"Total futbol"un tarixi: Katenaççonun "tabut"una vurulan "mismar", "Ayaks" zirvədə və paradoksal sonluq (VI hissə)

Mixels "total futbol"un "ata"sı idi və bu tərzi özü ilə birlikdə "Barselona"ya da apardı. Amma o, Amsterdamı tərk etdikdən sonra "Ayaks" pikinə çatdı. Deyilənə görə, Hollandiya klubu Mixelsi əvəzləyəcək baş məşqçini müəyyənləşdirmək üçün 15 nəfərlik siyahı hazırlamışdı. "Ayaks" rəhbərliyi sonda ən ucuz başa gələcək namizədi seçib. Söhbət Macarıstan əsilli rumıniyalı, son 3 mövsüm ərzində "Styau"ya bir Rumıniya çempionluğu və iki ölkə kuboku qazandırmış Ştefan Kovaçdan gedir. O, futbolçu kimi qısa müddət Belçikanın "Şarlerua" klubunda oynamışdı, amma Hollandiyada tanınmış biri deyildi. Əksəriyyət balaca, kök, ağsaçlı, hekayələr danışmağı sevən Kovaça ilk başda heyrətlə baxmaqla yanaşı, şübhə ilə yanaşırdı. Hətta rəvayətə görə, "Ayaks"da qala biləcəyinə özü də inanmadığından, əvvəlcədən Rumıniyaya qayıdış biletini almışdı. "Saçlarımızın uzunluğu haqda nə düşünürsünüz?" - sərt Mixelsdən sonra "yumşaq" Kovaçla qarşılaşan oyunçulardan birinin ilk məşqdə ona belə bir sual ünvanladığı iddia edilir. O, cavabında deyib: "Mən bərbər yox, məşqçiyəm". Bir neçə dəqiqə sonra isə aut xəttinin yanında dayanan rumın çalışdırıcı, diz səvyyəsində ona doğru göndərilən topu saxlayıb və gəldiyi yerə geri qaytarıb. Kovaç ilkin testi keçmişdi, amma xarakteri ilə bağlı suallar heç vaxt ondan əl çəkməyəcəkdi...
 


Müren deyirdi: "Kovaç yaxşı məşqçi olsa da, çox mülayim biri idi. Mixels isə professionallığı ilə seçilirdi. Çox ciddi idi, hamıya qarşı eyni cür rəftar edərdi. Kovaçın rəhbərliyi altındakı ilk mövsümdə daha yaxşı futbol oynayırdıq, çünki bizim sərbəst oynamağımıza izin verirdi. Amma sonradan intizamı itirdik və hər şey bitdi. Əvvəlki ruhumuz qalmamışdı. Sonra komanda dağıldı. Birlikdə oynamağa davam etsək, sonsuza kimi Avropa çempionluğunu əldən verməzdik".

Bəlkə də, Mürenin dediyi kimi olacaqdı... Və ya, bəlkə də, komandanın süqutu emosional məsələlər ilə bağlı idi. Xüsusilə də, bir-birinə qarşı olan komanda üzvlərini nəzərə alsaq, anidən gələn yaxınlığın yekunda narazılığa səbəb olduğunu görmək elə də çətin deyildi. Buna baxmayaraq, digərləri Mixelsin sərtliyindən sonra iplərin nisbətən əllərində olmasının lazımlı addım olduğuna inanırdılar. Rep deyirdi: "Oyunçular Mixelsin sərtliyindən və intizam anlayışından bezmişdilər". Bənzər hadisələr abraziv yanaşmaya malik Bill Şenkli, dostyana biri olan Bob Peysli ilə əvəzləndikdən sonra "Liverpul"da baş vermişdi.
 


"Ayaks"ın ən axıcı futbol oynadığı dönəm, şübhəsiz ki, 1971-72 mövsümü idi. Kovaç Vasoviçi Blankenburqla əvəzləmişdi. O, Neskens, Han və Mürenin geri qayıdıb, sığorta funksiyalarını yerinə yetirəcəklərindən əmin olduğundan, Blankenburq, Sürbir və Krolu irəli çıxmağa cəsarətləndirirdi. Velibor həmişə Kovaçın bu mənada təsirinin cüzi olduğunu iddia edirdi. O, 2002-ci ildə, dünyasını dəyişməmişdən əvvəl verdiyi açıqlamalardan birində demişdi: "Total futbol"un Kovaçla başladığını deyənlər yanılırlar. Onun məsələ ilə heç bir əlaqəsi yox idi. Sadəcə, Kovaçın əlində Avropa çempionu olmuş, çox yaxşı komanda var idi və qaldığımız yerdən davam edirdik". Digər tərəfdən, Kovaçın tərəfdarlarının dediyi kimi, bəzən məşqçilər üçün ən çətin şey - yerində oturmaq və heç nə etməməkdi.

Şübhələr heç vaxt Kovaçdan əl çəkmədi. Nəticələri əla idi: iki mövsüm ərzində kolleksiyasına iki Avropa Kuboku, iki Avropa Superkuboku, iki Erediviziya titulu, bir ölkə kuboku və bir Kontinental kubok əlavə etmişdi. Bununla belə, həmişə onunla komandanın başına müvəqqəti keçmiş biri kimi rəftar edirdilər. 1972-ci ilin apelində "Benfika" səfərində qeydə alınan qolsuz bərabərlikdən sonra "Ayaks" ardıcıl ikinci dəfə Avropa Kubokunda final oynamaq şansı əldə etmişdi. Lakin oyundan sonra "Ayaks" rəsmiləri təcili iclas keçirmiş və Kovaçı istefaya göndərmək qərarına gəlmişdilər. Onda Amsterdam klubu yenicə Rotterdamda "Feyenoord"u 5:1 hesabı ilə darmadağın etmişdi. Hollandiya çempionatında lider olan komanda ən yaxın izləyicisini 5 xal qabaqlayırdı və ölkə kubokunun finalına vəsiqə qazanılmışdı. Rəhbərliyin qərarının əsas səbəbi kimi "Benfika" ilə iki oyunun toplamında qeydə alınan 1:0 hesablı üstünlüyün "Ayaks"a yaraşmadığı göstərilirdi. Həmçinin köməkçi-məşqçi Han Xreyzenhaut və Rollinkin, Kovaçın futbolçulara nəzarəti tamamilə itirdiyi barədə idarə heyətini məlumatlandırdığı iddia olunur.

Komanda daxilində vəziyyət, həqiqətən də, deyilən kimi olsa belə, görünür, futbolçular sərbəstliyi sevirmişlər. Çünki onlar yekunda qərara qarşı çıxdılar və Kovaç postunda qaldı. Onda Yohan Krayf demişdi: "Nəticələr Kovaçın düzgün yolda olduğunu göstərir. Komandamız qərar vermək potensialına sahibdi". Bəlkə, "Benfika" ilə oyunda çox yaxşı deyildilər, amma Krayfın dublu sayəsində "İnter"i 2:0 hesabı ilə məğlub etdikləri final matçından sonra "Ayaks"ın futbol tərzi bir daha üstünlüyünü dünyaya elan etdi. Sanki katenaççonun "tabut"una daha bir "mismar" vuruldu. Ertəsi gün "The Times" qəzetinin oyunla bağlı yazısında qeyd olunmuşdu: "Ayaks" yaradıcı hücum oyununun futbolun can damarı olduğunu, zəka və manevr qabiliyyəti ilə komanda halında müdafiənin zərərsizləşdirilə biləcəyini sübuta yetirdi. Onlar gecənin konturlarını daha kəskin, kölgələrini isə daha parlaq formaya saldılar".
 


Növbəti mövsüm Avropa Kubokunu bir daha qazanan "Ayaks", "Real"dan sonra sözügedən turnirdə "het-trik" edən ikinci komanda oldu. Amsterdam klubu 1/4 finalın ilk matçında "Bavariya"nı 4:0 hesabı ilə darmadağın etdikdən sonra, yarımfinalda məhz Madrid təmsilçisini mübarizədən kənarlaşdırdı. İki oyunun toplamında qeydə alınan 3:1 hesabı "Ayaks"ın üstünlüyünü tam olaraq əks etdirmirdi. "Real"la oyunlar daha çox, Mürenin "Bernabeu"da topu çiləməsi ilə xatırlanır. Kovaçın "Ayaks"ının təcəssümü olan təkəbbür və yaşama sevincinin kombinasiyasını özündə əks etdirən an idi.

Müren həmin matçı belə xatırlayır: "Topu Krola vermək istəyirdim. Sadəcə, o, mənə yaxınlaşa qədər vaxtım var idi. Mən də topu çiləməyə başladım. Belə bir şeyi əvvəlcədən planlaşdıra bilməzsiniz. Həmin an "Real"la "Ayaks" yerlərini dəyişdilər. O ana qədər böyük "Real" və balaca "Ayaks" var idi. Onlar mənim etdiyimi görəndə balans pozuldu. "Real"ın oyunçuları mənə baxırdılar. Stadion ayaq üstə idi. "Ayaks"ın zirvəyə çıxdığı an idi".
 


Belqradda oynanılan finalda "Yuventus"u 1:0 hesabı ilə məğlub etdilər. Hesabın minimal olmağına baxmayın, çox təsirli idi. 4-cü dəqiqədə önə keçən "Ayaks", matçın geri qalan hissəsində uzun pas zəncirləri sayəsində italyanlarla məzələnmişdi. Bir il sonra Hollandiya yığması dünya çempionatının finalında eynisini təkrarlamağa çalışdı. Bununla belə, oyun başlayan kimi hesabı açan "portağallar" sonda Qərbi Almaniyaya uduzdular.

Vinnerin fikrincə, həmin "Ayaks" kooperativ təşkilat olmağa ən çox yaxınlaşan futbol klubu idi. Şübhə yox ki, bu komandanın əsas fiquru var idi. Haarms deyirdi: "Krayfın təsiri böyük idi. Yaşı artdıqca komanda yoldaşları ilə daha çox taktiki mövzular haqqında danışırdı. Zaman keçdikcə Krayfın təsiri də artırdı".

Kovaç Krayfa yaxın biri idi, amma ona tamamilə təslim olmamışdı. Deyilənə görə, matçlardan birində Yohan dizindəki ağrıları bəhanə edərək oynamaq istəmirmiş. Kapitanın pulu sevdiyini bilən Kovaç, cibindən min qulden çıxarıb və onun dizinə sürtüb. Krayf gülümsəyib, oynamağı qəbul edib və matçın sonuna kimi də məşqçisinin tapşırıqlarını yerinə yetirib. Bununla belə, Ştefan kifayət qədər sərt biri deyildi. Peyslinin köhnəlmiş jaketinin arxasında qəddar biri var idi, ancaq ondan fərqli olaraq, Kovaç ikinci mövsümdən etibarən daha da ön plana çıxmağa başlayan Krayfı yerinə oturdacaq qədər "dəmir" xarakterə sahib olmayan biri idi. Rep, Krayfdan icazə aldıqdan sonra onu Svartın yerinə oynatdığını iddia edir və rumın çalışdırıcının cəsarətsiz, qorxaq olduğunu deyirdi. Zamanla oyunçular Yohana qarşı çıxmağa başlayırdılar.
 


Avropa Kubokundakı ardıcıl ikinci çempionluqdan sonra Kovaç komandadan ayrıldı və Fransa millisinin baş məşqçisi oldu. "Ayaks"da onu əvəzləyən Qeorq Knobel 1973-74 mövsümündə kapitanın kimliyini müəyyənləşdirmək üçün oyunçular arasında səsvermə keçirdi. Nəticələrə əsasən, Krayf kapitanlıq sarğısını Pit Kayzerə verməli oldu. Yohan "Ayaks" forması ilə daha iki matça çıxdıqdan sonra "Barselona"ya transfer olundu. Komanda qısa müddət ərzində dağıldı. 1974-cü ildə, qəzetlərdən birində, "Ayaks" oyunçularının tez-tez içki məslislərinə qatıldığı və eşqbazlıq etdikləri barədə məqalə yayımlandıqdan sonra Knobel istefaya göndərildi. Əksəriyyətə görə, Kovaçın dönəmindən bəri mövcud olan komandadaxili özbaşınalıq növbəti mərhələyə qədəm qoymuşdu.

Kovaç karyerasının davamında "Ayaks"dakı uğurlarını təkrarlaya bilmədi. Avro-1976-nın təsnifat mərhələsində Fransa cəmi bir matçda qələbə qazana bildi. Nəticədə Kovaç postunu Mişel İdalqoya təslim etmək məcburiyyətində qaldı. Daha sonra Rumıniya millisinin baş məşqçisi kimi DÇ-1982-də iştirak etməyə yaxın olsa da, sonluq biabırçı oldu. Kommunist hakimiyyət onu Macarıstanla oyunu "satmaq"da günahlandırırdı. Əməkdar rumın məşqçi Florin Halaqian demişdi: "Kovaçın operası "Ayaks" idi. Futbol tarixinin ən yaxşılarından biri idilər".

Paradoks ondan ibarət idi ki, Kovaç zirvəyə çıxmaq üçün komandasına sərbəstlik verdi, amma bu yolla həm də öz sonunu hazırladı. Həmin ərəfələrdə "total futbol" Mixelsin rəhbərliyi altındakı "Barselona"da yoluna davam edirdi. (SON)

Conatan Vilson – "Inverting the Pyramid: The History of Football Tactics”


Tərcümə: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR