"Total futbol"un tarixi: Neskens faktoru, ofsayd tələsi və "vərdiş futbolu" (IV hissə)

Fürsət əlinə düşəndə Vasoviç ön planda olmaqdan çəkinəcək adam deyildi. Düzdü, onun iddialarına müəyyən skeptisizmlə yanaşmaq olar, ancaq geridən irəli çıxıb, əlavə yarımmüdafiəçi funksiyasını yerinə yetirən müdafiəçi modelinin təşəbbüskarlarından biri olduğu dəqiqdi. Bu trend sonradan Horst Blankenburq, Ari Han (karyerasının son illərində) və Danni Blind kimi "süpürücü"lər sayəsində holland futbolunda davamlılığını qorudu. Pressinqlə birlikdə istifadə edilməsi onu daha da effektiv silaha çevirirdi.

 



"Ayaks" nümunəsində danışsaq, pressinq daha çox Yohan Neskensin aqressivliyindən irəli gəlirdi. Haarms, adətən, qarşı tərəfin pleymeykerini tutmaq tapşırığı verilən Neskensin rəqibini sona qədər izləməsini belə təsvir edirdi: "Kamikadze pilotundan bir fərqi yoxdu". Başlanğıcda "Ayaks"ın digər oyunçuları geri addım atsalar da, 70-ci illərin əvvəllərindən etibarən onlar da Neskensin yolundan getməyə başladılar. Müdafiə xəttini çox irəlidə quraraq rəqibin oynamağa çalışdığı zonanı daraldırdılar. Riskli gediş olsa da, Vasoviç önə çıxaraq qarşı tərəfin hücumçularını ofsayda salmaqda usta idi.

Bunu edə bilmək üçün xüsusi bacarığa sahib olmalı idin. DÇ-1974-də "Hollandiya"ya 0:2 hesabı ilə uduzduqları oyunda Braziliya millisinin kapitanı olan Marinyo Peres hollandların metodunun necə dağıdıcı olduğunu görsə də, elə həmin il, Krayf və Neskensi transfer edən, baş məşqçisi Mixels olan "Barselona"ya keçəndən sonra sistemə uyğunlaşmaqda problem yaşamışdı:

"Braziliyada müdafiəçilər heç vaxt belə önə çıxıb, press eləmirlər. "Barselona"da isə Mixels süni ofsayd xəttini yaratmaq üçün mərkəz müdafiəçilərindən irəli çıxmağı tələb edirdi. Braziliyada bu, "eşşək xətti" kimi tanınır. İnsanlar bunun axmaq bir şey olduğunu düşünürlər".

 
1919-cu ildə keçirilən Amerika Kubokundan bəri Braziliya futbolundan əsas fikir bu yöndə idi və Litonun "Vila Nova"da formalaşdırdığı "quarto zagueiro" konsepti daxilində də dəyişməz qaldı: müdafiəçilərdən biri topa doğru çıxanda, digəri onu sığortalamaq üçün geriyə çəkilirdi.

Marinyo qaldığı yerdən davam edir:

"Kroyf isə mənə deyirdi ki, hollandlar heç vaxt geniş sahədə bacarıqlı olan braziliyalılar, ya da argentinalılar kimi oynaya bilməzlər. Qısası, hollandlar boşluqları azaltmaq və hər kəsi bu incə lentin içərisinə daxil etmək istəyirdilər. Ofsayd tələsinin bütün məntiqi meydanı sıxmaqdan ibarətdi. Bu, mənim üçün yeni bir şey idi. "Birdən topu aşırmağa cəhd edərlər və biri geridən hərəkətə başlayıb, ofsayd tələsini pozar" - Braziliyada hamı belə düşünürdü, ancaq, əslində, bunun üçün heç vaxtımız da olmurdu.

Pressin iki funksiyası var. O, təkcə rəqibin oyununa əngəl olmaq üçün istifadə olunmur. Bir dəfə məşqdə Mixelsin dediyi kimi, irəli çıxdım və digər komandanın 4-5 oyunçusunu birdən ofsayd tələsinə saldıq. Sevinirdim, mənim üçün yeni bir şey olduğundan, çox həzz almışdım. Amma həmin vaxt Mixels üstümə qışqırdı. Halbuki onun istədiyini etmişdim. Səbəb qəribə idi. O, ofsayddan sonrakı epizodda, dərhal, dayanmadan, elə həmin andaca topun oyuna daxil edilməsini və hücuma keçilməsini istəyirdi. Çünki rəqibin ofsayda düşən futbolçuları olduğundan, biz lazım olan meydan aralığında sayca daha çox idik. Bax, beləcə, press və ardınca edilən ofsayd tələsindən həm də hücum oyunu kimi istifadə edirdik. Bu formada epizoda girə bilməyəcəyimizi anlayanda isə müdafiəçilərimiz geriyə dönüb, zonanı genişləndirirdilər. Zona bizim oyunumuzun hər şeyi idi".

Vinnerin "Brilliant Orange" kitabında irəli sürdüyü, hollandların zonadan istifadə baxımından bacarıqlı olmalarını, tez-tez su basan torpaqlarının onları gündəlik həyatda zonanın dəyərini bilməyə vadar etməsi ilə əlaqələndirdiyi nəzəriyyəsi inandırıcı (necə Vyananın kofe-hauz yazarları Sindeların dahiliyi ilə öz ədəbi fəaliyyətləri arasında əlaqə yaradırdılarsa, eyni formada Dennis Berxkampın və Pit Mondrianın qüsursuz və şəffaf parıltısı arasında da bağ tapmaq, yəqin ki şişirtmə olmaz) ola bilər, ancaq bu, "total futbol"un əvvəlcədən planlaşdırılan bir şey olduğu mənasını verməməlidi.

Bakinqem hələ öz dönəmində "Ayaks" futbolçularının, onun dili ilə desək - "vərdiş futbol"unu oynamaq bacarığında olduqlarından bəhs edirdi: "İnstinktləri hesabına bir-birilərini tapa bilirdilər. Müəyyən ritmə sahib idilər: komanda meydanın solundan sağına hərəkət edə-edə, həm də irəliyə doğru 30-40-50 m. məsafə qət edirdi".

Hollandiya futbolunun əvvəlcə "Ayaks", sonra isə yığma sayəsində çiçəklənməsi, əslində, hansısa bir plandan çox, "vərdiş futbolu"nu tətbiq edəcək qədər uzun müddət birlikdə oynamış ağıllı oyunçu qrupunun nəticəsi kimi görünməlidi. Svart deyirdi: "Sürbirin irəli çıxdığını görəndə geri qayıtmalı olduğumu bilirdim. Kiminsə məni bu barədə məlumatlandırmasına ehtiyacım yox idi. İki ildən sonra artıq hər kəs nə edəcəyini bilirdi".

Bunun təsadüfi şəkildə ortaya atıldığını demək Krayfa və Mixelsə qarşı ədalətsizlik etmək olardı. Ancaq Lobanovski nümunəsində olduğu kimi, onlar da müəyyən qeyri-adi fikri irəli sürməkdən çox, şərtlərə uyuğun hərəkət edirdilər. "Ayaks"ın oyununun əsas özəlliklərindən biri olan mövqelər arasındakı sürətli yerdəyişmələr belə, rəqiblərin onların hücum futboluna qarşı irəli sürdüyü qatı və kompakt müdafiələri keçə bilmək üçün formalaşdırılmışdı. "Seltik"in 1967-ci ildə Avropa Kubokundakı zəfərindən özlərinə dərs çıxarmışdılar. Qarışıq müdafiələri yarmağın ən yaxşı yolu qarışıq hücum xətləridi və bu da öz növbəsində, müdafiəçilərin geridən gəlib, hücum variantlarını artırmalı olduqları mənasına gəlir.
 

 
Rinus Mixels: "Dördüncü, ya da beşinci ilimdə o "müdafiə divarlar"ını təəccübləndirəcək fikirləri tapa bildim. Yarımmüdafiəçilər və müdafiəçilərin oyun quruculuğunda və hücumda iştirakına izin verməli idim. Danışmaq asandı, amma prosesi həyata keçirmək uzun zaman tələb edir. Çünki hansısa cinah müdafiəçisinə hücuma qatılmağı öyrətmək çətin bir şey deyil, onlar, onsuz da, bunu sevirlər. Amma hücuma çıxanda onu sığortalayacaq birini tapmaq... - əsas məsələ budu. Müəyyən müddət sonra artıq hamının hərəkətli olduğunu görürsən. Onda komandanın mövqe oyununu görən hamı "Mən də bunun parçası ola bilərəm. Çox asandı" deyə düşünməyə başlayır. Bax, onda zirvəyə, inkişafın ən pik nöqtəsinə çatırsınız". (ardı var)

Conatan Vilson – "Inverting the Pyramid: The History of Football Tactics”


Tərcümə: Rüfət Məcid

 


OXŞAR XƏBƏRLƏR