"Total futbol"un tarixi: W-M-dən 4-2-4-ə keçid və holland Con Lennon (II hissə)

Bakinqem futbol anlayışının "Ayaks”da gördükləri ilə üst-üstə düşdüyünü düşünürdü. Açıqlamalarından birində deyirdi: "Hollandiya futbolu yaxşı idi. Qələbə qazanmaq naminə hər üsuldan istifadə etmək kimi bir təfəkkürdən söhbət gedə bilməzdi. Bacarıq və intellekt olaraq fərqli idilər, normal futbol oynayırdılar. Bunu məndən öyrənməmişdilər. Sadəcə, kimsə müəyyən şeyləri azacıq tənzimləməli idi. Əsas məsələ onlara daha çox topa sahib olmalarını deməkdən ibarət idi. Həmişə topa sahib olmanın futbolun 90%-ni təşkil etdiyini düşünmüşəm və "Ayaks” da bu fəlsəfəyə uyğun futbol oynayacaqdı. Təbii, onlara müəyyən təsirim oldu, ancaq zaman keçdikcə "Ayaks” mənim gözləntilərimi belə geridə qoydu. Onları izlədikcə zövq alırdım. Məsələn, iki oyunçu sol cinah boyunca paslaşaraq – bum-bum-bum – irəliləyirdi və bu şəkildə rəqibin üç müdafiəçisini zərərsizləşdirib, özlərinə geniş zona yaradırdı”.
 


Bakinqem W-M aşiqi idi. Sistemin o dövrdə Britaniyada rast gəlinməyən axıcı versiyasını komandasına aşılamışdı. Nəticədə məhz bu düzülüş sayəsində 1960-cı ildə oyun başına 3,2 qol ortalamasına çatan və hücum futbolunun ən gözəl nümunələrindən birini nümayiş etdirən "Ayaks” Hollandiya çempionatının qalibi oldu. Bakinqem iki mövsüm sonra komandadan ayrılıb, "Şeffild Uensdey”i çalışdırmağa başladı. 1964-cü ildə geri dönəndə isə əvvəlki uğurlarını təkrarlamaqda çətinlik çəkdi. 1965-ci ilin yanvarında, "Ayaks” ikinci liqaya düşmə zolağında olarkən Bakinqem istefaya göndərildi.

Onun yerinə Mixels gətirildi. Rinus 1958-ci ildə futbolçu kimi karyerasına son qoyduqdan sonra Amsterdam İdman Akademiyasında oxumuş və həvəskar klub olan YOS-un başına keçməmişdən əvvəl yerli məktəblərin birində gimnastika dərslərinin tədrisi ilə məşğul olmuşdu. Lobanovski kimi, o da futbolçuluq illərinin böyük hissəsini keçirdiyi kluba geri qayıdanda futbol anlayışı radikal dəyişikliklərə məruz qalmışdı. Vinnerin fikrincə, Mixels futbolçu illərində meydanda rahatlığı ilə ön plana çıxan, meydandan kənarda isə zarafatcıl biri idi. Məşqçi kimi isə tamamilə fərqli adam ortaya çıxmışdı. Uzun müddət "Ayaks”da onun köməkçisi işləmiş Bobbi Haarms deyirdi: "Artıq onun üçün ən önəmli məsələ intizam idi. Yüksək səviyyədə intizamdan söhbət gedir. Köməkçi məşqçilərlə belə, heyvan təlimçisi kimi rəftar edirdi”.
 


Mixels ilk mövsümündə "Ayaks”ı liqada saxlamağı bacardı. Növbəti mövsümdə isə Amsterdam klubu çempionatın qalibi oldu. Baxımlı və axıcı futbol oynasalar da, o dövrdə "total futbol” ideyası ortada yox idi. Mixelsin futbolun necə oynanılmalı olduğu barədə fikirləri tam formalaşmamışdı. Onsuz da, üzərinə düşən əsas öhdəlik komandanı liqada saxlamaq idi. Rinus açıqlamalarından birində demişdi:

"Başlanğıcda uğrunda mübarizə aparacağınız hədəflər haqqında heç bir fikriniz olmur. Komandanı çempionatda saxlaya bilmək üçün taktiki dəyişikliklərlə yanaşı, xüsusilə də komanda ruhuna əl gəzdirməli idim. Komanda ruhunun formalaşması, taktiki inkişaf… - belə-belə, prosesin davamını gətirdik”.

O, "Ayaks”ın məşq metodlarını dəyişdi və topla çalışmaları Reynoldsdan belə, daha çox ön plana çıxardı. Beləliklə, "Ayaks” tərzinin təməlini formalaşdıracaq texniki bacarığın inkişafını təmin etməli olan strukturun bünövrəsi qoyuldu. Önəm ərz edən bir başqa məsələ isə Mixelsin klub idarəetməsini müasirləşdirməsi idi. Nəticədə klubdakı ikinci mövsümünün sonlarına doğru heyətin bütün üzvləri tam professional idilər və onun məşq proqramını tam yerinə yetirə bilirdilər. Taktiki baxımdan onun ilk dəyişikliyi W-M-i 4-2-4-lə əvəzləmək oldu. Hücum kvarteti Pit Kayzer, Yohan Krayf, Şak Şvart və Henk Xrotdan ibarət idi. Yarımmüdafiədə döyüşkən Benni Müller texniki tərəfi ilə ön plana çıxan Klas Nüninqa ilə birlikdə oynayırdı.

Özlüyündə bu, o qədər də radikal deyildi. Çünki 1958-ci ildə keçirilən dünya çempionatından sonra Avropaya yayılan trend bu yöndə idi. Ancaq yenə də, havada az da olsa, radikalizm qoxusu var idi. Britaniyalı anarxist Çarlz Redkliff 60-cı illərdə Amsterdamı "gənclik üsyanlarının paytaxtı” adlandırırdı. Müharibədən sonra rifah dövlətinin formalaşması, Avropa daxilində artan rifah səviyyəsi hər yerdə olduğu kimi, Hollandiyada da ənənəvi cəmiyyət sinifləşməsinin bulanıq forma almasına gətirib çıxardı. İncəsənət və mədəniyyətdə avanqard meyillər güclənirdi. 1962-ci ilin dekabrında "Məzarı aç” tədbirinin təşkilatçısı olan şair Saymon Vinkenoqa görə, köhnə üsullar üzərində qələbənin təməli məhz Amsterdamın Sehrli Mərkəzində atılacaqdı.
 


60-cı illərin ortalarında hamısı bəyaz geyinən "Provo” qruplaşmasının müntəzəm olaraq inhisarçılıq əleyhinə nümayişlər təşkil etdiyi Amsterdamda sürreal və anarxik atmosfer hakim idi. "Provo”nun 1966-cı ildə Kraliça Beatriksin alman ordusunda xidmət etmiş aristokrat Klaus fon Amsberqlə nikah mərasiminə verdiyi reaksiya məşhurdu. Əvvəlcədən mərasimin baş tutmasına mane olmağa çalışacaqlarını demişdilər. Nəticədə insanlar arasında müxtəlif spekulyasiyalar gəzirdi. Suyun içərisinə LSD qatılacağı, toy arabasını dartan atlara mane olmaq üçün yola aslan nəcisi səpiləcəyi, orqan borusundan mərasimin keçiriləcəyi kilsəyə gülmə qazı veriləcəyi kimi ehtimallar var idi. Sonda sadəcə Raadhuisstraata (Amsterdamın mərkəzində küçə) bir neçə sis bombası atmaqla kifayətləndilər. Ancaq bu da özlüyündə yetərli idi. Panikaya düşən polis onların üzərinə hücum etdi. Daha əvvəl də belə hadisələr baş vermişdi, ancaq onların heç biri bu qədər böyük çərçivədə olmamış, həmçinin milli televiziya vasitəsilə canlı göstərilməmişdi. İzləyicilər dəhşət içində idi. Üç ay sonra məzuniyyət haqları ilə bağlı işçilərin tətil elan etməsi də bənzər nümayişləri bərabərində gətirəndə ictimaiyyətin məsələyə baxışı dəyişməyə başladı.

Üsyanlarla bağlı aparılan araşdırmalardan biri şəhəri meri və polis rəisinin işdən çıxarılması ilə nəticələndi. Hakimiyyət qüvvələri gənclərin üsyanları ilə başa çıxmağın ən yaxşı yolunun dözüm nümayiş etdirmək olduğu qərarına gəlmişdi. Bir neçə il ərzində Dam meydanı xarici hippilərin düşərgəsinə çevrildi və Amsterdam polisi "Avropanın ən mülayim polisi” kimi nam saldı. Con Lennon və Yoko Ononun evliliklərini Amsterdamdakı "Hilton”da bir həftə davam edən "Bed-In”lə (cütlük Amsterdam və Monrealda yataqdan çıxmayaraq müharibə əleyhinə protest başlatmışdılar) qeyd etmələri təsadüfi deyildi.
 


Mixelsin "Ayaks”ındakı oyunçuların əksəriyyəti mədəni və futbol inqilabları arasındakı bağlantını önəmsəmirdilər. Ancaq ənənəvi dəyərləri sorğu-sual etməyə hazır olmanın verdiyi özünə inamdan irəli getməsə də, arada əlaqənin olduğunu iddia edən Vinnerin fikirlərinə qatılmamaq çətindi. Mövcud struktur və ənənələr qəbul edilmir, əksinə onlara meydan oxunurdu.

Bütün bu proseslərin mərkəzindəki isim isə həmin dövrdə də komandanın aşkar lideri olan Yohan Krayf idi. Gənc, ikonoklastik və dəyərinin tam qarşılığını almaq üçün israr edən – bu, təkbaşına sosial sinifsizliyin məhsulu idi – Krayf formalaşmaqda olan Hollandiya gənclik hərəkatının ikonu idi. "Ayaks”da daha əvvəl gənclərlə işləmiş məşqçi Karel Qabler onu "Con Lennon” adlandırırdı. Jurnalist Hübert Smits 1997-ci ildə Krayfın 50-ci yubileyi münasibətilə "Hard Gras” jurnalına yazdığı məqalədə qeyd etmişdi: "Krayf sənətkar olduğunu anlayan, idman sənətini kollektiv formaya gətirməyə həvəsli olan və bunu bacaran ilk futbolçu idi”. (ardı var)
 


Conatan Vilson – "Inverting the Pyramid: The History of Football Tactics”

 
Sport7.az


OXŞAR XƏBƏRLƏR