"Tottenhem" əfsanəsi - Axına qarşı üzən, zamanı qabaqlayan Qlenn Hoddl

Ürəyi ağrayırdı və vəziyyəti olduqca ciddi idi. Üstəlik, həmin gün doğum günü idi. Səs mühəndisi Saymon Denielsin ilkin tibbi yardımı olmasa, bəlkə də, indi həyatda olmayacaqdı. Deniels "uşaqlıq qəhrəmanının həyatını xilas edən adam” kimi məşhurlaşdı. Söhbət ingilis futbolunun əfsanəsi, zərifliyi ilə seçilən və bu gün 62-ci doğum gününü qeyd edən Qlenn Hoddldan gedir. Bu hadisədən sonra sosial şəbəkələrdə onun haqqında çoxlu şeylər yazıldı: "Tək manyak mən deyilmişəm”; "İzlədiyim ən bacarıqlı ingilis futbolçu”... Bəs həqiqətənmi Hoddl böyük futbolçu idi?

"Mən futbolu yox, futbol məni seçdi” deyən "Tottenhem” əfsanəsi, haqqındakı sənədli film və reportajlarda 6 yaşından etibarən tez-tez futbol oynadığını və zərbə vurarkən hər iki ayağından da yaxşı istifadə etdiyini bildirirdi. Hoddlla birgə oynamış, "mahmızlar”ın kapitanı Stiv Perriman bu özəlliyini işarə edərək onun haqqında demişdi: "Ayaqlarında sanki qolf çubuğu var”.
 


Qlennə futbolu sevdirən şey "Vayt Hart Leyn”in işıqları olub. Hoddl 8 yaşı olarkən dostunun təklifini qəbul edərək "Tottenhem”in rezerv komandasının oyununu izləmək üçün arenaya yollanıb. Həmin gün tribunalar və işıqların onu heyrətləndirməsi klubu sevməsinə səbəb olub: "Karyeram ərzində axşam matçlarını çox sevmişəm, çünki bu, oyunuma yaxşı təsir edirdi”.

Onun "Tottenhem”ə gəlişi Martin Çiversin adı ilə bağlıdır. Martin 1968-1976-cı illər ərzində London klubunun şərəfini qorumuş və 100-dən çox qolun müəllifi olmuşdu. Küçədə izlədiyi futbolçunu bəyənən Çivers 11 yaşlı Qlenni komandaya cəlb edib.

1960-cı illərdən fərqli olaraq, İngiltərə futbolu 70-ci illərdə əzəmətini itirməyə başlamışdı. Klassik 4-4-2 düzülüşündən əl çəkməyən məşqçilər oyunçulara qarşı sərt münasibətləri ilə nam salmışdılar. Milli komandanı çalışdıran Alf Remzi və "Lids”in əfsanəsi Don Revi bu mənada seçilirdilər. Hətta "inqilabçı” kimi tanınan Bill Şenkli də futbolçularla münasibətlər baxımından çətin adam hesab olunurdu. Ümumiyyətlə, sözügedən illərdə ingilis futbolu dövrün futbolundan geri qalmağa başlayırdı, çünki dönəm zərif liberolar və bacarıqlı "10 nömrələr"i yetişdirmişdi. Ada futbolu isə hələ Billi Bremner kimi çılğın və sərt orta xətt oyunçusu, həmçinin hücumçularda fiziki baxımdan effektiv müdafiəçilərlə öyünürdü. Potensialı böyük olan hücumçuların da əksəriyyətinin sərt məşqçilərlə dil tapa bilməmək kimi problemləri olurdu.
 


Qlenn Hoddl ada futbolunu dəyişmək fikrində idi. Görəsən, "Kroyf dönüşü” o vaxta qədər niyə heç kimin ağlına gəlməmişdi? - onun beynini məşğul edən sual bu idi. 1 il sonra – 1975-ci ildə "Norviç”lə matçda debüt edən 17 yaşlı Hoddl isinərkən nə topu yoxladı, nə də meydançanın örtüyünü. 12 yaşından etibarən komandanın aşağı yaş qrupları üçün ayrılan yerdən matçları izləyirdi.

Start heyətdə meydana çıxdığı ilk oyun Hoddl üçün çox böyük məna kəsb edirdi. 1976-cı ildə "Stok Siti” ilə qarşılaşdıqları matçda rəqibin heyətində onun uşaqlıq qəhrəmanı - Alan Hudson forma geyinirdi. Meydanı qolla tərk edən Qlenni də ilk təbrik edən məhz Hudson olmuşdu: "Belə oynamağa davam et və arzularına çat”. 19 yaşlı futbolçu daha sonra başqa bir qəhrəmanı tərəfindən də eyni diqqəti görəcəkdi. Bu, sonranın işidi, indilik isə Hoddl sevimli komandası ilə 1976-1977 mövsümündə yüksək liqanı tərk etməyin üzüntüsünü yaşamaq məcburiyyətindədi. Həmin gün paltardəyişmə otağında hönkür-hönkür ağlamışdı...
 


"Riki, eyni dildə danışa biləcəyimiz futbolçu tapmalıyıq” - bu sözləri DÇ-1978-i qazanan argentinalı Osvaldo Ardiles, həmin il "Tottenhem”ə onunla birlikdə transfer olunan həmyerlisi Riki Vilyaya demişdi. Söhbət ispanca danışa bilən ingilis futbolçudan getmirdi. İngiltərə futbolu Ardiles üçün darıxdırıcı idi - onun dilini başa düşən, "danışan” Qlenn Hoddla tanış olana qədər. Liqaya yenidən yüksələn "şimali londonlular" baş məşqçi Keyt Börkinşounun rəhbərliyi altında oynadıqları axıcı futbol ilə diqqətləri üzərilərinə çəkməyə başlamışdılar. Bunun əsas səbəbkarları isə cəldliyi, driblinqləri ilə oyunu orta xətdən quran, "sehirli qutu" kimi nə edəcəyi məlum olmayan Ardiles və meydanı görmə, eləcə də topu özündə saxlamaq bacarığı ilə seçilən, zərif Hoddl idi.

1981-ci ildə finalın cavab matçında "Tottenhem" "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edərək FA Kubokuna sahib çıxdı. Bu, onların birlikdə ilk zəfəri idi. Qələbə topunu Riki Vilya vursa da, oyunun ən yaxşısı Hoddl seçildi. 1982-ci ildə FA Kubokunun finalının revanşında zəif oynasa da, penaltidən fərqlənərək komandasına növbəti titulunu qazandıran futbolçu da məhz Qlenn idi.
 


"Tottenhem” 70-ci illərin sonlarında liqanı tərk edən komanda idi, 80-ci illərdə isə özünə "ilk dördlük"də yer tapan kollektivə çevrilmişdi. Bu uğurların zirvəsi 1983/84 mövsümü idi. 1984-cü ilin mayında "Anderlext”i devirərək UEFA Kubokunu qazanan "Tottenhem” ilk Avropa tituluna sahib çıxmışdı. Qlenn Hoddl final matçlarında meydanda olmasa da, ən kritik məqamlarda baş rolda idi - xüsusilə də, onun üçün böyük əhəmiyyət kəsb edən "Feyenoord”la görüşlərdə. Qəhrəmanımız 1974-cü il mundialında "dönüş"ü ilə onu heyrətləndirən Yohann Kroyfa qarşı oynayacaqdı. Qarşılaşmadan əvvəl ingilis qəzetlərinə müsahibə verən Kroyf Hoddlun şişirdilmiş oyunçu olduğunu dilə gətirmiş, baş məşqçi Börkinşou isə Hoddlun bu müsahibəni oxuduğunu bildirmişdi.
 


Kumirinə qarşı oynayan 23 yaşlı yarımmüdafiəçi 4:2 hesabı ilə qələbə qazandıqları matçda, az qala, bütün qolların "açar ötürmə"sini edən futbolçu idi. Dərsini alan Kroyf isə illər sonra verdiyi reportajda, Hoddla yaxınlaşdığını və onu təbrik etdiyini söyləmişdi: "O vaxtlar ən yaxşı oyunçunu təbrik etmək normal hal idi”. Zədələnərək finalı buraxan yarımmüdafiəçinin karyerasının gedişatı tamamilə dəyişə bilərdi. Belə ki, həmin il "Napoli” ingilis futbolçunu İtaliyanın cənubuna gətirmək istəyirdi, amma sonda Neapol təmsilçisi zədə səbəbindən keçiddən imtina etdi və Dieqo Maradona transfer edildi...
 


Hoddlun komandanın lideri olduğu andan etibarən "Tottenhem”in səviyyəsi xeyli yüksəlmişdi. Aşağı diviziona düşməyin ona xeyli təcrübə qazandığını bildirən Hoddl ingilis futbol yazarlarının əksəriyyəti tərəfindən "ada futbolunun ən saf istedadı" kimi göstərilirdi. Buna baxmayaraq, Qlennin ölkədə oynanılan futbol xoşuna gəlmirdi: "Oynadığım dövr mərkəzdəki yaradıcı oyunçuların inkişafı üçün çətin dövr hesab olunurdu. Bütün komandalar 4-4-2 düzülüşünə üstünlük verirdi və palçıqlı meydançalarda müdafiəçilər heç bir cəza almadan sənə bir neçə dəfə zərbə endirə bilərdilər. O vaxt İngiltərədə yaradıcı futbolçu olmaq axına qarşı üzmək kimi bir şey idi”.
 


AÇ-1980 və DÇ-1982 turnirlərinə çağrılsa da, baş məşqçi Ron Qrinvud komandanı onun yox, Brayan Robsonun üzərində qurdu. Hoddl isə Qrinvudu belə xatırlayır: "İlk dəfə onu görəndə məndən formamı şortumun içinə salmağımı istədi".

Qrinvudun yerinə gələn Brayan Robson isə daha müasir düşüncəli biri idi və "zərif qəhrəmanımız”a tez-tez şans verdi - amma "10 nömrə” kimi yox. Əsas mövqeyində oynadılmaması onun haqqında hazırlanan "Touch of Genius” sənədli filmində, Ceff Şrivzin timsalında da öz əksini tapmışdı:

- 7 yaşım var idi və məhəllədə cinah futbolçusu kimi oynayırdım.
- 7 yaşın olanda belə, düzgün mövqedə oynadılmamısan.

Ardiles Hoddlun milli komanda ilə 100 matç limitini aşa bilməməsi və komandanın onun üzərində qurulmamasını anlaya bilmirdi. Əfsanəvi ingilis isə bunun ancaq Brayan Klafın yığmanın məşqçisi olacağı halda reallaşacağını düşünürdü. Avro-1988-dən sonra Hoddl yığma karyerasını başa vurdu. 50 dəfə milli formanı tərlətmişdi. Ardiles kimi, Mişel Platini də Hoddl haqda eyni fikirdə idi: "Hoddl fransız olsaydı, ən azı 150 matçda milli komandanın formasını geyinərdi”.
 


Problemin həll yolunu tapan elə fransızlardan biri olacaqdı. "Tottenhem”in sərgilədiyi futboldan zövq alan, gənc Arsen Venger ağlasığmaz ötürmələrin müəllifinin ancaq bir futbolçu olduğunu diqqətindən qaçırmamışdı. "Monako”da çalışan Vengerin transfer siyahısındakı futbolçulardan biri də Hoddl idi. Yekunda Arsen 1987-ci ildə London klubundan ayrılaraq PSJ ilə anlaşan ingilis futbolçunun fikrini ilk görüşdəcə dəyişə bildi. Hoddl fransız mütəxəssisin məşqlərinə heyran idi: "Məşqləri sayəsində 28 yaşım olsa da, özümü 21 yaşlı biri kimi hiss edirəm”. Arsen Venger "Monako”da Hoddlu başqa ingilis futbolçu Mark Heytlinin arxasında, "10 nömrə” mövqeyində oynadırdı. Heytli həmin gün belə xatırlayır: "Zidanla oynamaq kimi bir şey idi”. İlk mövsümdə "knyazlar”ın heyətində ölkə çempionu olan ingilis futbolçu Fransada "ilin futbolçusu" seçildi.

Venger: "Qlenn birlikdə işlədiyim ən bacarıqlı futbolçu idi. Top qəbulu möhtəşəm, hər iki ayağından istifadə edə bilməsi isə əsrarəngiz idi. İngiltərədə niyə diqqət görmədiyini anlaya bilmirəm. Bəlkə də, zamanlama baxımından dövrünü qabaqlayırdı, yanlış dönəmin ulduzu idi. Ona məşqçiliyi məsləhət gördüm. Meydanı görmək bacarığı və təhlil qabiliyyəti yüksək idi”.
 


Hoddl Vengerə elə bir fikrinin olmadığını bildirsə də, Fransadan ayrıldıqdan sonra "Suindon”un məşqçi-oyunçu təklifini qəbul etdi və 1993-cü ildə pley-offda "Lester”ə qalib gələrək Premyer Liqaya vəsiqə qazanması İngiltərədə böyük rezonansa səbəb oldu. Ardınca "Çelsi”nin yolunu tutdu və böhran içində olan "zadəganlar”ı FA Kubokunun finalına qədər apardı. Həmin dövrdə komandanın sol cinah müdafiəçisi olan Skott Minto açıqlamalarından birində "Çelsi”dəki dəyişikliklərin əsasını Abramoviçin yox, Hoddlun qoyduğunu demişdi. Dan Petresku, Ruud Qullit və Mark Hyuz kimi ulduz futbolçuları "Stemford Bric”ə gətirən Hoddl komandanı uzun fasilədən sonra Avropa arenasına qaytarmışdı. Amma hər şeyin qaydasında getdiyi bir periodda Terri Veneyblsdan boşalan İngiltərə millisinin baş məşqçi postuna namizəd göstərilən Qlen Hoddl 40 yaşında təklifi qəbul edərək yığmanın yolunu tutdu.

DÇ-1998-in təsnifat mərhələsində Romada İtaliyaya qalib gələrək qrup lideri kimi mundiala yollanan İngiltərənin yekunda Argentinaya məğlub olması, eləcə də Pol Qaskoynu heyətə salmaması və oyunçularla münasibətlərinin qaydasında olmaması səbəbindən tənqidlərə məruz qalmağına baxmayaraq, Hoddl bir müddət postunda qala bildi - 1999-cu il, 30 yanvar tarixinə qədər.
 


"Qüsurlu insanlar öz günahlarının cəzasını çəkirlər” - Hoddlun "Times” nəşrində yer alan bu fikri onun sonunu gətirdi. Milli komanda dövründə çox tənqidlərə məruz qalsa da, onun haqqını verənlər də az deyildi. Rio Ferdinand, Alan Şirer və Pol Skoulz işlədikləri ən yaxşı məşqçi kimi məhz Hoddlun adını çəkdilər. Bir müddət sonra "Tottenhem” və "Vulverhempton”u çalışdıran ingilis futbol əfsanəsi 2006-cı ildə məşqçilik karyerasına son qoydu.

Qlenn hazırda televiziyada şərhçiliklə məşğul olmaqla yanaşı, öz futbol məktəbində məşqçilik edir. Oynadığı futbolla lazımi dəyəri görməyən Hoddla görə qazanılan kuboklar qədər önəmli başqa məsələlər də var: "Bobbi Çarlton və Corc Best insanlara ilham verən futbolçular idi. Məndən də ilhamlanıb futbolçu olmaq istəyən və oynadığım komandaları dəstəkləyən insanlar olub. Bunlar da mənim üçün kuboklar qədər vacibdi”.

Lukas Mouranın ötən mövsüm son saniyələrdə "Ayaks"ın qapısından keçirdiyi qolu çılğın şəkildə qeyd edən və həmin anları "Twitter"də izləyiciləri ilə bölüşən də Hoddldan başqası deyildi. Biri sırf onu izləmək üçün Kardiffdən "Tottenhem”in oyunlarını izləməyə gəldiyini yazırdısa, "Liverpul” azarkeşi olan digər izləyici "Səni bu cür görmək məni çox xoşbəxt etdi, amma ümid edirəm ki, finalda sevinə bilməyəcəksən" deyə qeyd etmişdi. KPR azarkeşlərindən biri isə həmin görüntülərə belə reaksiya vermişdi: "1982-ci ildə bizi məhv edən penaltini vursan da, bu gün sənə görə çox sevindim”.


Sadəcə azarkeşlərin deyil, Kroyfun belə, ondan təsirlənməsi Hoddlun adi bir oyunçu olmadığının sübutu idi. Bu gün 62 yaşını qeyd edən "Tottenhem” əfsanəsinə ən gözəl hədiyyəni isə sevimli komandası "Ənfild” səfərində verə bilər.



OXŞAR XƏBƏRLƏR