"US Open"in qalibi "Rolan Qarros"da çıxış etməyəcək

Gələn həftənin əvvəli tennis həvəskarları daha bir "Böyük dəbilqə” seriyalı turnirin həyəcanını yaşayacaqlar.
 
Sport7.az xəbər verir ki, Parisdə keçiriləcək "Rolan Qarros” turnirində planetin ən güclü tennisçiləri yarışacaqlar. Buna baxmayaraq, Fransa açıq tennis turnirində yarışmaqdan imtina edənlər də var. Amma "US Open”də çıxış etməyənlərdən bəzilərini bu turnirdə görmək mümkün olacaq.

ABŞ açıq tennis turnirinin qalibi Naomi Osaka "Rolan Qarros”da çıxış etməyəcək. Bu barədə yaponiyalı tennisçinin özü sosial şəbəkə hesabında məlumat verib: "Son 3 həftədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən belə bir dəstək olmadan uğur qazana bilməzdim. Təəssüf ki, "Rolan Qarros” turnirində iştirak edə bilməyəcəyəm. Dizaltı vətərlərimlə bağlı problem yaşandığına görə belə bir addım atmaq qərarına gəldim. "US Open”lə "Rolan Qarros” turnirləri arasında fasilə az olduğuna görə seçim etməyə məcbur oldum. Parisdəki turnirin təşkilatçıları və iştirakçılarına uğurlar arzulayıram”.

Osakadan fərqli Rafael Nadal "US Open”də iştirak etməyib. Amma yaponiyalı tennisçinin iştirak etməyəcəyi turnirdə ispaniyalı raketka ustasını görmək mümkün olacaq. Sentyabrın 21-də start götürəcək turnirdən əvvəl tennisçi şanslarından danışıb: "Rolan Qarros”da rəqabətədavamlı tennisçi olmaq üçün daha yaxşı çıxış etməliyəm. Uğur qazanmağa gedən yol məşqlərdə səylə çalışmaqdan keçir. Parisdə mümkün qədər çox oyun keçirməliyəm. Romadakı turnirdəki çıxışım nikbinliyə əsas verir. Əslində Romadakı "Masters” seriyalı yarışa heç vaxt hazırlıq turniri kimi baxmamışam. Mən turnirdə həmişə motivasiyalı çıxış etmişəm”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR