Tsxadadze:

Tsxadadze: "Avrokuboklarda yığdığımız xallar hesabına "İnter" ilk 3 mərhələni keçə bilər"

"İnter"in sabiq çalışdırıcısı, hazırda Gürcüstan millisinin baş məşqçisi işləyən Kaxaber Tsxadadzenin Sport7.az saytına müsahibəsi

- Avroliqanın ilkin təsnifat mərhələsinin ilk oyununda "Dinamo" "Qəbələ"dən 2:1 üstün oldu. Bu görüş barədə nə deyə bilərsiniz?
- "Dinamo" gənclərdən ibarət komandadır. Onların çoxu 19-22 yaşlarındadır və milli komandaya potensial namizədlərdir. Bununla belə, komandanın psixoloji hazırlığından xeyli razı qaldım. 10 oyunçu ilə qalmalarına rəğmən, "Qəbələ" kimi təcrübəli futbolçulardan ibarət kollektivi 2 dəfə məyus etməyi bacardılar. 2:1 hesablı qələbə azlıqda qalan komanda üçün çox yaxşı nəticədir. Şadam ki, Georgi Papunaşvili, Laşa Totadze, Mate Tsintsadze kimi milliyə namizəd futbolçular əla təsir bağışladılar. 

- "Qəbələ" sizi heyrətləndirmədi? 
- Bilirsiniz, mən belə demək istəməzdim. Çünki indi futbolu fərqli mövqedən izləyirəm. "Qəbələ"nin öz baş məşqçisi var. Özləri təhlil aparacaqlar. Mənim üçün ən vacib məsələ o idi ki, yığma üzvləri özlərini yaxşı tərəfdən göstərdilər və təcrübəli, keyfiyyətli futbolçularla matçda qələbəyə nail oldular. Buna həqiqətən də təəccübləndim.

- Söylədiniz ki, "Dinamo"da Gürcüstan millisinə namizəd futbolçular var. "Qəbələ" ilə cavab oyununa da gələcəksiniz?
- Bəli. Qəbələdə olacaq və "Dinamo"ya azarkeşlik edəcəyəm.

- "İnter"in Albaniyada "Laçi" ilə 1:1 hesablı heç-heçəyə imza atmasından xəbəriniz oldu?
- Bəli. Hətta "İnter"in qalib gələcəyini gözləyirdim. Çünki Avroliqanın ilk mərhələsində çox zəif rəqiblər düşür. Bu, "İnter"in son 5 ildə gördüyü işlərin əvəzidir. Avrokuboklarda yığdığımız xallar hesabına bu komanda ilk 3 mərhələni keçə bilər. Üzüldüyüm məqam isə odur ki, belə bir komandanı dağıtdılar. Halbuki həmin kollektiv 100 faiz qrup mərhələsində oynamağa layiq idi. İndiki halda isə "İnter"in minimum ilk 2 mərhələni keçməyə borclu olduğunu düşünürəm. Çünki rəqiblər zəifdirlər. 

- Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"la oyuna nə siz, nə də əsas heyət üzvləri yollandı. Buna görə qınaqlarla üzləşdiniz...
- Elə deyil. Bunların hamısı əvvəlcədən klub rəhbərliyi ilə danışılmışdı. Bütün futbolçular sonuncu oyunu "Qarabağ"a qarşı yüksək səviyyədə keçirərək, ölkə çempionunu məğlub etdilər. Onlar "İnter"in güclü komanda olduğunu göstərdilər. "Sumqayıt"la son tur matçına getməyəcəyimiz isə bir ay öncədən razılaşdırılmışdı. Bütün futbolçuların evə dönüş biletləri də alınmışdı. Bilmirəm, kimsə nəyə görə belə yazıb?   

- Sizi tənqid edənlər şikayətlənirlər ki, son turda meydana çıxmamaqla, komandaya mənəvi zərbə vurdunuz...
- Biz klub adına 6 ildə çox şey qazandırmışıq. Ona görə də məndən şikayətlənmək heç də xoş deyil. Mən 6 il ərzində komandaya bütün medalları qazandırmışam. Son oyuna gəldikdə, bir daha təkrarlayıram. Bu, futbolçuların xahişi idi ki, onları daha tez buraxsınlar. Aralarında son 3 ayda bir qəpik də almayanlar var idi. Halbuki onlar son 8 oyundan 7 qələbə, 1 heç-heçə ilə ayrılmışdılar. Mən "Sumqayıt"la oyunu saymıram.

- "İnter"in sizə də borcu qalıb?
- Bu mənimlə klub arasındakı məsələdir. Özüm həll edəcəyəm, danışmaq istəmirəm.

Səbuhi TOFİQOĞLU

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR