Teymur Rəcəbov:

Teymur Rəcəbov: "Bu münasibəti futbolla müqayisə etmək olmaz"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2019-da 2-ci tura start verilib.
 
Sport7.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb. Partiyadan sonra Teymur Rəcəbov təəssüratlarını jurnalistlərlə bölüşüb: "Bəzən şahmatçı oyuna yaxşı hazırlaşsa da, rəqibin bir gedişi onu heç-heçəyə razılaşmağa vadar edir. Bir-birimizi yaxşı tanıyırıq, bəlkə məhz bu səbəbdən belə alınır. Partiyada üstünlük görünmürdü, ona görə risk etməyə ehtiyac yox idi".

Dünya çempionatlarında da tez-tez heç-heçələrin qeydə alındığını bildirən şahmatçı bunun normal hal olduğunu söyləyib: "Bütün oyunlarda ardıcıl heç-heçə qeydə alınsa, hansısa problemin olduğunu düşünmək mümkündür. Ancaq belə turnirlərdə heç-heçənin olmasında qeyri-adi heç nə yoxdur. Qolf və ya tennisdə də bərabərlik olur. Bütün idman növlərində heç-heçələr qeydə alınır. Amma şahmatda belə nəticə çox müzakirə edilir. Son zamanlar ümumiyyətlə heç-heçələrdən danışılır. Əlbəttə qələbə olanda daha maraqlı olur. Bununla belə şahmatçıları anlamaq lazımdır. Çox vaxt heç-heçələr qaçılmazdı".

Rəcəbov digər ölkələrdən olan zəka sahibləri və milli komandamızın üzvləri ilə qarşılaşan zaman eyni hisslər keçirmədiklərini bildirib: "Bizim Şəhriyarla yaxşı münasibətimiz var. Bir-birimizlə məsləhətləşib, müzakirələr edirik. Milli komandada oynayan zaman hamımız bir-birimizi nəzərə alıb mübarizə aparırıq. Udsaq da, uduzsaq da bir-birimizin yanında oluruq. Bu da ölkəmizə çoxlu uğurlar gətirməyimizə səbəb olur. Şahmat millimiz çox mehribandı. Hətta beynəlxalq turnirdə bir-birimiz üzərində qazanılan qələbəyə o qədər xüsusi sevinmirik. Şəhriyarla ümumiyyətlə illərlə qazanılan dostluq münasibətimiz var. Bu münasibəti futbolla müqayisə etmək olmaz. Məsələn futbolda bir ulduz olur, hamı ona oynayır. Bizdə isə hamı bir hədəf uğrunda yarışır. Lazım gələndə debütlərimizi bölüşürük, bəzən məsləhət alırıq. Digər komandalarda belə vəziyyət görmək mümkün deyil”.

O, klublararası Avropa çempionatına getməyə həvəsinin olmadığını, bu yarışda iki dəfə qalib gəldikləini vurğulayıb: "SOCAR Azərbaycan" klubunun heyətində iki dəfə Avropa Çempionlar Kubokunda qələbə qazanmışam. Altı dəfə bu yarışda iştirak etmişəm, indi bu turnir mənə o qədər cəlbedici görünmür".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR