Vaqif Sadıqov veteranlara səsləndi:

Vaqif Sadıqov veteranlara səsləndi: "Parçalanmaqdansa, birləşmək vacibdi"

Bildiyiniz kimi, tanınmış futbol veteranı Nazim Süleymanovun rəhbərliyi ilə Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı yaradılıb, intensiv görüşlər keçirilir.

Bəs görəsən AFFA-nın Veteranlar İttifaqı bu qurumun fəaliyyətini izləyirmi, necə qiymətləndirir? Ümumiyyətlə, Nazim Süleymanovla bu yaxınlarda görüşüb müzakirə aparılıbmı?

Bu sualları AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqova ünvanladıq. O, Sport7.az-a açıqlamasında "Fəaliyyəti görürük, izləyirik. Ən vacibi odur ki, hər biri Azərbaycan futbolunun inkişafı üçün öz tövhələrini versin. Tədbirlərdə görüşürük, bir-birimizi görürük. Hansısa müzakirə olmayıb. Ancaq görürük, danışırıq. Nazim müəllim bizimlə üz-üzə futbol oynamış şəxsiyyətlərdəndi. Ancaq yenə deyirəm ki, ən vacibi odur ki, iş xoş niyyətlə aparılsın. Hansısa bir qurum bütün yükü öz üzərinə götürməsin", deyə bildirib. 

Vaqif müəllim onu da qeyd edib ki, bu qurumların ayrı-ayrılıqda fəaliyyət göstərməkdənsə, birləşib bir yerdə işləyərək ölkə futboluna daha çox xeyir verə bilər.

"Bu gün futbol veteranlarının ittifaqı da var, klubların veteran klubları da fəalliyyət göstərir, Nazim Süleymanovun da ittifaqı var, Kazbek Tuayevin rəhbərlik etdiyi qurum var və onların hər birinin bir yerdə fəaliyyəti xeyir verə bilər. Mənim subyektiv fikrim odur ki, qurumların ayrı-ayrılıqda fəaliyyəti bəlkə də o qədər keyfiyyətli olmaz. Əsas odur ki, yaradılan qurumlar ümumi Azərbaycan futbolunun parçalanmasına gətirib çıxartmasın, ancaq və ancaq xeyrinə fəaliyyət göstərsin. Parçalanmaqdansa, birləşmək vacibdi. Bu gün Azərbacanda futbol veteranlarına rəhbərlik edən bir ittifaq varsa, onun nəzdində olan hər bir qurumun fəaliyyətini müsbət qarşılamaq lazımdı. Bir yerdə fəaliyyət göstərmək çox vacibdi". 

Bəs onlara bir yerdə işləmək təklif olunubmu? "Məncə, Oqtay Abdullayev tərəfindən belə bir təklif olub. Onlar tez-tez Nazim Süleymanov ilə görüşürlər. Ola bilər ki, hansısa məlumatım dəqiq deyil. Amma mən bildiyim qədəri ilə görüşləri olur, bir yerdə müzakirələr aparırlar. Hesab edirəm ki, qurumların ayrı-ayrılıqda nəyəsə nail olması çox çətin olacaq. Biz də istərdik ki, futbola öz güclərini, vaxtlarını sərf edən veteranlar yaşlı dövlərində özlərini təmin edə bilsinlər. Hər birimiz istəyirik ki, onlar fəaliyyət göstərsinlər və futbola öz tövhələrini versinlər. Yenə deyirəm, mənim subyektiv fikrim odur ki, bir yerdə iş görmək lazımdı. Çox yaxşı haldır ki, veteranlarımız çoxdu və bir məqsədə qulluq etməyə çalışırlar. Niyyətləri xoş olan hər bir qurum Azərbaycan futboluna xeyir verə bilər". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR