milyon avro ödəməlidirmi? 

Bu gün səhər futbolinfo.az saytı FİFA-nın "Neftçi"ni sanksiya ilə hədələdiyi barədə məlumat yayıb. Həmin xəbərdə deyilir ki, paytaxt klubu 2010-cu ildə 3 illik müqavilə bağladığı legioneri 2 il sonra klubdan uzaqlaşdırdığı üçün ona çatacaq məvacibi təzminat kimi ödəməyə borcludur. Bu isə təxminən 1 milyon avroya yaxın məbləğ edir. 

Sport7.az məsələnin mahiyyətini araşdırmaqdan ötrü həmin dövrdə "Neftçi"nin vitse-prezidenti vəzifəsində çalışan, futbolçuların gəlişinə və gedişinə bilavasitə nəzarət edən Tahir Süleymanovla əlaqə saxlayıb.

Sabiq vitse-prezident bu məsələnin indi gündəmi zəbt etməsini təsadüfi saymadığını bildirməklə sözlərinə başlayıb: "FİFA bu cür məsələlərdə gizlilik prinsipinin qorunmasına üstünlük verir. Adətən bu cür mübahisələrdən ancaq maraqlı tərəflər xəbər tutur. Yəni, yerli futbol federasiyası, cavabdeh klub və iddiaçı futbolçuyla menecerləri. Hər halda bu məsələ indi mətbuata sızıbsa, deməli, maraqlı tərəflərdən hansısa - indiki halda ya AFFA, ya da klub məlumatı sızdırmaqda maraqlı olub. Bu da bilavasitə gündəmi dəyişməyə hesablanıb. Çünki yazışmalar AFFA-nın müvafiq qurumları, klub və FİFA arasında gedir. Mənim üçün bu sualın cavabı açıqdı. Mpenzayla problemə gəlincə isə, 1 ilə yaxındı mən klubda çalışmıram. Proseslərin son gedişatından xəbərim yoxdu. Amma onun klubdan gedişinin necə baş verdiyini açıqlaya bilərəm. Antalyadakı təlim-məşq toplanışı zamanı Drezden "Dinamo"suyla oyundan sonra futbolçu bizə yaxınlaşıb, klubda qalmaq istəmədiyini bildirdi. Menecerləri vasitəsiylə danışıqlar başladı. Transfer müddəti dönəmində ona şərait yaradılacağı barədə mövqeyimizi bildirdik. Sonradan gördük ki, məsələ uzanır, o özünə yeni klub tapa bilmir, nə də düşərgəyə qayıtmaq fikrində deyil. Yazılı müraciətlə FİFA-nı məlumatlandırdıq. Onlara bildirdik ki, futbolçu inadından dönmək istəmir. Bu davranışdan şikayətçi olduq. Mən klubdan ayrılmazdan əvvəl FİFA-dan gələn rəsmi məktubda qeyd olunurdu ki, uzun araşdırmalardan sonra klubun günahkar olub-olmadığını müəyyənləşdirə bilmirik. Bu tipli məsələlərdə ali futbol qurumu futbolçuların tərəfində olur. Amma FİFA-nın bu cür qeyri-müəyyən cavabı ondan xəbər verirdi ki, onlar bizim əleyhimizə qərar vermək üçün əsas tapmayıblar. Sonradan "Neftçi"yə hansı məktubların daxil olduğundan xəbərsizəm. Belə bir qərar verilibsə, bunu faciəyə çevirmək olmaz. Hazırda FİFA-nın başı öz dərdinə qarışıb, rüşvətxorluğun baş alıb getməsiylə bağlı araşdırmalar gedir. Belə məqamda onlar Mpenzayla bağlı hansısa qərara gəliblərsə, bu "Quran ayəsi" deyil. KAS-a müraciət etməklə həqiqəti aşkara çıxarmaq olar. Sizə dediyim kimi, 1 il bundan əvvələ qədər FİFA-nın konkret qərarı yox idi. Bundan sonra bütün sübutları ortaya qoyub, klubun haqlı mövqeyini KAS-da müdafiə etmək mümkündü. Bunun üçün əlimdən gələn köməyi etməyə hazıram. Bizim vaxtımızda dəfələrlə bu cür mübahisələrdən qalib çıxmışıq. Əminəm ki, "Neftçi" bu məsələdə haqlıdı. Ehtiyac olarsa, İsveçrəyə qədər gedib, haqqımızı sübut edə bilərəm".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR