Təcrübə > İstedad - Valverdenin

Təcrübə > İstedad - Valverdenin "Barselona"sına baxış

"Barselona" rəhbərliyi Luis Enrikenin xaotik son mövsümündən sonra Ernesto Valverdeni komandanın başına gətirdi. Ardınca Neymarın PSJ-yə gözlənilməz keçidi, İspaniya Superkubokunda "Real"la görüşdə qeydə alınan nəticə (iki oyunun cəmində - 1:5) və xüsusilə də, rəqibin oyun səviyyəsi baxımından "Barça"nı üstələməsi... - klubun ən qatı azarkeşləri belə, ümidlərini itirmiş, beyinlərində mövsümün ssenarisini yazmışdılar: Madrid klubunun La Liqanı asanlıqla qazanacağı gözlənilirdi.

Ancaq zaman keçdikcə Valverdenin komandası gözləntilərin üzərinə çıxdı. Biröncəki mövsümlə müqayisədə, komandada sakitçilik hökm sürürdü. Daha etibarlı müdafiə, balanslı orta xətt... - oyun olaraq da "Barselona" daha stabil idi. Dembelenin zədəsini də hesaba qatsaq, mövsümün əvvəlində baş verənlərin timsalında Ernesto Valverdenin ilk mövsümü çoxlarının ürəyincə idi. Bəlkə ortada ideal, baxımlı futbol yox idi, ancaq əldəki heyətə görə bütün bunları keçmək olardı - azından bir mövsümlük. Komanda çempionatda uğurla irəliləyir, yoluna məğlubiyyətsiz davam edirdi. Dekabr ayında "El Klasiko"da qeydə alınan 3:0 hesablı qələbə isə, demək olar ki, çempionluğu qarantiya altına almışdı.

Mövsümün başında "Barça"nın Çempionlar Liqasında favorit olmadığına dair iddialara rast gəlmək elə də çətin deyildi, püşkdə "Roma" çıxdıqdan sonra isə "trebl" söhbətləri hər keçən gün daha da artırdı - hardan hara... Təbii ki, səbəbkar Valverde idi. İspan mütəxəssis hər cür tərifi haqq edirdi. Ancaq çətinliklə inşa etdiyi "qala"nı yıxan da elə Valverde oldu. Romada klub tarixinin ən biabırçı gecələrindən biri yaşandı, baş rolda məhz onun adı hallanırdı. Heyət nə qədər məhdud olsa belə, rotasiyalar hesabına vacib oyunçuları qorumaq mümkün idi - xüsusilə də "Barselona"nın çempionatda böyük xal fərqi ilə lider olduğu ərəfədə. Amma tək problem bu deyildi. Valverde "Roma"ya öz futbol yanaşmasına görə uduzdu. Komandanı sırf hesabı qorumaq məntiqi ilə oyuna köklədi, hesab 0:2 olanda isə artıq iş işdən keçmişdi. Geriyə düşdükən sonra mental olaraq oyunçuları başqa "rejim"ə keçirmək mümkün deyildi - bir tərəfdən də futbolçuların məlum fiziki vəziyyətləri. Çempionlar Liqasından kənar qalmaq normal haldı, əsas məsələ hansı formada mübarizənin dayandırılması idi.
 


Buna rəğmən, hadisələrin davamında "Barselona"nın önəmli oyunçuları Valverdeni müdafiə etdi. Bu məsələ, bir tərəfdən də, mövsüm başındakı gözləntilərin üzərinə çıxması ona bir şans daha verməyə əsas verirdi - klub tarixinin ən biabırçı məğlubiyyətlərindən birinin başlıca səbəbkarı olmasına rəğmən.

2018-19 mövsümü üçün artıq Valverdenin əlində daha yaxşı və geniş heyət var idi. Oyunçular da ona güvənməyə davam edirdi. Rahat çalışması üçün imkan var idi. Amma ilk ilində məhdud heyətlə gözləntilərin üzərinə çıxan Valverde bu mövsüm əlindəki daha yaxşı komanda ilə indilik, xüsusilə də, oyun səviyyəsi baxımından gözləntilərin altında qalır. İlk mövsümdə bu kimi halları görməzdən gəlmək olardı, amma eyni şeyləri bu ilə aid etmək olmaz.

Yetərincə imkanı olmasına baxmayaraq, Valverde rotasiyaları bərbad şəkildə edir. Həm hansı oyunda rotasiya edəcəyini doğru hesablaya bilmir, həm də spesifik hansı oyunçulara istirahət verəcəyini. Üstəlik, futbolçuları uyğun olmadıqları mövqelərdə oynadıb işlərini çətinləşdirir. Halbuki ideal məşqçi futbolçuların tam potensiallarını açmaq üçün onlara uyğun şəraiti yaratmalıdı. Valverde isə bunun tam əksini edir.

Gənc oyunçularla çalışma mövzusu da ayrı bir problemdi. Son vaxtlar Alenyaya şans verməyə başlayıb, ancaq məncə, bu addım belə, zaman etibarı ilə gec atılıb və Karlesi meydanda saxladığı müddət yetirincə deyil. Əlavə olaraq, Riki Puç sahib olduğu istedad qarşılığında azı 7-8 çempionat oyununda iştirak edə bilərdi.

Oyun olaraq Valverdenin "Barça"sından şikayətləndikdə çoxları insanların sırf Pep Quardiolanın dövründəki futbolu görmək istədiklərini düşünür. Halbuki bunun mümkün olmadığını, onsuz da, hamı başa düşür. Sadəcə, Valverde əvəzinə, klubun fəlsəfəsinə daha uyğun olacaq, müasir fikirlərə sahib bir məşqçi komandanı daha yuxarı qaldıra bilər. Tomas Tuxeli nümunə kimi  göstərmək olar. Düzdü, Valverde klub daxilində sevilir, oyunçular ondan razıdı, ancaq Neymar kimi birinə belə, özünü sevdirən, inandıran Tuxel üçün Messi, Suares, Pike kimi oyunçuları ələ almaq çox da çətin olmazdı, məncə. Alman məşqçidən danışmağımın səbəbi klubun o, boşda ikən Valverdeni seçməsidi.

"Barça" hazırda tam potensialı ilə futbol oynamır. Bunun üçün Messinin, Suaresin hər matç 90 dəqiqə pressinq etməsinə gərək yoxdu. Leonun bu mənada Bernardu Silva kimi oynamalı olduğunu da iddia eləmirəm. İndiki vəziyyətdə La Liqa və Kral kubokunu qazanmaq üçün Messinin gəzməsi belə kifayət edir. Mövsüm başına ortalama 10-15 matçda Leonun pressinqinə ehtiyac yaranar, ya yox - o da ki, oyunun tamamında yox, "Tottenhem" və "Espanyol"la oynanılan matçlardakı kimi kifayətdi. Bunu da doğru rotasiyalar ilə etmək mümkündü. Çünki komandanda Messi varsa, onsuz da, əksər hallarda onun toplu oyunda edəcəkləri rəqibi məğlub etmək üçün yetərli olur. "Barça" - bu lüksə sahib komandadı. Amma Valverdenin ən əsas problemlərindən biri də elə burada ortaya çıxır. Komandanın əsas qol təhdidləri Messi - Alba anlaşması və ya sırf Leonun fərdi "sehri"disə, deməli, problem var, bunun da səbəbkarı məşqçidi.

"Barselona" toplu halda gedişləri həddindən artıq təxmin edilən komandadı. Atılacaq hər addımı rəqib öncədən bilir. Dembele, Koutinyo kimi vingerlər müdafiə arxasına açılmır, mərkəz yarımmüdafiəçiləri çox yavaşdılar və xətlər arasında doğru hərəkət edə bilmirlər. Semedu, Koutinyo və Dembele nə vaxt qaçacaqlarını müəyyənləşdirməkdə aciz görünürlər, onlara bu barədə göstərişlər verilmir. Valverde eyni səhvləri bir neçə aydı ki, düzəltməyə cəhd etmir, buna görə də, oyunçular inkişaf etmir. Digər yandan, Kike Setyen ("Betis"in baş məşqçisi) oyunçularına bu tip şeyləri aşılayaraq onları daha yaxşı futbolçu halına gətirir.
 


Baş verənlərdə Valverdenin yanlış oyunçu seçimlərinin də payı var. Sağ cinah tamamilə boş qalsa belə, oranı Dembele ilə doldurmur. Rakitiç sevdasından əl çəkib Alenyanı həmin zonada oynatmır, halbuki Karles oynadığı matçlarda daha yaxşı pressinq edib, topu irəliyə daşıya bilən, komandanı meydanda daha balanslı göstərən yeganə yarımmüdafiəçidi. Ernesto Valverdenin problemi təcrübəyə istedaddan daha çox güvənməsidi. Hansı ki, o təcrübə komandanı geri salır.

İstənilən halda, bu mövsüm Çempionlar Liqasındakı performans Ernesto Valverde ilə müqavilə müddətinin uzadılmasının doğru olub-olmadığını müəyyənləşdirəcək. Amma bəzi şeylər var ki, Valverde özü dəyişmədikcə dəyişməyəcək. Onun dəyişəcəyinə inanmaq isə, mənə görə, utopik görünür. Valverde klubdan ayrılanda, bəlkə də, qazandığı uğurlarla yadda qalacaq, amma heç vaxt ondan klub adına ideal biri kimi bəhs olunmayacaq.
 
Fərid Haqverdiyevin bloqu
 
Yazarı "Facebook"da izlə: https://bit.ly/2tpSVhp
 

OXŞAR XƏBƏRLƏR