"Total futbol"un tarixi: Sistem daxilində individualizm, Happelin "Feyenoord"u və 4-3-3 (III hissə)

Yohan Krayf "Provo"nun üzvü deyildi. Ailə dəyərləri kimi mövzulardakı mühafizəkar yanaşması qruplaşma ilə heç uyğun gəlmirdi. Bununla belə, uyğunlaşma problemləri, anarxist davranışları və mövcud quruluşa qarşı provakasiya cəhdləri baxımından onlarla eyni cəbhədən çıxış edirdi. Krayf "Puma" ilə anlaşmasına sadiq qalaraq, DÇ-1974-də "Adidas"ın üçxətli formasını geyinməyi rədd edib, ikixətli formadan istifadə etmişdi. Bu, onun ən məşhur protestlərindən biridi. Hübert Smits davam edir: "Hollandlar sistemlə individual bacarığı birləşdirəndə ən yaxşılardan olurlar. Bunun əsas təmsilçisi Yohan Krayf idi. Ölkənin müharibədən sonrakı vəziyyətinin səbəbkarlarından birindən söhbət gedir. Məncə, Krayf 60-cı illəri başa düşən yeganə adam idi".
 


Vinnerə görə, sistem daxilindəki fərdiyyətçilik ideyası həmin dönəmin Hollandiyasının əsas xarakteristikası idi. Məsələn, strukturalist memar Aldo van Eyk yazırdı: "Bütün sistemlər bir-biriləri ilə o qədər yaxın münasibətdə olmalıdılar ki, ortaya çıxan qarşılıqlı əlaqə və ümumi təsir tək bir kompleks sistem kimi qəbul edilsin". Van Eyk konkret olaraq memarlığı nəzərdə tutsa da, bir tərəfdən sanki Mixelsin "Ayaks"ını təsvir edirdi.

"Total futbol" ifadəsi özlüyündə Hollandiya yığma komandasının DÇ-1974-dəki çıxışına qarşılıq olaraq ortaya çıxsa da, "total" prefiksindən fərqli sahələrdə artıq istifadə edilirdi. Başqa bir memar - Yakob Berend Bakema "Forum" jurnalındakı yazılarda "Total urbanizasiya", "Total ətraf mühit" və "Total enerji"dən bəhs edirdi. O, 1974-cü ildəki leksiyalarından birində demişdi: "Hadisələri anlamaq üçün onlar arasındakı əlaqəni də anlamalısınız. Bir vaxtlar toplumda qarşılıqlı əlaqənin ən pik nöqtəsi "Allah" kəlməsi ilə ifadə olunurdu. İnsan övladının yer üzü və onun hüdudlarından istifadə etməsinə sadəcə onu qoruması, mühafizə etməsi şərtilə icazə verilirdi. Ancaq insan "atomlararası əlaqə" adı verilən qarşılıqlı əlaqə fenomenini anlamaq üzrə olduğu üçün qeyd etdiyim formadakı münasibəti və hörməti aktuallaşdırmalıyıq. İnsan övladı artıq total enerji sisteminin bir parçası olduğunu dərk edib". Memarlıqda olduğu kimi, həmin dövrdə bir çox fərqli sahələrdə də bənzər dəyişikliklər baş verirdi. Məsələn, Rolan Bartın ədəbiyyat nəzəriyyəsi və semiologiyası, Klod Levi-Strossun antropoloji nəzəriyyəsi və ya Jak Lakanın psixoanalitik nəzəriyyəsi. Futbol da istisna deyildi.

"Ayaks" modelində futbolçular aralarındakı qarşılıqlı əlaqə əsasında önəm ərz edirdilər. Bunun imanda azalma olmadan reallaşmasının mümkünsüz olduğunu demək çox iddialı nəzəri sıçrama olar. Ancaq yenə də Hollandiya futbolu ilə dövrün intellektual ruhu arasındakı əlaqəni görməmək müşkül məsələdi. Hücüm gücü baxımından sistemin ən böyük təmsilçiləri olan "Ayaks" və Kiyev "Dinamo"sunun dönəmin ən sekulyar iki cəmiyyəti olan Hollandiya və SSRİ-də ortaya çıxması da maraqlı təsadüf idi.
 


"Ayaks"a dair ilk işartılar 1966-cı ilə aid idi. Amsterdam təmsilçisi Avropa Kubokunun ikinci turunda "De Mer"də "Liverpul"u 5:1 hesabı ilə darmadağın etmişdi. Nəticə o qədər böyük sürpriz hesab olunurdu ki, Bill Şenklinin "Enfild"də 7:0 hesablı qələbə qazanacaqlarına dair iddiası kifayət qədər ciddi başa düşülmüşdü. Ancaq cavab görüşündə Krayfın dublu və qeydə alınan 2:2-lik bərabərlik "Ayaks"ın asanlıqla mərhələ adlaması üçün yetərli olmuşdu. 1/4 finalda "Dukla Praqa" qarşısında hollandiyalıların zəif tərəfləri ortaya çıxdı. "De Mer"də 1:1 bitən matçın ardınca "Ayaks" Çexoslovakiyada 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdı. Mixelsin necə rəhmsiz biri olduğu məhz o zaman hamıya məlum oldu. Cavab görüşündə penaltiyə səbəb olan Ton Pronk müdafiədən yarımmüdafiəyə keçirildi, avtoqol müəllifi olan, "Ayaks"ın kapitanı - mərkəz müdafiəçi Frits Soetekuv isə PSV-yə satıldı.

"Ayaks" hücum komandası kimi bilinsə də, Mixels quruculuq işlərinə Soetekuvun əvəzinə, Hülshoffun yanına "Partizan"dan təcrübəli "süpürücü" Velibor Vasoviçi yerləşdirərək müdafiədən başladı. "Ayaks" 1966-1970-ci illər aralığında 4 dəfə final oynadı və 1969-cu ildə Avropa Kubokunun finalında "Milan"a uduzdu. Hollandiyalıların təxəyyülünü fəth edən də məhz bu uğur oldu. Belə ki, ilk matçda evdə "Benfika"ya 1:3 uduzduğu 1/4 final matçının cavabında – səfərdə eyni hesabla qələbə qazanan "Ayaks"ın sözügedən komanda ilə oynayacağı əlavə pley-off görüşünü (3:0) izləmək üçün 40 mindən çox yerli azarkeş Parisə yollanmışdı.

Bu mərhələdə sistem hələ də modifikasiya olunmuş 4-2-4 idi, ancaq Vasoviç həm digər müdafiəçilərin arxasına düşürdü, həm də irəli çıxıb, orta xətti üçləyirdi. Bununla belə, yarımmüdafiədə say azlığında olduqları situasiyalara rast gəlmək olurdu. 1970-ci ildə Yarmarkalar Kubokunun yarımfinalında "Ayaks"ı 3:0 hesabı ilə məğlub edən "Arsenal"ın baş məşqçisi Berti Mi onları "həvəskar komanda" adlandırmışdı. Onun fikrincə, gördükləri sadəlövhlüyə bərabər idealizm idi. Eyni ayın sonlarında "Ayaks" "Feyenoord"la 3:3 hesablı bərabərliyə razı olduqdan sonra Mixels Braziliyanın 8 il əvvəl, Viktor Maslov və Alf Ramseyin isə bir müddət sonra gəldiyi qənaətə gəldi: dörd forvardla oynamaq komandanın topu yenidən ələ keçirməsini çətinləşdirirdi.

Həmin ərəfələrdə DÇ-1954-də üçüncü olan Avstriya millisinin parçası olan Ernst Happelin rəhbərliyi altındakı "Feyenoord" Avropa Kubokunda çempionluğa doğru addımlayırdı. Avstriya irəliyə meyilli mərkəz müdafiəçidən istifadə edərək müəyyən çərçivədə uğur qazanan sonuncu komanda idi. Ancaq Happelin nostalgiya ilə arası yox idi və o, artıq 4-3-3-ə keçid etmişdi. Rinus İsrael "partlayıcı süpürücülər"dən idi. Yarımmüdafiədəki yaradıcılıq funksiyası Vim van Haneqemə tapşırılmışdı. Onun yanında avstriyalı Frank Hasil və Vim Yansen oynayırdı. Kun Muleyn isə sol cinahdan hücuma dəstək verirdi. "Ayaks"ın 1969-cu ildə Avropa Kubokunun finalında "Milan"a uduzduğu oyunda sol cinah müdafiəçisi kimi oynayan və daha sonra Mixelsin möhkəm olmadığına və rəqiblər tərəfindən rahat keçildiyinə dair iddiası ilə "Feyenoord"a satılan Teo van Döyvenbode deyirdi: "Mixels oyundan əvvəl taktika planlamasında, oyunçuları fiziki və mental baxımdan hazırlamada mütəxəssis idi. Ancaq Happel oyunu çox yaxşı oxuya bilirdi. Baş verənləri o dəqiqə görüb, zaman itirmədən dəyişiklik edərdi. Happelin əlində Mixelsin "Ayaks"ındakı kimi möhtəşəm fərdi bacarığa sahib oyunçular yox idi. O da əvəzində taktika məsələsinə daha detallı yanaşaraq daha çox köməkləşən bir komanda formalaşdırmışdı. Ola bilər, bəlkə də, çox baxımlı oynamırdılar, amma meydanda əsl komanda oyununu görə bilərdiniz".
 


"Feyenoord"un darıxdırıcı komanda olduğunu düşünürsünüzsə, yanılırsınız. Sadəcə, onlar "Ayaks" qədər axıcı oynamırdılar. Nə isə, qeyd etdiyim 3:3-lük bərabərlikdən sonra Mixels qərarını verdi və 4-2-4-dən 4-3-3-ə keçdi. Lazım gələndə Vasoviç yenə önə çıxırdı və 3-4-3 ortaya çıxırdı. Belə olanda arxada rəqibin iki mərkəz hücumçusu ilə başa çıxmaq üçün iki markajçı və sığorta üçün əlavə bir adam qalırdı.

Vasoviç: "Mən müdafiədəki son adam idim, yəni libero. Mixels daha da hücumameyilli futbol oynamaq üçün belə bir plana əl atdı. Aramızda bunu müzakirə etmişdik. Aqressiv müdafiə anlayışının memarı təkcə Mixels yox, həm də mən idim". (ardı var)

Conatan Vilson – "Inverting the Pyramid: The History of Football Tactics”


Tərcümə: Rüfət Məcid

Sport7.az

OXŞAR XƏBƏRLƏR