"Total futbol"un tarixi: Hollandiyada britaniyalı effekti (I hissə)

"Bəzən dünya yeniliklərə hazırlıqlı olur. Demək olar ki, eyni zamanda, həm də bir-birindən ayrı şəkildə kalkulyasiyanın təməlini atan Nyuton və Laybnits kimi, Avropanın iki zidd qütbündəki Rinus Mixels və Valeri Lobanovski də futbolun necə oynanılmalı olduğuna dair aşağı-yuxarı eyni fikirlərlə ön plana çıxmışdılar. Onların fikrincə, oyunun əsası zona və ona nəzarətdən ibarət idi: topa sahibsənsə, onu özündə saxlaya bilmək üçün meydanı genişlət, yox, topa sahib olan tərəf sən deyilsənsə, rəqibin onu özündə saxlamasının qarşısını almaq üçün meydanı daralt.
 


Onların hər ikisi oyunçularını öz aralarında mövqe dəyişikliklərinə təşviq edir və sığorta məsuliyyətinə inanırdılar. Nəticədə Mixels və Lobanovski heyranedici futbol nümayiş etdirən komandalar formalaşdırdılar. Bu mənada onlar 40-cı illərin "passovotçka”sının və ya 50-lərin Macarıstanının davamçıları – hollandlar daha çox ikincilərlə müqayisə olunurdu  sayılırdılar. "Ayaks” və "Dinamo”nun sirri "ofsayd tələsi”nin tətbiqində gizli idi. Pressinq əvvəllər vacib olsa da, 60-cı illərin ortaları və sonlarından etibarən tətbiqi daha mümkün hala gəldi.
 


Həvəskar futbolda pressinqdən istifadə etmək, demək olar ki, mümkünsüzdü. Çünki daim hərəkətdə olmalısan və bunun üçün fiziki forma baxımından ən yüksək səviyyəyə ehtiyac var. Mixels və Lobanovskinin dövründə müharibə illərinin bərabərində gətirdiyi qıtlıqdan artıq söhbət gedə bilməzdi. Qidalanma yaxşı idi, idman elmləri (qanuni və qeyri-qanuni) oyunçuların 90 dəqiqə qaçmasına imkan yaradacaq səviyyəyə çatmışdı. Futbolun bu inkişaf periodu nəzəriyyələrin təkamülü ilə yanaşı, fiziki imkanların artması ilə də əlaqədar idi.

Hazırda liberalizm və ifratçılıqla nam salan Amsterdamın müharibədən sonrakı illərdə necə bir yer olduğunu təsvir etmək çətindi. Amsterdamın özünəməxsus bohem təbiətini kommersiyalaşdırdığını inkar etmək olmaz, bununla belə, şəhərin hələ də inqilabi fikirləri bəsləyən mühitə sahib olduğunu asanlıqla anlamaq olar. 50-ci illərdə isə vəziyyət fərqli idi. Alber Kamyu 1955-ci ildə çap olunan "The Fall” romanında Amsterdamın necə sıxıcı yer olduğundan bəhs edir. O, şəhəri "tənbəki çəkənlərin əsrlərdi yağışın eyni kanala axmasını izlədikləri yer” kimi təsvir edir.

Həmin illərdə holland futbolunda da vəziyyət fərqli deyildi. Məşhur bığlar və anqlofil klubların Viktorian üslubu 50-ci illərlə birlikdə tarixə qovuşsa da, ölkədə oynanılan futbol tərz olaraq zamanın gerisində idi. Bunun nəticəsi olaraq, yığma komandanın nəticələri zarafat mövzusu olurdu. 1949-cu ilin iyununda Finlandiyanı 4:1 hesabı ilə məğlub etdikləri oyunla 1955-ci ilin aprel ayında Belçikaya 0:1 uduzduqları matç arasında Hollandiya millisi 27 beynəlxalq görüş keçirmişdi. "Portağallar” bunların sadəcə ikisindən qalib ayrılmış və sözügedən periodda Norveçə iki dəfə məğlub olmuşdular. İngiltərənin 1948-ci ildə Haddersfilddə 8:2 hesabı ilə darmadağın etdiyi matçda hollandlar klassik 2-3-5 sistemindən istifadə etmişdilər. Düşünün, o zaman artıq W-M Avropa üçün adi hal almışdı. Həmin oyunda dörd dəfə fərqlənən Tommi Louton təəccübünü bu şəkildə ifadə etmişdi: "Daha əvvəl bu qədər boşluq buraxan komandaya qarşı oynamamışdım”.
 


1954-cü ildə müəyyən çərçivədə professionallaşmanın tətbiqi Hollandiya futbolunun 60-lardakı yüksəlişi üçün stimul olsa da, sözügedən inkişafın niyə bu formada baş verdiyini tam olaraq izah etmir. Hollandlar inkişaf prosesinin W-M fazasının üzərindən keçdilər. Bu sayədə qatı birə-bir markaj ideyasından yan qaça bildilər. Həmçinin ilk müəllimlərinin liqa strukturunun təzyiqindən uzaqda özlərini inkişaf etdirməsi də onların şanslı olduğunu göstərir. Müasir oxucunun qulağına eksentrik gələ bilər, ancaq Brayan Qlanvillin bu mənada "liqa qarabasması” ifadəsi əksər Avropa ölkələrində futbolun niyə maariflənmiş britaniyalı məşqçilər tərəfindən inkişaf etdirildiyini yaxşı izah edir. Bəlkə də, sözügedən çalışdırıcılar irəlini o qədər də yaxşı görmürdülər – hərçənd mühacirət etməyə hazır olmaları müəyyən mənada açıq fikirli olduqlarını göstərir  –  , ancaq azından özlərini "atdıqları” yeni mühitlər onlara ölkələrində idealist damğası ilə üzləşəcəkləri eksperimentləri həyata keçirmək fürsəti verirdi.

Holland futbolunun yaradıcısı Cek Reynolds hesab olunur. Bir müddət "Mançester Siti”də arxa planda qalan oyunçulardan biri olsa da, tarixdə iz qoymuş əksər məşqçilər kimi, o da futbolçuluq illərində adından söz etdirə bilməmişdi. Yolu "Qrimsbi Taun”dan "Şeffild Uensdey”ə, oradan isə "Uotford”a düşmüşdü. Reynolds 1912-ci ildə "Sankt-Qallen”i çalışdırmaq üçün İsveçrəyə yollanmışdı. Ardınca 1914-cü ildə Almaniyada yerli klublardan birində işləməyə hazırlaşanda müharibə başladı. Reynolds Hollandiyaya sığındı və 1915-ci ildə "Ayaks”a baş məşqçi təyin olundu. Sonrakı 32 il ərzində o, üç fərqli dönəm üzrə olmaqla, klubda 25 il keçirəcəkdi. Reynolds ilk təyinatı dönəmində klubun idarə heyəti ilə arasındakı fikir ayrılığı səbəbindən "Ayaks”dan ayrılmışdı. İkinci dəfə ayrılıq səbəbi İkinci Dünya Müharibəsi idi. Müharibə zamanı o, Yuxarı Sileziyadakı Tost düşərgəsində saxlanılmışdı. Oradan əvvəllər ruhi xəstələrin müalicəsi üçün istifadə edirdilər. Reynoldsla birlikdə saxlanılan şəxslərdən biri Fransanın məşhur kurortu Le-Tukedən əsir götürülən Pelam Qrenvill Vudhaus (məşhur ingilis dramaturq) idi. Vudhaus açıqlamalarından birində demişdi: "Məndən müsahibə almaq üçün gələn "Associated Press” müxbiri yazısında Tost dəlixanasının Blendinq qəsri olmadığını qeyd etmişdi. Təbii ki, elə deyildi. Amma yenə də, ora geniş idi. Pişiyinizi azdırmaq istəsəydiniz, orada bunu asanlıq edə bilərdiniz”.
 


Reynolds 1945-ci ildə Amsterdama qayıdanda Rinus Mixels onun tələbəsi oldu. Onların idarəetmə üslublarındakı bənzərlik aşkar idi. "İntizam xəstəsi” Reynolds texniki bacarıqların üstünlüyünə inandığından, məşqlərdə oyunçularını daha çox topla hərəkətlərə təşviq edirdi. Eyni zamanda, hər yaş qrupundakı komandanın eyni tərzə üstünlük verməsini təmin edərək "Ayaks” akademiyasının təməllərini atan da gündə 14 saat çalışan Reynoldsdan başqası deyildi. Cek kiçik klubu beynəlxalq arenaya daşımaqla yanaşı, hücum futbolunun da toxumlarını səpdi. O, 1946-cı ildə verdiyi müsahibələrindən birində demişdi: "Mənə görə, hücumdan yaxşı müdafiə forması yoxdu və bu, heç vaxt dəyişməyəcək”.

"Ayaks”ın fəlsəfəsini 30-cu illərdən yadigar bu ifadələr ən yaxşı şəkildə özündə ehtiva edirdi: "Açıq futbol, açıq futbol... Cinahları unuda bilməzsən”.
 


Toxumlar hazır idi, ancaq cücərtilər birbaşa 1959-cu ildə "Ayaks”a baş məşqçi təyin olunan Vik Bakinqemin adı ilə bağlıdı. O, Artur Rou ilə birlikdə "Tottenhem”də oynamış və ötürmə-hərəkət futbolu, topu irəli vurmaq əvəzinə, ona sahib olmağa hesablanan oyunun təməl ideyalarını Piter MakVilyamdan götürmüşdü. Devid Vinner 1993-cü ildə "Brilliant Orange” kitabı üçün fikirlərini soruşanda Bakinqem demişdi: "Topu ora-bura vurmaq yox, ona sahib olmaq futbolda əsasdı. Təməlində uzun top olan futbol risklidi. Əksər hallarda üzərində işlənilmiş bacarıq nəticə verir. Topa sahibsənsə, onu özündə saxla. Belə olan halda, rəqib qol vura bilməyəcək”.

1870-ci illərin "Kuins Park”ından MakVilyamın "Tottenhem”inə, oradan isə Pep Quardiolanın "Barselona”sına kimi... – pas futbolunun bünövrəsində məhz bu fikirlər yatırdı”. (ardı var)

Conatan Vilson – "Inverting the Pyramid: The History of Football Tactics”
 
Tərcümə və uyğunlaşdırma: Rüfət Məcid
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR