Pep Quardiola hər gün işə başlamamışdan əvvəl bu sözləri oxuyur

Pep Quardiola hər gün işə başlamamışdan əvvəl bu sözləri oxuyur

Pep Quardiola Marselo Bielsanın bu sözlərini iş otağının bir tərəfinə qeyd edib və deyilənə görə, hər gün işə başlamamışdan əvvəl mütləq bir dəfə göz gəzdirir:

"Özümü inkişaf etdirdiyim anları gözdən keçirsəniz, onların uğursuzluqlarımla yaxından əlaqəsi olduğunu görərsiniz. İnkişafdan qalmağıma səbəb olan şeylər isə birbaşa qazandığım uğurlarla əlaqədardı.

Uğur qazananda insan olaraq başqa cildə bürünürük. Rahatlaşırıq, sanki özümüzü aldadırıq. Daha pis fərdlərə çevrilməyimizə baxmayaraq, özümüzə aşiq oluruq.

Uğursuzluq isə tamamilə fərqlidi. O, bizi formalaşdırır, daha güclü biri olmağımıza səbəb olur. Etiqadımıza yaxınlaşır, daha anlayışlı birinə çevrilirik.
 


Həvəskar futboldan zövq alanda, işinə aşiq biri kimi yetkinliyə çatanda xoşbəxt idim. Küncdən zərbəyə, dar zonalara, meydanın kənarındakı uzun cizgiyə, bir sözlə futbola - oyunun özünə olan sevgim dərindi. Qalan bütün məfhumları sevmirəm. Bunu bir az daha yaxşı formada izah etmək üçün deyim ki, qələbədən sonrakı sevinc hissinin sadəcə 5 dəqiqə davam etdiyini yaxşı bilirəm, ardınca isə onun yerini böyük bir boşluq və izahı mümkünsüz görünən yalnızlıq alır.

Heç vaxt uğursuzluğun heysiyyətinizə zərər vurmasına izin verməyin. Əksinə, qalib gələndə aldığınız heyranlıq dolu mesajlar çaşdırıcı ola bilər. Onlar özünüzə aşiq olmağınız üçün stimul verir. Uduzanda isə tamamilə tərsi baş verir. Ən vacib şey ixtiyarınızda olan resurslara rəğmən, ləyaqətli biri olmağı bacarmaqdı”.


OXŞAR XƏBƏRLƏR