"Total futbol"un tarixi: 60 dəqiqə pressinq edən komanda və dopinq amili (V hissə)

4-3-3-ə keçid mövqe dəyişiklərini strukturlaşdırmağı daha da asanlaşdırdı. Bu dəyişikliklər cinahlardan birində və ya mərkəzdə baş verirdi. Yəni Sürbir, Han və Svart sağ cinahda, Vasoviç (Blankenburq və ya Hülsxof) Neskens və Krayf ortada, Krol, Müren və Kayzer isə sol cinahda mövqe dəyişərək oynayırdılar.

Hülsxof: "İnsanlar bəzən hərəkətlərimizin avtomatik olduğunu görmürlər. Uzun müddət bir yerdə oynamağımızdan qaynaqlanır. Ən yaxşı futbol instinktiv olandı. Biz bu tərzdə futbol oynayaraq böyümüşük. "Total futbol" hücum oyunçusunun müdafiədə də oynaya bilməsi deməkdi. Sadəcə, bunu bacarsa belə, yetər. Zona yaradırsan, sonra özün yaradılan başqa bir zonaya yönəlirsən. Top sizə gəlmirsə, həmin zonadan çıxırsınız və başqa bir oyunçu oranı "doldurur".
 


İnqilabi olan şey mövqe dəyişikliklərinin yanlara doğru yox, uzununa baş verməsi idi. Boris Arkadyevin "Dinamo"sunda vinqerlər mərkəzə gəlirdi, insayd-forvardlar qanadlara açılırdı, amma ümumiləşdirsək, müdafiə, yarımmüdafiə və hücum xətləri sabit qalırdı. "Böyük macarlar" mərkəz hücumçularını geri çəkib, yarımmüdafiənin solundakı oyunçunu dərindən oynatmaqla xətləri qarışdırmışdılar. 4-2-4 sayəsində hücuma çıxan cinah müdafiəçiləri də ortaya çıxdı. Amma çoxsaylı mövqe dəyişikliklərini qlobal formada şərtləndirən ilk komanda Mixelsin "Ayaks"ı idi. Bunu etmələrinə şərait yaradan şey isə pressinq idi. Komandanın ən geridə dayanan oyunçusunun arxasında 35 m.-lik boşluq olması artıq problem deyildi. Çünki rəqib futbolçu topu qəbul edən kimi mühasirəyə alınırdı və onun dəqiq pas verməsi, demək olar ki, mümkünsüzə bərabər idi.

Svart: "60 dəqiqə pressinq edə bilirdik. Bunu bacaran başqa komanda görməmişəm".
 
Bir neçə il ərzində Lobanovskinin "Dinamo"su Svartın dediyini təkrarlayacaqdı. Sadəcə, onların bu instensivliyi necə qoruyub saxladığını sorğulayan birinin olmaması qəribə idi. Həm "Ayaks", həm də "Dinamo" hazırlıq məsələlərinə ciddi investisiya qoyurdular. Qidalanma və məşq metodları onlar üçün prioritet idi. Ancaq eyni zamanda, hər iki komanda farmakologiyadan geniş istifadə edirdi. Hülsxof 1973-cü ildə "Vrij Nederland" jurnalına müsahibəsində, 6 il əvvəl "Real"la oynadıqları matçdan əvvəl onlara dərman verildiyindən bəhs etmişdi: 

"Dərmanları həmişə "şokolad dənələri" adlandırdığımız şeylə birlikdə atardıq. Nə olduqlarını bilmirdim, amma onları qəbul edəndən sonra özümüzü dəmir kimi möhkəm hiss edirdik və tənginəfəs olmurduq. Bir mənfi cəhəti var idi: tüpürcək itkisi baş verirdi və oyun başlayandan 35 dəqiqə sonra öyüməyə başlayırdım".

1959-1972-ci illər aralığında "Ayaks"da masajçı kimi çalışan Salo Müller 2006-cı ildə yayımlanmış avtobioqrafiyasında, Hülsxof və Repin ona yaxınlaşıb, klub həkimi Con Rollinkin verdiyi tabletlərə görə, narahatlıqlarını ifadə etdiklərini qeyd edib.
 


Müller sonradan Rollinkin digər idmançılara payladığı dərmanları toplayıb və onları analiz edib. O, yazır: "Nəticələr mənim üçün sürpriz olmadı. Onların sırasında ağrıkəsicilər, əzələni boşaldan və rahatladan dərmanlar, o cümlədən amfetamin kapsulları var idi".

"Ayaks"a keçməmişdən əvvəl də Rollinkin adı bu tip situasiyalarda hallanmışdı. Hollandiya idmanında ilk dopinq qalmaqalı 1960-cı ildə keçirilən Roma Yay Olimpiya Oyunları çərçivəsində baş vermişdi. Qadın üzgüçülərdən biri komanda yoldaşının çantasından götürdüyü iki resepti mediaya ötürmüşdü. Müşahidə aparan həkim onlardan birinin dopinq olduğunu, digərinin isə dərman istifadəsi ilə bağlı proqramın parçası olduğunu bildirmişdi. Reseptlərdən birinin üzərində Rollinkin imzası var idi. O, dopinq yoxlamaları başladıqdan sonra Hollandiya Velosiped Federasiyasındakı işindən ayrıldı. Rollink sonradan bənzər dopinq testləri Hollandiya futbolunda tətbiq olunacağı təqdirdə, "Ayaks"ın bunlara tabe olmayacağını qeyd etmişdi. Hətta o, gec saatlarda iş başında olanda amfetamin qəbul etdiyini də demişdi. Daha çox Sovet blokunu təmsil edən idmançıların adları dopinq qalmaqallarında hallansa da, dəqiq olan bir şey var idi: bu işlə təkcə Sovet ölkələri məşğul olmurdu. (ardı var)

Conatan Vilson – "Inverting the Pyramid: The History of Football Tactics”


Tərcümə: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR