"Yurçeviç gözəl futboldan praqmatik oyuna keçib" - Vaqif Sadıqov

Əsas, U-21 və U-19 millimiz son matçlarda da azərbaycanlı azarkeşləri yaxşı mənada təəccübləndirə bilmədi. Təbii, buna səbəb artıq öyrəşdiyimiz məğlubiyyətlərdi. Göstərilən dəstəyə baxmayaraq, heç bir millimiz bunun qarşılığını verə bilmir. Artıq bu tsikli də yığmalarımız üçün fiasko saya bilərik. Bəs bunun səbəbləri nədi? Niyə çıxış yolu tapılmır? Qısası belə davamiyyətlə hara gedirlər? Əlbəttə, suallar çoxdu. Elə cavablar da demək olar məlumdu. Ancaq bunun da bir çıxış olmalıdı axı. Yığmaların son oyunları ilə əlaqədar Azərbaycanın tanınmış mütəxəssislərindən olan, hazırda AFFA-nın Məşqçilər Komitəsinin sədri vəzifəsində fəaliyyət göstərən Vaqif Sadıqovun fikirlərini öyrəndik.

Mütəxəssis Sport7.az-a müsahibəsində bunları söylədi.

- Yığmalarımız son oyunlarda çox uğursuz çıxışla yadda qaldılar. Bu barədə nə düşünürsüz?

- U-19-da başlayaq. Samir Əliyev gənc, istedadlı, yerli məşqçilərdən biridi. Hər bir məşqçi uğurlu nəticə əldə etmək istəyər. Biz də ona ümidli idik. İlk oyunu izlədik. Komanda məğlubiyyətə layiq olmayan oyun göstərdi. Bəlkə də heç-heçə olmalı idi. San Marino ilə oyunda gözlədiyimiz qələbə idi, onu da əldə etdilər. Çexiya ilə görüşdən əvvəl çox güc sərf olunmuşdu. Psixoloji durum o qədər də yüksək səviyyədə deyildi. Ona görə də böyükhesablı məğlubiyyətlə barışmalı olduq. Hesab edirəm ki, Samir Əliyev mübariz komanda yaratmışdı. Bəlkə də nəticələr istənilən kimi deyil. Amma əsas odu ki, komanda oyun baxımından bizi məyus etmədi. Bu da gələcəyə nikbin baxmağa imkan verir. Davam etmək və inanmaq lazımdı ki, gələcəkdə Samir Əliyevlə komandası uğurlara imza atacaq.

- U-19-un durumuna görə Samir Əliyev demək olar, tənqid edilmir. Çünki futbol ictimaiyyətinin istədiyi kimi, yerli məşqçidi, gənc kadrdı, gözləntilər və inam böyükdü. Ancaq U-21 və əsas yığmanın baş məşqçiləri "topun ucundadı". Çünki əcnəbidilər, nəticə vermək üçün gətirilib, üstəlik, ilinə 300-400 min pul alır. Belə nəticələr olacaqdısa, bu qədər pul verib, əcnəbi məşqçi gətirməyə ehtiyac vardımı?

- Pulun miqdarını heç kim bilmir. Müqavilə sirri olaraq qalsın. Bunu açıqlamağa ehtiyac yoxdu. Səmimi deyirəm, heç mənim də xəbərim yoxdu ki, nə qədər maaş alırlar. Pulla ölçmürəm. Sadəcə, istədik ki, millilərimiz eyni planda çalışsınlar, aşağıdan futbolçu yetişib əsas yığmaya gəlsin və nəticə əldə etsinlər. Ona görə də qərara gəldik ki, əsas və U-21 millimizdə əcnəbi məşqçi çalışsın. Bilirsiz, qınamaq çox çətindi. O qədər böyük uğurlara da imza atmamaışıq. Kənardan baxıb kiminsə haqqını da yemək, günahlandırmaq istəməzdim. Deyə bilərəm ki, Obradoviç, Yurçeviç də əllərindən gələni edirlər, işləyirlər. 6-7 ay keçib, birdən-birə böyük uğur görmək istəyiriksə, bu mümkün deyil. U-21-də komandaya tamamilə yeni fəlsəfə ilə yanaşan bir baş məşqçi var. İsveçrə kimi, qrup lideri, 100 faizlik xal əldə edən bir komandaya məğlub olsaq da, stadionu tərk etmək istəmirdik. Komanda başdan sona qədər mübarizə apardı, qol imkanları yaratdı. Oyuna nəzarət bizim tərəfimizdə idi. Meydançada rəqibə təzyiq edən komanda gördük. Son dəqiqələrdə vurulan qolu da hakim saymadı. Tablonu kənara qoyaq. Dünənki oyun imkan verdi ki, gələcəyə nikbin baxaq. A milliyə U-21-dən futbolçular dəvət alıblarsa bu da gördüyümüz işin bəhrəsidi. 

- İsveçrəyə qarşı normal oyun göstərdilər, amma ondan əvvəlki məğlubiyyətlər də vardı...

- Deməli, məşqçi bu məğlubiyyətlərdən nəticə çıxarıb. Nəyisə dəyişməyə çalışıblar. Biz bunu İsveçrə ilə oyunda gördük. Gəlin etiraf edək, səmimi olaq. Məşqçini bir kənara qoyaq, bu gün öz uşaqlarımıza baxıb, oyunlarına qiymət veririk. Düzdü, rəqiblər həddindən artıq güclüdü. Amma elə vaxt yetişib ki, onlar artıq kağız üzərində favorit sayılmalıdı. Bu gün dövlət tərəfindən komandamıza göstərilən qayğı, yaradılan şərait, imkan verir ki, belə rəqiblərə qarşı futbolçulardan mübariz oyun gözləyək. Bu psixologiyadan qurtulmasaq, gələcəkdə nəticə əldə edə bilmərik. Düşünürəm ki, yığmanın psixoloji cəhətdən problemi böyükdü. Təfəkkürümüzü dəyişməliyik. 25 il bundan öncə belə rəqiblərə qarşı meydana çıxırdıq və özümüzü məğlub hiss edirdik. Həmin ərəfədən indiyə qədər xeyli işlər görülüb. İşlər indi elə vəziyyətə gətirilməlidi ki, uşaqlar çıxdıqları yaşıl meydanda, yumru topla futbol oynaya bildiklərini sübut etsinlər. 

- Obradoviçin U-21-də gördüyü işi, bizim yerli və PRO kateqoriyalı məşqçilərin heç biri həyata keçirə bilməz?

- Gəlin müqayisə etməyək. Bundan əvvəl gördüklərimizi müqayisə etmək olar. Amma sonra kimsə gəlib nəsə edəcəksə, bu başqa mövzudu. İndidən sonra Obradoviçin gördüyü işlərdən danışmalıyıq. Sonda tabloya baxıb, xallara əsasən fikirlərimizi deyə bilərik. Hazırda gördüyüm odu ki, U-21 istənilən tərəqqiyə nail olub. Baxmayaraq ki, bundan əvvəl böyükhesablı məğlubiyyətə uğramışıq. 25 il əvvəl qapımızın qarşısına yığılıb Fransaya böyük hesabla məğlub olurduqsa, indi mübarizə aparıb uduzuruq. Səviyyə baxımından üstün olduğunu Fransa sübut etdi. Bu gün U-21-dən Fransanı məğlub etməsini istəyiriksə, o deməkdi ki, gələcəkdə dünya çempionu olmalıyıq. Onlar bu gün, yeni-yeni qrizmanlar, sissokolar yetişdirirlər. Qrizman, Sissoko, Jiru dünya və Avropa çempionlarıdı. Demək istəyirəm ki, məşqçi postundakı əcnəbidi ya yox, buna baxmıram. Mən oyuna baxıram. Azarkeşləri, təşkilatçılığı da qeyd etmək istəyirəm, hamısı yüksək səviyyədə idi. Sumqayıt futbol şəhəri olduğunu sübut etdi. Yerli komandanın, yığmanın oyunları zamanı orada anşlaq olur. Stadionu doldurmuşdular, hətta yer çatmırdı. Futbolla yaşıyan bir şəhərimiz var.

- Qeyd etdiz ki, Obradoviçin komandasına ümid edək, düzələcək. Bəs əsas yığma ilə bağlı nəyə ümid edək? Düzəlmir axı.

- Əsas yığmanın qarşıda iki oyunu var. Futbol ictimaiyyəti də başa düşür ki, il sona çatır, yığmanın oyunu təhlil olunacaq və qiymət veriləcək. Yurçeviç 7-8 aydı çalışır. Macarıstana Bakıda 1:3 hesablı məğlubiyyətlə barışmalı olduq. Ancaq həmin oyunda, statistikaya fikir versəz, görərsiz ki, topa nəzarət bizdə idi, zərbələr də vardı. Ancaq əks-hücumlarda və standart vəziyyətlərdə rəqib istədiyini əldə etdi bizi məğlub duruma saldılar. Yurçeviç də Macarıstan və Slovakiya ilə oyunlardan nəticə çıxararaq, baxımlı, gözəl futboldan sırf praqmatik oyuna keçdi, belədə xorvatlarla bərabər səviyyəli qarşılaşma 1:1 nəticələndi. Statistikaya fikir versək, 3 qoldan az buraxmadığımızı görərik. Amma Macarıstanla oyunda sona qədər mübarizə aparan yığma və heyətdə özlərini doğruldan gənc simaları gördük. Onlarla yanaşı təcrübəli futbolçuların olması, göstərdi ki, bizdə yeni komanda formalaşır. 

- Yurçeviç nəyi dəyişə bilib ki?

- Hücum futbolu anlayışı mənə bir qədər qəribə gəlir. Çünki hər komanda meydana qələbə üçün çıxır. Bunun üçün rəqibə qol vurmaq lazımdı. Qələbəni hücumla qazanmaq mümkündü. Hücumda, o cümlədən rəqib həmlələri zamanı, müdafiiədə çoxluq yaratmalısan. Yurçeviç əvvəllər hücuma daha çox fikir verirdi, müdafiəni unudurdu. Hal-hazırda müdafiəyə çox fikir verir, ancaq hücumda problemlər var. Bunun sintezini yaratmaq üçün istər-istəməz vaxt lazımdı. Əslində, "Nə zaman hücum futbolu oynayacağıq?" deyə sual olmuşdu və Yurçeviç çox gözəl cavab verdi ki, "Nə zaman futbolçularımız 8 komandalı deyil, qat-qat üstün çempionatda çıxış edəcəklər, onda". Yığmada problemlər, lakin bunun subyektiv və obyektiv səbəbləri var. Əvvəllər demişəm, indi də xahiş edirəm, istər Yurçeviç, istər Obradoviç və ya yerli məşqçilər olsun, yığma bizimdi. Açığı son vaxtlar çox fikirləşirəm ki, "Nə çatmır? Nə etməliyik ki, gücümüzə güc qataq? Avropa səviyyəli, müasir standartlara cavab verən yığmanı necə yaradaq? Nəyi dəyişməliyik?"...

- Necə etmək olar? Hansı qənaətə gəlmisiz?

-  Bu suala cavab vermək rahat olsaydı, verərdim. Hamımız fikirləşirik, axtarışdayıq. İnanın, cüzi nə isə çatmır, çox cüzi. Onu tapmaqla, dəyişməklə, güc qatmaqla bizi sevindirən bir yığma yarada bilərik. İlk dəfə 5 komandalı qrupda mübarizə aparırıq. Bəlkə də yeganə qrupdu ki, son tura qədər kimin final mərhələsinə vəsiqə qazanması bəlli olmayacaq. Bizdən əvvəlki 4 komandanın hər birinin şansı çox böyükdü. Bunu obyektiv səbəb kimi göstərmək istərdim. Ancaq oyunçulara, məşqçiyə də bəraət qazandırmaq niyyətində deyiləm. Futbolçularımıza hər bir şərait yaradılıb, qayğı göstərilir. Pafoslu çıxışlar etməklə deyil. Bunları kiminsə xoşuna gəlmək üçün deyil, gördüyümü deyirəm. O fikirdəyəm ki, hazırda yeni yığma formalaşır, futbolçular cəlb olunur. Nəsil dəyişir. Bu dəyişiklik isə rahat keçmir. İnanıram ki, gələcəkdə istədiyimiz yığmanı görəcəyik. Qarşıdakı oyunlara yığmamız ciddi hazırlaşmalıdı. Uelsin, Slovakiyanın şansları var. Hamımız yığmamıza dəstək olmalıyıq.

- İcraiyyə Komitəsinin iclası nə vaxta planlaşdırılır? Həmin iclasda yığmamızın baş məşqçilərindən hesabat tələb olunacaqmı?

- İK-nın iclasının tarixini, gündəlikdə duran məsələləri bilmirəmsə, sizə necə cavab verim? Ancaq mən bilən, ilin sonunda hər bir məşqçinin hesabatı dinlənilir və qiymət verilir. Bu həmişə olub, olacaq da.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR