Vaqif Sadıqov:

Vaqif Sadıqov: "Qəbələ"dən yığmaya heç kimin çağırılmaması təəccüblüdü"

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Yurçeviçin açıqladığı heyətlə bağlı fikirlərini bildirib.

Vaqif bəy Sport7.az-a açıqlamasında birmənalı qarşılanmayan və ayrıseçkilik olduğu düşünülən addımla bağlı bunları söyləyib: "Nə deyə bilərəm? Yurçeviç belə bir vəziyyətdə istər-istəməz lokal və qlobal addım atmalı idi. Çünki Xorvatiya ilə oyundan sonra Bakıda Litva ilə yoldaşlıq və yayda Macarıstanla Avro-2020 çərçivəsində oyunlarımız olacaq. Məncə bu sırf strateji addımdan irəli gələrək hesablanıb. Hardasa 14-15 futbolçu Xorvatiya ilə oyuna hazırlaşacaq. Digərləri Litva ilə görüşdə yoxlanılacaq. Bundan sonra mənzərə yaranacaq. Hansı futbolçular hazırdısa, AVRO-2020-də Macarıstan və Slovakiya ilə oyunlarda meydana çıxacaqlar. Mən belə fikirləşirəm. Heyətdə yeni adlar və simaların şahidi olmuşuq. İnanmıram ki, onlardan kimsə Xorvatiya ilə oyunda, əsas heyətdə yer alacaq. Mütləq yoldaşlıq matçında şans veriləcək. Yalnız bundan sonra Yurçeviçdə hansı futbolçuların nəyə qadir olduğu haqda fikir formalaşacaq. Daha sonra hazır olanlar bizi yayda gözləyən Slovakiya və Macarıstanla oyunlarda meydana çıxacaq".

Sadıqov daha sonra sözlərinə bunları da əlavə etdi: "Özümü baş məşqçinin yerində hiss edib deyirəm ki, iyunda bizi iki ağır oyun gözləyir Bakıda. Bütün fikirlərimizi, ümidlərimizi bu oyunlara hesablamışıq. İstər-istəməz Yurçeviçin görmək istədiyi heyəti gözümün qarşısına gətirirəm. Ona görə də deyirəm ki, bu heyət strateji xarakter daşıyır. Gələcək üçün hesablanıb. Bilirik ki, Xorvatiya ilə oyunda milli təcrübəsi olan futbolçulara şans veriləcək. Litva ilə yoldaşlıq görüşündə son mənzərə Yurçeviçin gözünün qarşısına gələcək və bu da yayda baş tutacaq oyunlar üçün heyəti müəyyənləşdirməyə təkan verəcək. Siyahını izləyəndə onu düşünmək olar ki, bu heyət gələcək üçün hesablanıb".

Maraqlıdı Vaqif bəy "Qəbələ"nin heç bir futbolçusunun yığmada yer almaması ilə bağlı nə düşünür?: "Hesab etmirəm ki, ayrıseçkilikdi. Amma digər tərəfdən mənim üçün "Qəbələ"dən heç bir futbolçunun çağırılmaması təəccüblüdü. Çünki orda da təcrübəli futbolçular var. Fikrimcə, Yurçeviçin baxışına uyğun deyil. Halbuki, gələcək strateji addım üçün ordakı futbolçuların da heyətdə yer alması məqsədəuyğun idi. O futbolçuların adların çəkmək istəmirəm. Bu suala isə lap dəqiqliklə Yurçeviç cavab verə bilər. Çünki siyahını o müəyyənləşdirir. Düşünürəm ki, "Qəbələ"nin heyətində bəzi futbolçular var ki, yığmada rəqabət aparmağa layiq idilər. Baş məşqçinin işinə müdaxilə etmək istəmirəm. Subyektiv fikrimdi ki, "Qəbələ"nin bəzi futbolçuları Xorvatiya ilə oyunda əsas heyətdə oynamaq üçün bu siyahıda yer ala bilərdilər".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR