Voleybolçularımız pley-offda, su polosu Azərbaycan üçün bitdi

Voleybolçularımız pley-offda, su polosu Azərbaycan üçün bitdi

I Avropa Oyunlarının VI günündə komanda idman növlərində də növbəti görüşlər keçirilib.

Sport7.az xəbər verir ki, çimərlik voleybolu (kişi və qadınlar), voleybol (qadınlar) və su polosu idman növlərində növbəti oyunlar baş tutub.

Çimərlik voleybolu (kişilər)
Çimərlik voleybolu üzrə yarışlarda qadınlar qrupda III, yəni son tur matçına çıxdıqları halda, kişi voleybolçular yarışa start götürüblər. Azərbaycanın kişilərdən ibarət komandaları yarışa fərqli nəticələrlə başlayıblar. A qrupunda çıxış edən Bernardo Romano/Leonid Qritsay cütlüyü ilk turda Litva təmsilçilərini məğlubiyyətə uğradıb – 2:0. H qrupunda mübarizə aparan Neylton Santos/Yaroslav Rudik cütlüyü isə çexiyalılara 0:2 hesabı ilə uduzub.

Çimərlik voleybolu (qadınlar)
Qadınlar da bu gün müvafiq olaraq Litva və Çexiya təmsilçiləri ilə qarşılaşıblar. A qrupunda mübarizə aparan Vivyan Kunya/Zinaida Lyubimova cütlüyü Litva təmsilçiləri ilə qarşılaşıb. Gərgin keçən görüşün sonunda komandamız 1:2 hesablı məğlubiyyətə üzülüb. Bu nəticədən sonra millimiz qrup oyunlarını III pillədə başa vurub. H qrupunda çıxış edən Yuliya Kərimova/ Rakel Ferreyra cütlüyü də sonuncu turda məğlubiyyətlə yadda qalıb. Çexiyalılarla 1:2 hesabı ilə uduzan komandamız qrup 2-cisi olub.
 
Son turun nəticələrindən sonra 8 qrup birincisi adlarını birbaşa 1/8 final mərhələsinə yazdırıb. Qruplarda II və III yeri tutan komandalar isə pley-offda güclərini sınayacaqlar. Məhz bundan sonra növbəti mərhələyə adlayacaq digər 8 komandanın da adı müəyyənləşəcək. Azərbaycanın qadınlardan ibarət hər 2 komandası pley-offda mübarizə aparacaq.

Voleybol (qadınlar)
Qadın voleybolçular arasında III turun oyunları keçirilib. Bakı Kristal Zalında baş tutan 6 oyun ilk 1/4 finalçıların adlarına aydınlıq gətirib.
 
A qrupunda yer alan Azərbaycan yığması ardıcıl 3-cü qələbəsini qazanıb. Rumıniya (3:1) və Polşanın (3:0) ardından Bakıya zəif heyətlə gəlmiş İtaliyanı da xalsız qoyan (3:1) Aleksandr Çervyakovun yetirmələri itkisiz irəliləyir. Komandamız zirvədəki mövqeyini qorumaqla yanaşı, 1/4 finala vəsiqəni də təmin edib. 
 
B qrupunda isə Serbiya növbəti mərhələyə yüksəlib. Balkanlılar 3-cü qələbə ilə liderliyini möhkəmlədib. Bu da serbiyalıları növbəti mərhələyə daşıyıb.

Su polosu (kişilər)
Su polosu üzrə kişi və qadınlardan ibarət komandalar növbəti oyunlarına çıxıblar. Azərbaycan millisi üçün artıq yarış başa çatıb.
 
Qrupda keçirdiyi bütün oyunlarda məğlub olan, ardınca XV-XVI yerlər uğrunda Maltaya qalib gələn Azərbaycanın kişilərdən ibarət komandası XIII yer uğrunda Türkiyə millisi ilə üz-üzə gəlib. Bu görüşdə də uduzan (6:11) yığmamız yarışı XIV yerdə tamamlayıb.
 
Medal uğrunda mübarizə isə davam edir. 1/4 finalda rəqiblərinə məğlub olan Rusiya, Macarıstan, Almaniya və İtaliya titul şansını itirib. Onlara qalib gələn İspaniya, Xorvatiya, Yunanıstan və Serbiya yarımfinala adlayıblar. Bu mərhələdə İspaniya Xorvatiya ilə, Yunanıstan isə Serbiya ilə qarşılaşacaq.

Su polosu (qadınlar)
Azərbaycanın yer almadığı qadınlardan ibarət komandaların yarışında da yarımfinalçılar artıq bəllidir. Qrupdan birbaşa 1/2 finala adlayan Rusiya və Yunanıstan öz rəqiblərini gözləyirdilər. Pley-offda isə İtaliya və İspaniya müvafiq olaraq Hollandiya və Macarıstana qalib gələrək, medal şanslarını davam etdiriblər. Yarımfinalda İtaliya Rusiyaya, İspaniya isə Yunanıstana rəqib olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR