"Türkiyədən futbol" verilişinin aparıcısı: "Türkiyə mətbuatı da çox yaxşı işlər gördüyümüzü gündəmə gətirir"

"CBC Sport" kanalında Elçin Cəfərov və Pərviz Musayevin təqdimatında yayımlanan "Türkiyədən futbol" verilişi qısa müddət ərzində həm ölkəmizdə, həm də Türkiyə mətbuatında xeyli populyarlıq qazanıb. 

Xüsusilə də Elçin Cəfərovun türk futboluna olan marağı və qardaş ölkənin futbol adamları ilə əlaqələri gözdən yayınmır. 

Bu məqam bizim də diqqətimizi cəlb etdiyi üçün tanınmış idman jurnalisti ilə əlaqə saxladıq. "Azərbaycan" qəzetinin əməkdaşı Elçin Cəfərov Sport7.az saytına türk futboluna olan marağının tarixçəsindən bəhs etdi. 
 


- Futbolsuz qaldığımız karantin günləri neçə keçir? 
- Futbolsuz karantin günləri çox çətin keçir. Ümumiyyətlə, bugünkü dövrdə dünyanı ağuşuna alan koronavirus pandemiyası ucbatından nəinki idman sahəsi, bütün sferalarda durğunluq var. Təbii ki, əsas olan sağlamlıqdı. Sağlamlıq olduqdan sonra, inşallah, həyat öz axarı ilə davam edər. 

Bütün çempionatları izləsəm də, Türkiyə Super Liqasını yaxından izləyən biri kimi həftəsonları daha çox o oyunlara köklənirdim. Çünki həm verilişin formatı Türkiyə çempionatı ilə bağlıdı, həm də uzun illərdi bu çempionata maraq göstərdiyim üçün həftəsonlarım Super Liqa matçlarını izləyərək keçərdi. Son həftələrdə oyunlar olmadığına görə şənbə-bazar günləri mənim üçün qəribə keçir. Heç alışıq olmadığımız bir durumdu. Ancaq yenə də deyirəm, əsas sağlıq olsun. Sağlamlıq olduqdan sonra hər şey öz həllini tapar. Hər kəs kimi mən də evdə oluram, lazım olduğu təqdirdə vacib işlərlə əlaqədar olaraq evdən çıxıram. Hər bir kəsi də sağlamlıqları naminə evdə qalmağa səsləyirəm. 
 
- Elçin bəy, türk futbola olan bu böyük sevginizin tarixçəsindən bizə bəhs edərsiniz?
- Türkiyə futboluna 1997-1998-ci illər mövsümü dövründən maraq göstərməyə başlamışam. Ona kimi isə, uşaqlıq illərimdə yığma səviyyəsində İtaliya millisinin oyunlarını böyük maraqla izləyərdim. 

Qeyd etdiyim kimi, 1997-1998-ci illər mövsümü idi. Qonşumuzda çanaqlı antena vardı. Onun vasitəsi ilə türk kanallarından birində təsadüfən "Qalatasaray" - "Fənərbağça" derbisini izlədik. Oyun 2:2 hesabı ilə başa çatmışdı. "Qalatasaray"da Hakan Şükür, Hakan Ünsal, Arif Erdem, Okan Burukun daha çox önplana çıxdığı illər idi. Yeni-yeni ulduzların parıldamağa başladığı dövrlər idi. "Fənərbağça"dan isə Mustafa Doğanın oyununu çox yaxşı xatırlayıram. Və son dəqiqədə vurduğu qolla oyunda hesabın 2:2 olmasında rol oynayan Elvir Boliç vardı. Elə həmin vaxtdan məndə türk futboluna maraq yarandı. 
 


Növbəti illərdə hər oyunu izləmək imkanım olmasa da, derbiləri qaçırmazdım. Türk kanallarında yayımlanan idman verilişlərini böyük maraqla izləyirdim. "Show" TV-də yayımlanan, daha sonra Digiturkdə "Lig" TV-yə keçən "Maraton" verilişi vardı. O verilişi izləyə-izləyə məndə böyük maraq yarandı. 

Sözsüz ki, Türkiyə futbolu ilə bağlı ən böyük hadisə 2000-ci ildə "Qalatasaray"ın UEFA kubokunu qazandığı il oldu. Düşünürəm ki, məhz həmin uğurdan sonra Azərbaycanda türk futboluna maraq birə beş artdı və daha çox "Qalatasaray"a simpatya bəslənilməyə başlandı. Növbəti illərdə də getdikcə ciddi maraq yarandı və ölkəmizdə də türk futbolu izlənildi. 

- Bəs türk həmkarlarımızla belə dost əlaqələriniz necə yarandı?
- Türk idman jurnalistləri ilə münasibətlərimiz çox yaxşıdı. Yəqin ki, 2010-cu ildə Bakıda keçirilən Azərbaycan - Türkiyə (1:0) milliləri arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəki matçı xatırlayırsınız?! Bu matçı izləmək üçün ölkəmizə məşhur "NTV Spor" kanalının əməkdaşı Özgür Buzbaş da təşrif buyurmuşdu. Onunla birgə oyundan bir gün əvvəl "NTV Spor"da Fuad Akdağ ilə Mehmet Demirkolun aparıcısı olduqları "Spor servisi" verilişinə canlı bağlantı ilə qoşulduq. Yarım saat ərzində Azərbaycandakı vəziyyəti, azakeşlərin gözləntilərindən danışıb geniş müzakirə apardıq. Həmin o verilişdən sonra mənim əlaqələrim daha da genişləndi. Bu günə kimi də əlaqələrimiz davam edir, bir-birimizə maraqlı olan mövzularda zəngləşib danışırıq. 
 


- Hazırda Pərviz Musayevlə aparıcısı olduğunuz "Türkiyədən futbol" verilişinin bu qədər populyarlaşmasında qonşu ölkənin futbol camiəsindəki əlaqələriniz böyük rol oynayır.
- Ötən il Azərbaycan teleməkanında ilk dəfə "İdman" TV kanalında "Ay-ulduzlu liqa" verilişi efirə getdi. Həmkarımız Tural Məmmədli zəng edərək mənimlə belə bir veriliş ərsəyə gətirmək istədiyini dedi, mən də razılıq verdim. Veriliş yayıma çıxdıqdan heç 1 ili tamam olmamış çox yüksək nəticələr əldə edib, çox geniş auditoriyanın rəğbətini qazandı. Eyni zamanda Türkiyədən də böyük maraq göstərildi. Ondan sonra müəyyən səbəblərə görə qarşılıqla razılıq əsasında kanaldan ayrıldım. 
 


Ondan sonra "CBC Sport" kanalında "Türkiyədən futbol" adlı yeni layihəyə başladıq. Kanalın baş direktoru Volkan Üstə, dəyərli həmkarımız Şəmsəddin Abbasova buradan təşəkkürümü bildirirəm. Artıq 3 aya yaxındı ki, həmkarım Pərviz Musayevlə verilişimiz efirə çıxır. Onu da xüsusilə qeyd edim ki, veriliş qısa zamanda xeyli populyarlıq qazanıb. Proqramın formatında dəyişikliklər var, artıq klub rəhbərləri, baş məşqçiləri belə bizim verilişlə canlı bağlantıda olur. 
 
Türk futboluda baş verən ən aktual, ən vacib məsələləri "Türkiyədən futbol" verilişində operativ şəkildə müzakirə olunur. Məsələn, səhəri gün baş verəcək hadisə ilə bağlı olaraq biz axşam efirdə məsələnin mərkəzindən olan şəxsi birbaşa efirə bağlayırıq. Bu, "Türkiyədən futbol" verilişinin, "CBC Sport" kanalının böyük bir uğurudur. Türkiyə mətbuatı da çox yaxşı işlər gördüyümüzü gündəmə gətirir. Fəaliyyətimizi belə davam etdiririk və tamaşaçılara bildirmək istəyirəm ki, bundan sonra da "Türkiyədən futbol" verilişini izləməyə davam etsinlər. Çünki çox maraqlı layihələrimiz, qonaqlarımız olacaq. 

Röya Kərimli
Sport7.az
 
 
 













OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR