"Turan Tovuz" gələn il Premyer Liqada çıxış edəcək" - MÜSAHİBƏ

"Turan Tovuz"un futbolçusu Sənan Qocayevin Sport7.az saytına müsahibəsi

- Azər Bağırovun "Qəbələ"yə gedişi komandanın çıxışına necə təsir göstərəcək?
- Azər müəllimin gedişi hamımız üçün gözlənilməz oldu. Əlbəttə, təsiri olacaq. Komandanı Azər müəllim yığmışdı. Yerli futbolçularla gəlmələrin vəhdətindən əla kollektiv formalaşdırmışdı. Nəticə də göz önündədir. İlk 5 oyunda maksimum xal yığmışıq və turnir cədvəlinə liderlik edirik. Azər müəllimin getməsinə baxmayaraq, məqsədimiz dəyişməz qalır. Komanda qarşısına hədəf kimi çempionluğu qoyub və məqsədimizə çatmaq üçün çalışacağıq. Hər halda, bu, futboldur. İstər məşqçi olsun, istər futbolçu, istənilən an komandasını dəyişə bilər. Azər müəllim həm yaxşı məşqçi, həm də yaxşı insandır. Ona gələcək işlərində uğurlar arzulayırıq.

- Amma 5 qələbədən sonra "Turan Tovuz" gözlənilmədən "Keşlə-2"ə məğlub oldu.
- Çempionat ərzində bütün oyunlarda qalib gəlmək real deyil. Haradasa büdrəməlisən. 5 oyunluq qələbə seriyasını davam etdirməyi düşünürdük. Təəssüf ki, "Keşlə-2" ilə oyunda məğlub olduq. Deməzdim ki, zəif çıxış etdik. Hələ 1-ci hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Əvəzində qapımızda qol gördük. Həmin gün bəxt bizim tərəfdə deyildi. 
 


- Məğlubiyyət bir yana, meydandan qovulanlardan biri də sən oldun.
- Komanda məğlub olanda nə yolla olur-olsun yenilgidən qurtulmaq istəyirsən. Oyun epizodlarının birində qırmızı aldım və komandamı çətin durumda qoydum. Təəssüf ki, qarşıdakı 2 oyunda komandama kömək edə bilməyəcəm. Bəhanə gətirmirəm, mənə elə gəlir ki, hakim də oyunu istənilən səviyyədə idarə etmədi və bu da nəticəyə təsir göstərdi. 

- Ötən mövsüm zəif çıxış edən komanda bu il çempionluğa oynayır. "Turan Tovuz"un birinciliyi çempion kimi başa vurmasına nə mane ola bilər?
- Azər müəllimin gəlişindən sonra komandada həqiqətən canlanma yarandı. Sabiq baş məşqçimiz yerli və gəlmə futbolçulardan ibarət mehriban kollektiv qurmağı bacardı. Bəzi komandalar var ki, yerlilər gəlmələrə qısqanclıqla yanaşır. Amma Tovuzda belə deyil. Təbii ki, bunun da səbəbkarı baş məşqçi və klub rəhbərliyidir. Həqiqətən bu gün "Turan Tovuz" çempionatın ən güclü komandalarından biridir və çempionluğa bir nömrəli namizəddir. Çempionluğumuza kiminsə, nəyinsə mane ola biləcəyini düşünmürəm. Mane ola biləcək yeganə amil arxayınçılıq ola bilər. O da özümüzdən asılıdır. 
 


- Çempion olacağı təqdirdə "Turan Tovuz"un Premyer Liqaya buraxılmasına inanırsan? Nəzərə alaq ki, son bir neçə birincilikdə çempion komanda müxtəlif bəhanələrlə elitaya buraxılmır.
- Tovuzda futbol adına görülən işlərdən hamının məlumatı var. Yeni akademiya inşa olunur, canlanma var. Üstəlik, komanda liderdir. Dəqiq fikir yürüdə bilmərəm. Amma hamı kimi mən də ordan-burdan eşidirəm ki, "Turan Tovuz" növbəti mövsüm Premyer Liqada çıxış edəcək. Tovuz futboluna, azarkeşlərə əla hədiyyə olar!

- Azər Bağırov komandaya gəlişindən sonra səni əsasən yarımmüdafiəçi kimi oynatdı. Amma Sənanı daha çox müdafiəçi kimi tanıyırıq. 
- Əsgər Abdullayevin vaxtında çempion olanda yarımmüdafiənin cinahında çıxış etmişəm. Ora mənim üçün yad yer deyil. Daha sonra mərkəz müdafiəçisi mövqeyində oynadım. Amma Azər müəllim məni yenidən cinah yarımmüdafiəçisi kimi sınamağı lazım bildi. Fikrimcə, oyunum pis alınmadı. Əsas da "Kəpəz"lə derbi oynunda həm qol vurdum, həm də məhsuldar ötürmə etdim. Düzü, mənə o qədər də fərq etmir. Hər iki mövqedə oynamağa hazıram. Yetər ki, məşqçi mənə inansın və şans versin.

- Artıq, Azər Bağırovu əvəzləyəcək məşqçi məlumdur. 
- Biz də bu barədə ilk olaraq dünən mətbuatdan xəbər tutduq. İlham Yadullayevlə tanışlığım yoxdur. Haqqında yalnız millinin sabiq futbolçusu olduğunu bilirəm. Bir də son iş yerinin "Keşlə" olduğundan xəbərdaram. Yeni məşqçimizin "Turan Tovuz"la uğur qazanacağına inanıram.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR