"Uşaq vaxtı mən onun qəhrəmanı idim, indi isə o, mənim qəhrəmanımdı" - Meqan Rapino və ona futbolu sevdirən qardaşı haqda

"Son olaraq bunu demək istəyərdim: doğum günün mübarək, Brayan, səni sevirəm" - dünya çempionatının finalından sonra kameralar qarşısına keçən Meqan qadın və kişi futbolu arasındakı gəlir fərqinə diqqət çəkdikdən sonra bu sözləri işlətmişdi.

Nəhayət, paylaşmağı çox istədiyim yazılardan birinə növbə çatdı. Əslində, yaya planlaşdırmışdım. Həmişəki mən, ilkin versiyasını qaralayıb bir kənara atmışdım. Ötən həftə FIFA mövsümün ən yaxşılarını açıqladı, qaliblərin sırasında o da var idi. Beləcə, yadıma düşdü. Kloppdan danışdıq, Messinin hekayəsi artıq "çeynənib", Van Deykin həyatını aylar əvvəl yazmışdım, bəlkə, bir də paylaşdım... Amma yayın/son ayların, bir az da genişləndirsək, mövsümün əsas qəhrəmanlarından biri - Meqan Rapino unuduldu. Qadınlar arasında ilin ən yaxşı futbolçusu seçildi, dünya çempionu oldu, mundialın "Qızıl top"unu və "Qızıl buts"unu qazandı... Trampla məlum polemikası, Kolin Kapernik və digərlərinin sırasına qoşulub, ABŞ himni səslənəndə diz çökməsi... - Meqan həm də meydandan kənarda etdikləri və dedikləri ilə gündəm oldu. Əsasən qadın-kişi bərabərliyindən danışır və irqçilik mövzusuna diqqət çəkirdi. Marağıma səbəb olacaq detallar çox idi və nəticədə mundialdan sonra Meqanın keçmişini bir az "qazmaq" qərarına gəlmişdim. Araşdırdıqca qarşıma tez-tez Brayan ismi çıxırdı. Meqana futbolu sevdirən, eyni zamanda, irqçilik başda olmaqla, bəzi mövzuları onun həyatının mərkəzinə yerləşdirən birindən söhbət gedir. Brayanın kimliyindən yola çıxacağıq. Əvvəldən deyim: "səyahət" çox çəkəcək :)

Fransanın ev sahibliyi etdiyi DÇ-2019-un startından bir neçə gün əvvəl Brayan bacısı Meqana zarafatyana şəkildə mesaj göndərir: "Meqan, bütün səyahət xərclərimi qarşılayıb, məni də Fransaya apara bilərdin. İncimişəm səndən". Meqanın cavabı gecikmir: "Hə, təəssüf ki, Fransada bir ay boyunca nazınla oynaya bilməyəcəm".

İyunun 11-də Tailandla matçdan əvvəl Brayan istisna, Rapino ailəsinin digər üzvləri Reymsdəki "Oqyust Delon" stadionunun tribunalarında yerlərini tutmuşdular. Ayağında elektron qandal olan Brayan isə San Dieqoda kişi məhkumların cəmiyyətə yenidən adaptasiyası üçün nəzərdə tutulmuş proqramın iştirakçılarından biri idi. Reabilitasiya məqsədli proqram sayəsində məhbuslar cəzalarının son ayları ərzində dərslərdə iştirak edir və ya həbsxanadan kənarda müxtəlif işlərdə çalışırlar. Brayan oradakı digər məhkumlarla birlikdə oyunu izləyirdi. Əynində ABŞ-ın qırmızı forması, divanda oturmuşdu. Brayan bacısının iştirak edəcəyi sayca üçüncü dünya çempionatını həbsxanadan kənarda izləyəcəyinə dair söz vermişdi və sözünə də əməl etmişdi. Ona görə özünü əla hiss edirdi.

ABŞ hər dəfə fərqlənəndə otaqdakılar ürəkdən sevinirdilər. Onlara görə, ABŞ-ın Tailandın qapısından keçirdiyi 13 qol və müxtəlif qol sevincləri alçaldıcı məqsəd daşımırdı. Hətta onlardan biri dillənir: "Futbol belə də olmalıdı". Brayan da onun dediyini təsdiqləyir: "Geriyə addım atmaq olmaz. Bu, dörd ildən bir keçirilən turnirdi".

Meqanın da geri çəkilmək niyyəti yox idi. Tailandın qapısına vurulan 9-cu qolun müəllifi məhz o idi. Sonra məşhur qol sevinci gəldi. Kamera Meqanı yaxından çəkəndə reabilitasiya mərkəzindəkilərdən biri qışqırdı: "Ola bilməz, bu, Brayandı".

---
 
Onları sifətdən ayırd etmək çətindi. Üz ifadələri fərqlənmir, hər ikisi zarafatcıldı və Meqan kimi, Brayan da zümzümə etməyi sevir. Amma onlar arasında fərqlər də az deyil. 15 yaşı olanda Brayan məktəbdə metamfetaminlə tutularaq həbs cəzası alıb. Meqan isə 15 yaşı olanda U-17 yığmasından dəvət alıb və futbol sayəsində dünyanı gəzməyə başlayıb. Gənc məhbus və qruplaşma üzvü olan Brayan ağdərililərin üstünlüyünə olan inamını nümayiş etdirmək üçün bədəninə svastika döyməsi vurdurub. Meqan isə irqlərin qeyri-bərabərliyinə etiraz əlaməti olaraq "diz çökən" ilk məşhur və ağdərili idmançıdı. Həyatda fərqli istiqamətləri seçsələr də, məktublar, telefon zəngləri və ya mesajlar vasitəsilə heç vaxt əlaqələrini kəsməyiblər.
 


Brayan: "Ona çox böyük hörmətim var. Məsələ təkcə futbol deyil. İnandığı şeylərin arxasınca getdiyi və dünyadakı ədalətsizliklərə qarşı səsini çıxara bildiyi üçün ona hörmətim böyükdü. Uşaq vaxtı mən onun qəhrəmanı idim, indi isə, şübhəsiz ki, o, mənim qəhrəmanımdı".

Erkən yaşlarda Meqan və əkiz bacısı - Reyçel qardaşları Brayana pərəstiş edirmişlər. O, Cim Kerri və Stiv Arkeli parodiya edər, müxtəlif rəqs şouları göstərər və tez-tez gülməli hekayələr danışarmış. Ailədə əlavə 3 uşaq olsa da, əkiz bacıları Brayandan daha çox güldürən başqa biri yox imiş. Eyni zamanda, Brayan bildiyi hər şeyi onlara öyrədərmiş. Futbol da bura daxildi. Ayağın içərisi ilə, ayağın çölü ilə, sağ-sol... - həyətdə fişkalar düzər və 4 yaşlı bacılarına driblinq etməyi öyrədərmiş.

İbtidai sinifdə oxuyanda belə, Meqan qardaşı kimi, kobud, nəzakətsiz, ağlına gələn hər şeyi deyən biri imiş. Bir dəfə Meqanın ikinci sinif müəllimi anası Denisə ondan şikayət edib: "Meqan oyun meydançasından gəlirdi. Sinifə daxil oldu, sonra əllərini böyürlərinə qoydu və dedi: "Brayan Rapino mənim qardaşımdı və mən də onun kimiyəm".

Meqan qardaşına "sitayiş" edirmiş. Brayan sol cinahda oynayırmış deyə, o da sola üstünlük verirmiş. Brayan 7 nömrəli formanı geyinir? Ok, Meqan da 7-ni seçib. Hətta saçını da qardaşı kimi kəsdirirmiş.
 


Brayan 12 yaşı olanda marixuanadan istifadə etməyə başlayır. O zaman 7 yaşı olan Meqan şok içində imiş: görəsən, qəhrəmanı niyə marixuanadan istifadə edirdi? Qardaşına mane olmaq istəsə də, nə edəcəyini bilməyəcək qədər azyaşlı idi. Üç il sonra valideynləri Meqan və Reyçelə acı xəbəri verirlər: məktəbdə metanfetaminlə tutulan Brayan yeniyetmə məhkumlar üçün nəzərdə tutulmuş təcridxanaya yerləşdirilmişdi. Xəbəri eşidəndə əkiz bacılar göz yaşlarını saxlaya bilmirlər.

Brayan: "Etdiyim şeyi qəbul edə bilmirdilər. Ona görə də bacılarım mənə qarşı qəzəbli idilər. Hələ də məni sevirdilər, hələ də mənim arxamda idilər, amma etdiyim şeyi təqdir edə bilmirdilər".

18 yaşı olanda Brayan daha da ağır narkotik vasitələrdən - spesifik olaraq geroindən - istirafə edirdi və artıq vəziyyətin qarşısını almaq mümkünsüz idi. Maşın oğurluğu, həbsdən qaçmaq, narkotikin təsirində ola-ola avtomobili idarə edib, adam vurmaq və b. cinayətlərin altında onun adı var idi. Yeniyetmələr üçün olan təcridxana günləri bitmiş, həbsxanaya göndərilmişdi. Oradakı bir neçə ay ərzində artıq ağdərililərdən ibarət qruplaşmanın üzvü olmuş və bədəninin müxtəlif yerlərinə svastika döymələri vurdurmuşdu.

Tatuirovkalar ailəni daha da viran edirdi. Brayanın anası Denis: "Qərəz, irqçilik... - biz onu belə yetişdirməmişdik. O, belə uşaq deyildi. Brayan mehriban, sevgi dolu biri idi".

Brayana görə, svastika döymələrinin həmin dönəm qərəz və irqçiliklə bağlılığı yox imiş. O, məsələni geroin və sağ qalmaqla əlaqələndirir. Sadəcə, həbsxana kültürünə ayaq uydurmalı idi. Kaliforniyada həbsxanalar dəri rəngi, dini inanc və b. detallara görə bölünür. Brayan da ağdərililərin olduğu həbsxanada saxlanılırmış: "Ora düşəndə uşaq idim. Hörmət sahibi, fikirlərini yeridən və sözünü keçirən yaşlılarla bir arada olursan. Müəyyən müddət sonra özünü qorumağı öyrənməlisən".

Meqan: "Döymələrin qorxunc olduğunu düşünürdüm. Hələ də eyni fikirdəyəm. Digər tərəfdən, onun hərəkətini anlamağa da çalışırdım. Başa düşürəm, ilk dəfə ora düşəndə sağ qalmaq məqsədilə özün üçün müəyyən kimlik formalaşdırmalısan".

Bəs sitayiş etdiyi qardaş modeli? Meqan artıq onu itirdiyini düşünürmüş.

Brayan getdikcə daha da çox qruplaşma həyatına qurşanıb. Narkotik satışı, öldürücü silah gəzdirmək, digər ağdərili məhbuslara hücum etmək kimi hallar bir-birini əvəzləyirmiş. O, 16 illik həbs həyatının 8 ilini "izolyator"da keçirib. "İzolyator"larda isə seçim olmur. Müxtəlif təbəqədən olan insanları orada görə bilərsiniz. Onlara, adətən, ümumi dəhlizə buraxılmaq üçün bir saat izin verilir. Məhz orada Brayanın "özünü qoru" təfəkkürü yavaş-yavaş dağılmağa başlayıb.

Brayan: "Orada eyni məhəllədən olmayan, fərqli bölgələrdən, fərqli rənglərdən insanlarla qarşılaşırsınız. Buna rəğmən, bir çox ortaq cəhətinizin olduğunu görürsünüz. Çox keçmir ki, danışmağa başlayırsınız. Hücrəyə qayıdandan sonra isə sadəcə sən varsan, digər hücrədə isə başqa biri..."

Brayan sözlərinə davam edir: "Şübhəsiz ki, çətindi. Amma qurtuluş üçün bir yol tapırsan. Kitablar var, yaza bilərsən, bəziləri çəkməyə üstünlük verir. Və belə-belə, zamanla başqa insanlarla əlaqə yaradırsan".

Ən çox satılan kitablardan olan "Monster: Autobiography of an LA Gang Member"-in müəllifi Sanyika Şakurun yan hücrəyə köçürülməsi və aralarında dostluq münasibətlərinin formalaşması Brayanın həyatını dəyişib. Onlar iki il bir arada olublar. Brayan yazdığı mahnıların sözlərini Şakura, o isə məqalələrinin və esselərinin ilkin versiyalarını oxuması üçün Brayana verərmiş. Zamanla Rapino mütaliəçiyə çevirilib.

Brayan: "Şakur mənə həm irqçi olmağın, həm də irqçi olmamağın necə bir şey olduğunu öyrətdi".

2010-cu il / Artıq 30 yaşlı Brayan hansısa qrupun digərləri üzərindəki hökmranlığının göstəricisi olan işarələrin mənasız olduğunu düşünürdü. Ovucundakı svastikanı hörümçək toru ilə, faşist ildırım işarəsini isə kəllə ilə əvəzləmişdi. Bədənində irqçi işarələri görmək istəmirdi. Brayan onların onun əsas kimliyini əks etdirdiyinə inanmırdı. Amma hələ də geroindən istifadə edirdi. Və geroin satdığına görə yenidən həbs olunacaqdı...

2011-ci ilin iyunu / Brayanın həbsxanadakı dostları ilə bölüşmək üçün yeni mövzusu varıdı. Balaca bacısı ilk dəfə dünya çempionatında çıxış edəcəkdi. O, hamını oyunlara baxmağa məcbur edirdi.

15 düymlük televizor hücrənin olduğu dəhlizin təxminən 50 m. uzaqlığında idi. Brayan 60 kitabı üst-üstə qoyub və onları mələfə ilə bir-birinə bağlayıb. İzin saatları istisna, kitabların üzərində oturaraq qapısındakı balaca pəncərədən televizoru izləyirmiş. Başqa yolu yox imiş.

Meqan Kolumbiya ilə oyunda komandasının ikinci qoluna imza atır. Sonra künc bayrağına doğru qaçır, kameramanın mikrofonunu götürür və Bryus Sprinqstinin "Born in the USA" mahnısını oxumağa başlayır... Real hadisələrdi. Həmin an hücrələrində matçı izləyənlər özlərindən çıxmışdılar, çünki dəhlizin müğənnisi Brayan idi və künc bayrağı ətrafındakı təmtəraqlı serenada onlar üçün heç də yad deyildi.
 


30 hücrə aşağıda, 30 hücrə yuxarıda - bir neçə gün sonra, Braziliya ilə oynanılacaq 1/4 final matçında artıq hamı gözünü televizora zilləmişdi. Meqan əvəzetmədən meydana daxil olur, əlavə vaxtın son saniyələrində cərimə meydançasına doğru uzun ötürmə göndərir və Ebbi Vombak hesabı bərabərləşdirərək görüşü penaltilər seriyasına daşıyır. 11 m.-lik zərbələrdə dəqiq olan ABŞ yarımfinala yüksəlir. Brayan: "O an özümüzdən çıxmışdıq. Qışqırırdıq, hücrənin qapılarını sındırırdıq".

Həmin gecə Brayan telefon vasitəsilə anası ilə danışıb. Meqan oyundan sonra tribunalara tərəf qaçıb və 20 min sima arasında anasını axtarıb. Denis isə işarət barmaqlarını ağzına apararaq fit çalıb - eynən illər əvvəl səsini uşaqlarına çatdırmaq məqsədilə etdiyi kimi. Meqanın eşitməsi üçün iki-üç dəfə təkrarlayıb. Denis bunları danışanda Brayan daha da qəhərlənib. O, həmin anı gözlərinin önünə gətirib: "Orada olmamaq mənim üçün çox ağır idi".
 


---
 
Növbəti 4 il geridə qalıb. Brayan yenə "izolyator"da saxlanılır. Meqan isə ikinci dünya çempionatı üçün Kanadadadı. Bu səfər ABŞ millisi daha da irəli gedir və dünya çempionluğunu bayram edir. 1999-cu ildən bəri ilk dəfə idi ki, amerikalılar mundialın qalibi olurdu.

Brayan: "Ən çətin anlardan biri idi. Meqanın adına çox xoşbəxt idim, amma eyni zamanda, özümə görə çox məyus idim. Ailəmi dəlicəsinə sevirəm. Onlar hamısı orada idi. Sanki mən onların bir parçası deyildim. Meqan həbsxanada mənə çox dəstək verib, amma əvəzində, mən isə oyun bitəndə, səs-küyün yerini səssizlik alanda hücrəmdə oturmuşdum. Orada onu qucaqlaya bilmirdim. O möhtəşəm anların şahidi olmaq şansım yox idi. Həmin anların bir parçası ola bilməzdim. Onların həyatında daha bir önəmli hadisə baş vermişdi və mən yenə qaçırmışdım. Həyatımı məhv edirdim".

Brayanın 35 yaşı var idi və o, həyatının yarıdan çoxunu məhkum kimi keçirmişdi.

Bir dəfə boynunun arxasına geroin vurarkən iynə sınıb. "Gör, nə hallara düşmüsən..." - yanında olan hücrə yoldaşlarından birinin bu sözləri ona çox təsir edib. Özünü sorğu-sual etməyə başlayıb. Geroin üçün etdiklərini düşünüb, Meqanı xatırlayıb, onun həyatı boyunca etdikləri ilə öz etdiklərini müqayisə edib. Sonda dəyişikliyə hazır olduğuna dair qərar qəbul edib və Kaliforniyada yeni yaradılmış özünüinkişaf və reabilitasiya dərslərinə qoşulub. 24 il narkotik istifadəsi və satışı ilə məşğul olduqdan sonra bu işi də bir kənara atıb. Artıq 18 aydı ki, "təmiz"di.
 


Brayan: "Narkotiklə məşğul olsam, yenidən həbsxanaya qayıdacam. Uzun müddət idi ki, özümü buna inandıra bilmirdim. Artıq inanıram və həbsxanaya geri dönmək niyyətində deyiləm".

Brayan kollecə gedir. Məhkumların cəmiyyətə yenidən adaptasiya ilə bağlı proqram çərçivəsində cəzasının son ilini tamamlamaq üçün dərslərə başlayıb. Tamamilə fərqli təcrübələrə sahib, 18 yaşlılarla eyni sinif otağını paylaşmağın onu bir az narahat etdiyini deyir. Döymələr, xüsusilə də boynunda, doğulduğu bölgəyə xitabən, qotik üslubda böyük hərflərlə yazılan "SHASTA" yazısı da artıq onun ürəyincə deyil: "Tatuirovkalara nifrət edirəm".

Eyni zamanda, döymələrin gələcəkdə işinə yardımçı olacağını da düşünür. O, qaydaları pozan yeniyetmələrin tədrisi ilə bağlı proqramın parçası olmaq, onun kimi erkən yaşlardan etibarən təhlükə ilə üz-üzə qalanlara yol göstərmək istəyir: "Bu tatuirovkalar onların diqqətini çəkəcək. Sanki döymələrin dili var və deyirlər: "Ey, sizcə, mən nə danışdığımı bilmirəm?" Mən fərq yaratmaq və Meqan kimi olmaq istəyirəm".
 


İrqçilik, polis vəhşiliyi, Meqanın himn zamanı diz çökməsi... - yaxın aylarda bacı-qardaş bu tipli mövzuları geniş müzakirə ediblər. Fərqli yollardan getsələr də, sonda eyni nəticəyə gəldikləri bəlli olub.

Meqan: "Qardaşım xüsusi biridi. Onun edəcəyi hələ çox şey var. Dünyadan köçəndə geriyə sadəcə həbsxana illəri qalsaydı, böyük ayıb olardı. Brayanın həbsxanadan kənarda, sağlam olduğunu görmək, onun üçün futbol oynamaq, artıq fərqli perspektivə malik olduğunu anlamaq... - bundan yaxşı nə ola bilər ki?"

Meqan Fransada olarkən, demək olar ki, hər gün qardaşı ilə mesajlaşırmış. Brayan oyunlarla bağlı düşüncələrini və həyəcanı onunla bölüşür, bacısını ruhlandırırmış. Onlardan birinin məzmunu belə idi:

- Sən, dərslər, reabilitasiya proqramı... - həyatımın, bəlkə də, ən həyəcanlı dönəmidi...
- Həmişə kimin sayəsində futbola marağımın yarandığını soruşurlar. Təbii ki, sənin sayəndə, axmaq...
- Yaxşı ki, düz-əməlli idman seçmişəm. Təsəvvür elə, qol güləşi filanla məşğulam, onda nə edəcəkdin?
- Lordum, sayənizdə ucalmışam.
- Yatmaq vaxtındı. Səni sevirəm.
- Mən də səni sevirəm.

Qeyd: "Under the Lights and In the Dark: Untold Stories of Women’s Soccer" kitabının müəllifi Qvendolin Oksenhemin müşahidələrindən istifadə olunub.
 
 

OXŞAR XƏBƏRLƏR