"Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik" - Federasiya rəsmisi

"Dekabrda azarkeşlərin iştirakı olmadan güləş üzrə Azərbaycan çempionatı planlaşdırılır".

Sport7.az xəbər verir ki, bunu federasiyanın prezident əvəzi Namiq Əliyev bildirib. O, sərbəst güləş yığmasının yeni baş məşqçisi Namiq Abdullayevin vitse-prezident kimi fəaliyyətini davam etdirməsinin çətin olacağını bildirib: "Pandemiya ilə bağlı yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin və böyüklərin dünya çempionatı keçirilə bilər. Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakıyla bir yarış keçiriləcək. Bildiyiniz kimi, Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu o qədər də çox vaxt deyil. Olimpiya Oyunlarına ən yüksək səviyyədə hazırlaşmalıyıq. Sərbəst güləş üzrə yığma komandaya baş məşqçi vəzifəsinə Namiq Abdullayevi təyin etdik. Onun məşq metodu və işə məsuliyyətlə yanaşması xoşumuza gəlir. İnanırıq ki, etimadı doğruldacaq. Biz, həmçinin, çimərlik güləşinin də inkişafını qarşıya məqsəd qoymuşuq. Bildiyiniz kimi, güləşin bu növü yeniyetmələrin Olimpiadasının proqramına salınıb. Ona görə də çimərlik güləşinə maraq artmaqdadır. Biz güləşin bu növü üzrə məşq keçmək üçün bazamızda şərait də yaratmışıq. Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik. Bütün komandaların baş məşqçiləri bir-biriləri ilə məsləhətləşsin, bir-birilərinə kömək etsinlər. Həm Namiq Abdullayevi, həm də Oyan Nəzərianini təyinatları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram". 
 
Əliyev Abdullayevdən ən yüksək nəticələrin tələb olunacağını bildirib: "Bundan sonra komanda hesabında yer tutanlara medal verəcəklər. Bu, əvvəlki olimpiadada olsaydı, daha bir medal alacaqdıq. Kifayət qədər idmançımız, gənclərimiz var ki, ən yüksək nəticələr əldə etməyə qadirdirlər".

Əliyevin sözlərinə görə, Dağıstanda olan Azərbaycan güləşçilərinin ölkəyə gətirilməsi böyük problemdir: "İlk növbədə ona görə ki, Rusiyadan bura gəlməyə əvvəlcə icazə verilməlidir. Quru yol bağlıdır, təyyarə ilə gəlməyə isə növbə var. Digər tərəfdən, sərbəst güləşçilərimiz daim Dağıstanda hazırlıq keçiblər. Dekabrda Azərbaycan çempionatının keçirə bilsək, mütləq onların iştirakını təmin edəcəyik".

O, Azərbaycan çempionatının keçirilməsi məsələsini Gənclər və İdman Nazirliyi ilə müzakirə edəcəklərini söyləyib: "Tokio olimpiadası hər bir halda olacaq. Oyunlara isə vaxt az qalıb. Ona görə də hansısa formada hazırlığı davam etdirmək lazımdır".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR